
Plenar iclasdan
Xəbər verildiyi kimi, Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabineti ötən ilin yekunlarına dair hesabat verdi. Baş nazir Novruz Məmmədov hesabat məruzəsi ilə geniş nitq söylədi, 2018-ci ildə görülən işlərdən, həyata keçirilən əhəmiyyətli tədbirlərdən danışdı. Hesabat məruzəsi ətrafında çıxış edən millət vəkilləri, eyni zamanda bəzi təklif və iradlarını da bildirdilər. Həmin çıxışlardan bir neçəsini olduğu kimi təqdim edirik.
Millət vəkili Tahir Mirkişili: - …Hesabatdan da göründüyü kimi, 2018-ci ildə ölkəmizin bütün sahələrində xeyli iş görülmüş, əhəmiyyətli nəticələr əldə olunmuşdur. İlk öncə dövlət başçısı kimi cənab İlham Əliyev Prezident seçkilərində xalqın böyük etimadı ilə qalib gəlmiş, ölkəmizdə iqtisadi və sosial inkişafın yeni mərhələsi başlanmışdır. 2017-ci ildə sabitliyə nail olan ölkə iqtisadiyyatı 2018-ci ildə artım mərhələsinə qədəm qoymuş və sonrakı illərdə dinamik iqtisadi artım üçün mühüm əsaslar yaratmışdır. Elə 2019-cu ilin ilk yanvar ayında qeydə alınan artım dinamikası bunu bir daha sübut etdi. Belə ki, TANAP, Ələt Ticarət limanı, “Star” zavodu, Xəzərin statusunun müəyən edilməsi kimi tarixi anlar uğurlu fəaliyyətin nəticəsində həyata keçirilmişdir. Məhz 2018-ci ildə əldə edilmiş iqtisadi uğurlar sosial sahədə dövlət qayğısının gücləndirilməsinə imkan yaratmış, dövlət başçısının təşəbbüsü ilə bu qayğı 2 milyondan çox insanı əhatə etmişdir.
Hesabatda ətraflı olaraq əldə edilən nailiyyətlər səsləndi. İstərdim ki, baş verən bir çox keyfiyyət dəyişikliklərini qeyd edim. Çünki, məhz keyfiyyət dəyişiklikləri ölkə iqtisadiyyatının dayanıqlılığını daha çox müəyyən edir. Beləliklə, hesabat dövründə qeyri-neft sənayesində yaradılan əlavə dəyərin 72 faizi emal sahəsinin payına düşmüş, əsas kapitala qoyulmuş cəmi investisiyaların 65 faizi qeyri-neft sektoruna yönəldilmiş, adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə Azərbaycan orta dünya göstəricisini 3 dəfə, Türkiyəni 4,5 dəfə, Rusiyanı 3,5 dəfə, Qazaxıstanı 2,5 dəfə qabaqlamışdır. Ölkəmizin iqtisadi nüfuz dairəsi bütün Avrasiya məkanına yayılmış, xarici ticarətlə məşğul olan hüquqi şəxslərin 23 faiz, fiziki şəxslərin sayı 80 faiz artmış, ixracda qeyri-ənənəvi bazarların həcmi artmış, sosial müdafiə sistemində şəffaflıq və qənaətcilliyin səviyyəsi artmış, vergi-ödəniş mədəniyyətində əhəmiyyətli irəliləyişə nail olunmuş, cari əməliyyatlar balansında 5,1 milyard dollarlıq prafsid dayanmış, inflyasiya 13 faizdən 2,3 faizə düşmüş, Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdən 9 faizə qədər azalmış, sahibkarlıq mühitinin əlverişliliyinə görə biz dünyada 25-ci olmuşuq, dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşuq. Kənd təsərrüfatı sahəsində ciddi avtomatlaşdırma işləri görülmüş və nəhayət təhsildə keyfiyyət göstəricilərinə görə xeyli uğurlar əldə olunmuşdur.
Proqnozlara görə 2019-cu il daha dinamik iqtisadi inkişaf ili olacaqdır. Regionda rəqabət getdikcə güclənir, ölkəmizin dünya iqtisadiyyatında rolu artdıqca iqtisadi strukturlara və çevikliyə olan tələbat da artmaqdadır. Bütün bunları nəzərə olaraq Azərbaycanın iqtisadi dayanıqlığını daha da gücləndirmək üçün düşünürəm ki, aşağıdakı məsələlərə daha çox diqqət ayırmamış faydalı olardı; Birincisi, Azərbaycanın iqtisadi rəqabət qabiliyyətliliyini artırmaq və xarici bazarlarda müqayisəli üstünlüyə nail olmaq üçün ölkəmizdə əmək məhsuldarlığının xeyli artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bizim rəqiblərimiz artıq inkişaf etmiş ölkələrdir, onda bu sahədə ciddi irəliləyişin əldə edilməsi çox vacibdir və bu məqsədlə ayrıca əmək məhsuldarlığı və əmək haqqı bağlılığını özündə ehtiva edən dövlət proqramının qəbul edilməsi düşünürəm ki, iqtisadi inkişafı daha da sürətləndirə bilər. Ölkədə yaradılmış iri fermer təsərrüfatlarında əldə olunmuş yüksək məhsuldarlıq bunu etməyin mümkün olmasını deməyə əsas verir. İkincisi, bank sektorunda aparılan islahatlar bu sektorun xeyli sağlamlaşmasına zəmin yaratmışdır. Amma bununla yanaşı, bankların iqtisadiyyata təsirinin fəlsəfəsinin dəyişilməsi kimi iqtisadi tələbat formalaşmaqdadır. Banklar sadəcə, əsasən əmanət qəbul etməklə, kredit vermə funksiyaları deyil, iqtisadiyyatda səmərəliliyin təftişçisi kimi mühüm funksiyaları yerinə yetirməyi bacarmalıdır. Eyni zamanda, iqtisadiyyata kredit qoyuluşlarının həcmini artırmaq üçün daha çox innovativ metodların tətbiqinə və investisiya fondlarının həcminin artırılmasına ehtiyac yaranmışdır. Üçüncüsü, məlum olduğu kimi, bu ilin yanvar ayında cənab Prezidentin Davosda keçirilən dünya iqtisadi foruma səfəri zamanı Azərbaycanla IV sənaye inqilabı mərkəzi arasında əməkdaşlıq barədə saziş imzalanmışdır. IV sənaye inqilabının əsas tələblərinə özəl sektor və universitetlər hazırlamaq üçün daha əhatəli işlərin görülməsinə ehtiyac yaranmaqdadır. Elektronlaşmanın mərkəzləşdirmə fəlsəfəsi ilə yayılmasına və bunun üçün dövlət büdcəsində dayanıqlı maliyyə mənbəsinin yaradılmasına ciddi ehtiyac yaranmışdır. Qeyd edim ki, beynəlxalq təhlillərə görə Azərbaycanda IV sənaye inqilabının tələblərinə ən çox cavab verən sektor dövlət sektorudur. Dördüncüsü, kənd təsərrüfatı sahəsində aparılan islahatlar subsidiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaratmışdır. Nəticəliliyə əsaslanan subsidiya sistemi və sığorta sisteminin tətbiqi düşünürəm ki, ölkəmizdə idxaldan asılılığı xeyli azaltmaq imkanı yaradacaqdır. Sonuncusu, təhlillər göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş hər bir ölkənin uğuru konkret iqtisadi modelə deyil, o ölkənin milli xüsusiyyətlərini və milli maraqlarının güclü tərəflərinə əsaslanır. Ölkəmizdə aparılan iqtisadi islahatlar da məhz bu güclü tərəflərin müəyyən edilməsinə və onlara əsaslanan uğurlara imza atmağa istiqamətlənmişdir. Düşünürəm ki, həm icra prosesində, həm qanunvericilik təşəbbüslərində beynəlxalq təcrübə ilə yanaşı, milli xüsusiyyətlərin güclü və yaradıcı tərəflərinin daha çox uyğunlaşdırılması ölkəmizin güclənməsinə daha çox xidmət edəcəkdir.
Beləliklə, Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqqında hesabatı yüksək qiymətləndirirəm və ona səs verəcəyəm!
Millət vəkili Rəşad Mahmudov: - Mən də digər həmkarlarım kimi Nazirlər Kabinetinin 2018-ci ilə dair hesabatını yüksək qiymətləndirir və hesabata səs verəcəyimə, eləcə də hökumət nümayəndələrinə dövlətçiliyimizin qorunması, inkişaf etdirilməsi yolunda apardıqları əməli işlərində 2019 və sonrakı illərdə uğurlar arzulayıram. İcazənizlə konkret təkliflərimə keçmək istəyirəm. Hamıya məlum olan belə bir deyim var: “Vətən sərhəddən başlayır”. Mən də seçilmiş olduğum İran İslam Respublikası ilə həmsərhəd olan Astara rayonunun, xüsusən Astara şəhərindəki seçicilərim adından bəzi istəkləri dilə gətirmək istəyirəm. Bildiyiniz kimi, son illərdə, xüsusən keçən 2018-ci il hesabat ilində Ələt-Astara magistral yolunun açılması, şəhərin içməli su ilə təminatı və eləcə də bir çox sosial əhəmiyyətli infrastruktur layihələrin icra olunması həm ayrı-ayrı insanlar tərəfindən, həm də seçicilərim tərəfindən yüksək qiymətləndirilir və öz təşəkkürlərimi fürsətdən istifadə edib onlar adından dövlət nümayəndələrinə çatdırmaq istəyirəm.
Qonşu İran İslam Respublikasından ölkəmizə daxil olarkən qarşıya ilk öncə Astara şəhəri çıxır. Astara turizmin inkişafı ilə əlaqədar böyük potensiala malik şəhərdir. 15 min əhalisi olan bu şəhərin dənizə yaxınlığını da nəzərə alaraq kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı daha əvvəl qəbul olunmuş qərarın həyata keçirilməsinə dair müvafiq tapşırıqların aidiyyatı qurumlara verilməsini hökumət nümayəndələrindən seçicilərim adından xahiş edirəm.
İkinci təklifim dövlətin səhiyyə siyasətinin inkişafı ilə əlaqədardır. Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək - treninq layihəsinin təqdimat mərasimində (mətbuatdan yaxın günlərdə hər kəsə məlum olan) çıxışı zamanı, xüsusən Avropa İttifaqının dvinenq üzrə rezident müşaviri Çernyaskasın sözləri ilə desək, 2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əhalinin tibbi ehtiyacları daha çox qarşılanacaq, qanunsuz ödənişlər aradan qaldırılacaq, tibb işçiləri qanuni şəkildə əldə edilmiş gəlirlə təmin ediləcəkdir. Eləcə də bahalı tibbi texnologiyaları icbari tibbi sığorta tərəfindən qarşılanmalı və onların düşüncəsinə görə tibbi ehtiyacı olan əhali üçün əlçatan olmalıdır. Bu mənada səhiyyədə dövlət maliyyəsinin payının artırılması bildirilir. Bu toplantının başqa bir sitatında məhsuldarlıq artarsa, Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanlar var və bu günə qədər hamıya məlum olan son onillikdə 700-dən çox ən yüksək texnologiyalardan təyin edilmiş bölgələrdə və şəhərimizdə olan xəstəxanalar məhsuldarlığın gələcəkdə artırılması üçün qarşımıza böyük imkanlar qoyur. Məhz, deyilən məsələ məhsuldarlıq Avropa İttifaqına üzv olan dövlətlər səviyyəsinə çatmalı, ona yaxın olmalıdır. Eləcə də köməkçi xidmətləri, qeydiyyat, qidalanma ilə bağlı keyfiyyətin artırılması vacibdir. Bütün bunlarla birlikdə əhalinin yüksək etimad səviyyəsinə nail olmaq tibbi xidmətin əlçatanlıq və onun keyfiyyətinin davamlı artırılmasının təmin edilməsilə mümkündür.
Fürsətdən istifadə edib bu düşüncələr işığında diqqətinizi iki anlayışa çəkmək istəyirəm: Tibbi sığorta və sığorta tibbi.
Eyni sözlərdən ibarət, amma fərqli mənada anlayışlar olduğu hamıya məlumdur. Tibbi sığorta işi dövlətin səhiyyə siyasətinin maliyyə resurslarının təşkili, doğru istifadəsi, yönləndirilməsi, gələcək planlanması ilə məşhur ikən, sığorta tibbi isə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsini, onun inkişaf və davamlılığının saxlanılması ilə məşğuldur. Sığortanın əsas subyektləri olan xəstəxana və həkimlər ilə bağlı təkliflərimə keçmək istəyirəm. Xəstəxanaların keyfiyyət standartları üzrə mütləq akkreditasiyadan keçirilməsinin, eləcə də xəstəxanalarda tibbi xidmətlərin göstərilməsi üzrə standartların hazırlanmasının, xəstəxanalarda ixtisaslaşmış tibbi yardım və müalicə standartlarının, yəni günlük protokolların hazırlanması və insanların, yəni tibb personallarının - bunlara tətbiq eləmə gücünə sahib olmaq üçün ciddi işlərin görülməsi, həkimlərin və orta tibb personalının akkreditasiya qaydalarının hazırlanması, ailə həkimi haqqında qanunun funksionallığı peşəkar tibb cəmiyyətinin, xüsusən səlahiyyətləri ilə bağlı əhalinin sağlamlığının qorunması haqqında qanuna əlavə edilməsi ki, bu əlavələr həkimlərin akkreditasiyasının müəyyənləşməsində zəruri hal kəsb edər.
Düşünürəm ki, icbari tibbi sığorta agentliyi ilə Səhiyyə Nazirliyi və həm də sığortanın əsas subyektləri olan xəstəxanalar və həkimləri təmsil edən təşkilatlarla birgə əməkdaşlığı ölkəmizdə icbari tibbi sığortanın səmərəli və effektiv həyata keçirilməsinə təkan verəcəkdir.
Ayrıca qida təhlükəsizliyi ilə əlaqəli qısa müddətdə görülən işlər bizə gələcəkdə daha sağlam nəsillərin formalaşmasında xüsusi imkanlar verəcək. Hökumət üzvlərindən mümkünsə, bu təkliflərimi nəzərə almalarını xahiş edərdim.
İsa Həbibbəyli: - Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədovun bu gün parlamentdə təqdim etdiyi hesabat ölkə Prezidenti cənab İlham Əliyevin dərin iqtisadi islahatlar ili adlandırdığı ölkəmizin həyatında dönüş nöqtəsi kimi qalan 2018-ci ilin bütün sahələr üzrə real göstəricilərini çox aydın şəkildə əks etdirən mükəmməl bir dövlət sənədidir. Bu gün təqdim olunan hesabat möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ölkəmizdə həyata keçirilməsinin bütün gedişatını, reallıqlarını və mühüm nəticələrini özündə əks etdirir. Neft sektorundan tutmuş qeyri-neft sektoruna, Azenerji sektorundan tutmuş turizm sektoruna, elm-təhsil, mədəniyyət sahələrinin inkişafı istiqamətində ölkədə aparılan siyasəti, atılan addımları, keçirilən islahatları, onların nəticələrini çox konkret və aydın şəkildə görə bilirik. Bu mənada düşünürəm ki, təklif olunan hesabat bütövlükdə 2018-ci ilin möhtəşəm bir salnaməsidir.
Mən bu gün təqdim olunan hesabatda bəzi fərqli cəhətləri də ayrıca qeyd eləməyi zəruri sayıram. İlk dəfə olaraq bu gün təqdim olunan hesabatda müşahidə elədim ki, ölkə üzrə bütün sahələrdə, bütün istiqamətlərdə əldə olunan nailiyyətlər, aparılan dövlət siyasətinin işığında siyasi proseslərlə üzvü surətdə əlaqədədir. Yəni ölkədə siyasi proseslərlə iqtisadi proseslərin tam harmonik vəhdətini təqdim olunan hesabat bir daha sübut edir. Eyni zamanda bu gün müzakirə etdiyimiz Nazirlər Kabinetinin hesabatı, əlbəttə ilk növbədə 2018-ci ilin reallıqlarını özündə əks elətdirir. Təqdim olunan hesabatdan görünür ki, Nazirlər Kabineti 2018-ci ilin reallıqlarını, ümumi nəticələrini daha aydın təqdim etmək üçün özündən əvvəlki 2016-2017-ci illərlə müqayisə aparır, həmçinin özündən sonrakı 2020-2021-ci illərədək olacaq hədəfləri də müəyyən edir. Məncə bu, təqdim olunan hesabatın çox mühüm fərqli və üstün cəhətlərindən biridir.
Əlbəttə, mən başa düşürəm ki, Nazirlər Kabinetinin hesabatı siyasi məzmunlu hesabatdır. Əsasən ölkənin iqtisadi göstəricilərini özündə əhatə edir və bu cəhətdən tamamilə tutumludur. Amma ölkədə gedən böyük inkişafı bu hesabatda, belə demək mümkünsə, riyazi dəqiqliklə ifadə olunduğunu müşahidə elədim.
Qeyd etmək istəyirəm ki, Milli Məclisə təqdim edilən sənədlər içərisində Maliyyə Nazirliyinin də təqdim etdiyi birgə sənədlərdə bu cür riyazi dəqiqlik, hesablamalar müəyyən müəssisələrin eyni şəkildə təqdim olunması müşahidə olunur. Məncə, bu da Nazirlər Kabinetinin təqdim elədiyi hesabatın üstün cəhətlərindən biridir. Hesabat zamanı bütün istiqamətlər üzrə təhlillər və müqayisələr aparılarkən Nazirlər Kabineti özünün ölkə prezidentinin strategiyasına, tapşırıqlarına uyğun olaraq qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar, təsdiq edilən əsasnamələrlə aydın şəkildə inkişafı müşayiət edir. Bu isə Nazirlər Kabinetinin daxilində olan dinamikanı, inkişafı hesabat vasitəsilə bir daha aydın şəkildə il ərzində ölkədə gedən proseslərin tənzimlənməsi, istiqamətləndirilməsi, dəstəklənməsi üçün çox fəal və səmərəli iş aparmışdır. Eyni zamanda, mən müşahidə elədim ki, təqdim olunan hesabat təkcə baş verən prosesləri, əldə olunan real nəticələri obyektiv olaraq qiymətləndirməklə yanaşı, həm də ölkədə baş verən müsbət dinamikanı, tendensiyanı özündən sonrakı illər üçün təşviq edir.
Hesabatda, eyni zamanda elm və təhsil sahəsinin də problemləri və əldə etdiyi üçüncü nəticələr geniş şəkildə öz əksini tapmışdır. Həmçinin bu sferadakı yeniliklərə, yeniliklərin ətrafında baş verən dinamikanın təqdim olunmasına da diqqət yetirilib. Bu cəhətdən maarifçi tələbə, kredit fondu haqqında olan informasiyanı, Sabah qrupları haqqında olan məlumatları, Modul tipli məktəb tikintisi quruculuğu sahəsindəki ölkədə baş verən prosesləri, Azərbaycan Milli Elmlər Akademiyasının yüksək texnologiyalar parkındakı yenilikləri xüsusi nəzərə çatdırılmasını təqdim olunan hesabatın uğuru, özünəməxsusluğu kimi dəyərləndirirəm.
Tələbə-imtahan mərkəzi barədə hesabatda öz əksini tapmış informasiyalar xalq içərisində özünə etibarlı mövqe qazanmış bu qurumda baş yenilikləri aydın təsəvvür etməyə imkan yaradır. AMEA-nın demək olar ki, bütün istiqamətlər üzrə il ərzində həm fundamental elmlər, həm də tətbiqi elmlər arasında qazandığı nailiyyətlər də hesabatda öz əksini tapmışdır və hesabatda qeyd etdiyim kimi yüksək texnologiyalar parkındakı müdafiə sənayesi təyinatlı və neft yönümlü praktik işlərin, sənaye vasitələrinin istehsal olunmasının tətbiq edilməsinə, bu sahəyə göstərdiyi xüsusi qayğını, onun fərqində olduğunu, dəstək verdiyini aydın şəkildə ifadə edir. Seçildiyim Naxçıvan Muxtar Respublikasına dair hesabatda öz əksini tapmış statistika illərdən bəri yüksək şəkildə inkişaf edən Muxtar Respublikadakı böyük dəyişiklikləri, quruculuq proseslərini aydın şəkildə əks elətdirir. Bütün bunları nəzərə alaraq hesabatı yüksək qiymətləndirir, ona səs verirəm.
Bəradər Səməndərli
“Atribut”