Sizin reklam burada
Sizin reklam burada

Müsəlman şərqində ilk dünyəvi dövlət

Müsəlman şərqində ilk dünyəvi dövlət
Nəsib Məhəməliyev,
millət vəkili


28 may 1918-ci il.
Hər birimizin qürur mənbəyi, o dövr üçün öz mütərəqqi ideyalarına görə bir çox inkişaf etmiş Avropa ölkələrinə belə örnək ola bilən, müsəlman şərqində ilk dünyəvi dövlət, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür.
Bu gözəl bayram münasibətilə bütün həmvətənlərimizi, harada yaşamaqlarından asılı olmayaraq, müstəqil Azərbaycanı özlərinə vətən hesab edən dünya azərbaycanlılarını təbrik edir, hər birinizə hörmətimi ifadə edərək ölkəmizin daha da güclənməsi naminə milli həmrəylik arzu edirəm.
102 il bundan əvvəl Zaqafqaziya seymi dağıldıqdan sonra, seymin müsəlman fraksiyasının üzvləri olan vətənpərvər ziyalılarımız tərəfindən çətin şəraitdə istiqlal bəyannaməsi elan olundu. Mərkəzi Gəncə şəhəri olmaqla, 114 000 kv.km. ərazidə Azərbaycan Demokratik Respublikası dünyanın 22 ölkəsi tərəfindən tanındı. Ancaq ölkənin ürəyi hesab olunan Bakı erməni- bolşevik qüvvələrinin işğalı altında idi. Nuru Paşanın komandanlığı ilə Qafqaz islam ordusunun qüvvələrinin Gəncədən başlayan döyüş yolu, sentyabrın 15-də Bakının azad olunması və paytaxt elan olunması ilə nəticələndi. Cümhuriyyət qurucularını və bu yolda həyatlarını qurban vermiş cəmi şəhidlərimizi dərin minnətdarlıq hissi ilə yad edir, Allahdan rəhmət diləyirəm.
Ancaq tarix ondan ötəridir ki, ondan doğru nəticə çıxarasan. AXC-i cəmi 23 ay yaşadı və qısa zaman kəsiyində dövlət atributlarını bərpa etməklə, bir çox islahatların həyata keçirilməsinə nail oldular. Ancaq belə bir qısa zamanda 4 hökumət dəyişdi. Hər yeni formalaşan hökumətə isə, işə başlamamış hərtərəfli maneçiliklər törədilir və istefası tələb olunurdu. 23 ayda 4 hökumət.
Tarix təkrar olunur.
Ötən əsrin sonlarında, 1988-ci ildən başlayaraq 1993-cü ilə qədər Azərbaycanda 5 siyasi hakimiyyət dəyişdi. Təxminən ilə bir hakimiyyət. Olduqca ziddiyətli dövrlər yaşadıq. Dağlıq Qarabağ münaqişəsi, torpaqların işğalı, separatizm, dövlət çevrilişlərinə cəhdlər. Ölkədə bir balaca sosial gərginlik yarananda dövlət Başçılarının canlarını götürüb qaçmaları, vətəndaş müharibəsi və sairə. Əgər 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi və dövləti hissə- hissə bərpa etməsəydi, böyük ehtimalla müstəqil Azərbaycanın taleyi öz xələfinin taleyini yaşayacaqdı. Ötən illərin təhlilləri göstərir ki, 102 il əvvəl olduğu kimi, hələ də xaricdə və daxildə, Azərbaycanın müstəqil, güclü olmasını arzulamayan, ildə bir dəfə hakimiyyəti dəyişərək marionet halına salmaq istəyən kifayət qədər qüvvələr mövcuddur. Biz vahid xalq olaraq, hər zaman dağıdıcı qüvvələrin qarşısında olmalı, dövlətimizin, onun müstəqilliyinin möhkəmlənməsi üçün, artıq özünü dünya azərbaycanlılarının Lideri kimi təsdiq etmiş Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik.
Əziz soydaşlar!
Bir daha cümhuriyyət bayramınızı təbrik edirəm. Müstəqilliyimiz əbədi olsun. Yaşasın müstəqil Azərbaycan.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ