Sizin reklam burada
Sizin reklam burada
  • Daha bir növbədənkənar iclasda mühüm məsələlər müzakirə olundu

    Daha bir növbədənkənar iclasda mühüm məsələlər müzakirə olundu
    Milli Məclisin iyunun 19-da keçirilən növbəti növbədənkənar iclası 2019-cu il dövlət büdcəsinin icrası haqqında üçüncü oxunuş qanun layihəsi də daxil olmaqla, bütövlükdə 17 məsələnin müzakirəsinə həsr olunmuşdu. Millət vəkilləri hər bir məsələnin üzərində ciddi dayanaraq yetərincə fikir səsləndirdilər, münasibət bildirdilər ki, bu da onların VI çağırış Milli Məclisin fəaliyyətində verilən yüksək imkanlardan irəli gələn fəallıqlarının bariz nümunəsidir.
    Qanun layihələrinin müzakirəsindən öncə cari məsələlərdən danışılarkən vitse-spiker Adil Əliyev dedi:
    - Mən müxtəlif vaxtlarda çıxışlarım zamanı bildirmişəm ki, şəhid ailələri, qazilərimiz ölkə rəhbərinin, eləcə də birinci vitse-prezidentin daim diqqət mərkəzindədir. Onların qayğı və problemlərinin həlli üçün dövlət rəhbərimiz hər cür imkanları yaratmışdır. Əlbəttə, insan üçün ən dəyərli nemət olan canlarını üçrəngli bayrağımızın vətən torpaqlarında dalğalanması naminə qurban vermiş, şəhidlərimiz, eləcə də yaralanmış qazilərimiz bizim əzizlərimiz, qeyrətli oğullarımızdır. Lakin bizi narahat edən bir məqama da toxunmaq istəyirəm, vətənpərvərlik duyğularını itirmiş, milli-mənəvi dəyərləndən uzaqlaşmış bəzi şəxslər zaman-zaman populyarlıq qazanmaq niyyətilə kütləvi informasiya vasitələrində, xüsusilə də internet resurslarında ölkəmizin bütövluyü uğrunda canlarından keçən şəhidlərimiz barəsində xoşagəlməz ifadələr işlədirlər. Doğrudur, indiki cinayət məcəlləsinin 147-ci maddəsində təhqirə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin bu əməl üzrə cinayət təqibi yalnız xüsusi ittiham qaydasında aparılır. Burada olan hər kəs bu barədə məlumatlıdır. Belə ki, təhqir edilən şəxs özü sənədləri toplamalı, məhkəməyə təqdim etməlidir. Məhkəmə isə həmin sənədlərlə tanış olmalı, bunun cinayət əməli olub-olmamasına hüquqi qiymət verməlidir. Qeyd olunan bu proses gerçəkdən ağrılıdır. Təsəvvür edin, təhqir olunan şəhid ailəsi bu barədə sənədləri toplayıb məhkəməyə müraciət edir ki, təhqirə görə qarşı tərəfə cinayət işi başlanılsın. Bununla da o ailə ikiqat əziyyət çəkməli olur.
    Təklif
    Təklif edirəm ki, cinayət məcəlləsinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun qorunması zamanı şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə əlaqədar yeni maddə əlavə edilsin və ya cinayət məcəlləsinin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallardan biri kimi, qeyd olunan hal xüsusi norma olaraq nəzərdə tutulsun.
    Digər bir məsələ
    Koronavirusla bağlı karantin rejiminin müddətinin uzadılması zamanında xüsusilə şəhid ailələri və seçicilərimizin problemlərilə yaxından məşğul olmalı, bizə olunan müraciətlərin vaxtında icra olunması üçün aidiyyatı qurumlar qarşısında məsələlərin qaldırılmasını təklif edirəm. Əgər hər birimiz bizə olunan müraciətlərin vaxtında aidiyyatı qurumlar qarşısında məsələsini qaldırsaq, ölkəmizdə bu qədər problem yaşanmaz.

    Millət vəkili İqbal Məmmədov:
    - Fürsətdən istifadə edib buradan seçicilərimin problemlərilə əlaqədar mənə ünvanladıqları müraciətlərini səsləndirmək istəyirəm. Seçicilərimin haqlı narazılıqları barədə dəfələrlə müvafiq orqanlara rəsmi müraciətimə baxmayaraq təəssüflər olsun ki, bu günə kimi bu problemlər həllini tapmamışdır.
    Bildiyimiz kimi, deputatı olduğum Lerik rayonu ölkəmizin dağlıq relyefinə malik rayonlardan biridir. Rayonumuzun ən böyük problemlərindən biri yol problemidir. Yol hər bir rayonun inkişafı və mədəniyyətinin güzgüsüdür. Təəssüf hissi ilə qeyd etməliyəm ki, 17 yaşayış məntəqəsini birləşdirən 9 min nəfərdən yuxarı əhali yaşayan Əliabat-Kirabüd-Vamazqon avtomobil yolunun, 14 yaşayış məntəqəsini birləşdirən, 10 min nəfərdən çox əhalisi olan Piran-Küçəkəran-Veri avtomobil yolunun, 9 yaşayış məntəqəsini birləşdirən, 8 min nəfər əhalinin yaşadığı Lerik-Mastail-Lüvədirgə-Laman avtomobil yolunun tamamilə yararsız vəziyyətdə olması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayan səviyyədədir.
    Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm; iki qonşu rayon olan Lerik və Yardımlı rayonları arasında tarixən abad yol olmamışdır. Aralarında 25-30 kilometr yol olmasına baxmayaraq bir körpü və 4 kilometr bərbad yol olması ucbatından əhali 180 kilometr Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət edir.
    Digər problem isə Lerik əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminat məsələsidir. Rayonun ərazisində çəkilmiş elektrik xətləri və dirəkləri əsasən, ötən əsrin 60-cı illərinə təsadüf edir. Odur ki, o illərdə çəkilmiş elektrik xətləri və ağac dirəkləri istismar müddətini çoxdan başa vurmuş, yararsız vəziyyətə düşmüşdür. Bununla da əlaqədar etdiyim müraciətlərə baxmayaraq, aidiyyatı qurumlar tərəfindən müsbət addım atılmamışdır. Bizim əsas hədəfimiz ilk növbədə xalqın qayğı və problemlərinin həllinə nail olmaqdır. Seçicilərimizin inam və etibarını itirməmək, onların bizə olan ümidini doğrultmaq qarşımızda duran prioritet məsələdir, lakin vətəndaşlarımızı narahat edən bu tipli problemlərin zamanında həll olunmaması bizə olan etimadın zədələnməsi deməkdir. Buradan aidiyyatı təşkilatlara səslənib bu məsələləri nəzarətdə saxlamaqlarını və sadalanan problemlərin həyata keçirilməsindən ötrü növbəti illərin dövlət investisiya proqramlarına daxil edilməsini və icrasından ötrü maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm.
    “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun layihəsinə dəyişikliklə bağlı danışan millət vəkili Cavanşir Paşazadə qeyd etdi ki, bələdiyyə torpaqları qanunla 40-50 illiyə icarəyə götürülür. İcarəyə götürən insanların demək olar ki, hər bir sahədə həm pambıqçılıqda, həm meyvəçilikdə, həm otçuluqda, heyvandarlıqda, bir sözlə bütün sahələrdə yerləri olur. İnsanlar var ki, o torpaqlardan aidiyyatı üzrə istifadə edirlər və yerlərdə istifadə etdikləri torpaqlarda əsasən, yerli camaatla işləyirlər, işçi qüvvəsi ərazi üzrə işə cəlb edilir. Həmin işçilər öz yerində, torpağında sözün əsl mənasında nökər kimi işləyirlər.
    Millət vəkili təklif etdi ki, icarəyə verilən qərinə torpaqların heç olmasa qiyməti bir qədər qaldırılsın. “Əvvəla əvvəlcə icarə torpaqları yerli insanlara təklif olunsun.
    İkincisi, mütəxəssislər daha yaxşı bilirlər torpağın hər hektarına, hektar yarımına və ya iki hektarına qanuni şəkildə işçi cəlb olunsun. Məsələn, şəxs 100 hektar torpaq icarəyə götürübsə, heç olmasa 50 nəfər adam orada qanuni şəkildə 12 ay işləsin və bu belə olarsa, işçi həm gələcəkdə təqaüdə çıxanda əmək fəaliyyəti sarıdan sual altında qalmaz, həm də hər hansı hadisə baş verərkən qanuni təminata sahib çıxar, başqa sözlə, adam özünü həqiqi işçi kimi hiss edər. Bu qaydada işlə təmin olunma, ən əsası cənab Prezidentin işsizliklə bağlı verdiyi tapşırıqlara bir dəstək olardı, yerli camaat isə öz yerlərində, öz torpaqlarında isə cəlb olunar. Çünki o torpaqlarda ki, əhali yaşayırdı, çalışırdı, heyvan saxlayırdı, güzəranlarını keçirirdilər. İndi o torpaqları uzunmüddətli icarəyə götürənlər nə onları isə cəlb edir, nə də hər hansı uyğun şərait yaradırlar. Odur ki, bütün bunları nəzərə alaraq bu təkliflə bağlı müzakirə etdiyimiz qanun layihəsində dəyişiklik olunmasını xahiş edirəm”.
    Daha bir növbədənkənar iclasda mühüm məsələlər müzakirə olundu
    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ