Sizin reklam burada
Sizin reklam burada

20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir

20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir Musa Süleymanov, iş adamı

Azərbaycan xalqı çoxsaylı fəlakətlərlə üzləşib. Sözsüz ki, onlardan biri 1990-cı il 20 Yanvar qırğınıdır. 29 il keçsə də, milli-azadlıq uğrunda mübarizələrdə verdiyimiz şəhidlərimizin xatirəsi yenə də ümumxalq ehtiramı ilə yad edilir.
20 Yanvar qırğını zamanı Azərbaycan başsız qalmışdı. Ölkəni idarə edənlər milli ruhdan uzaq adamlar idilər. Heydər Əliyevi Kremldən uzaqlaşdırmışdılar. Buna baxmayaraq, ulu öndər özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Mixail Qorbaçov başda olmaqla, Kreml rəhbərliyini ciddi şəkildə tənqid etmiş, xalqımızın azadlıq mübarizəsinə dəstək vermişdi.
Belə tarixi şəraitdə xalqın nicatı üçün həyatını riskə atan dahi siyasi xadim Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və bu məsələ yenidən gündəmə gəldi. 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Belə ki, hələ 1990-cı il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ümummilli liderin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Heydər Əliyev ilk olaraq Şəhidlər Xiyabanını ziyarət edərək tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və memorial kompleks ucaldılsın. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qərar qəbul edildi. Həmin qərarda deyilirdi: “20 Yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. Cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSRİ-nin rəhbərliyi mövcud imkanlardan istifadə etməmişdir. Hakim dairələrin müxalifətlə apardığı iş daha çox siyasi oyun və intriqalar istiqamətində qurulmuş və yarıtmaz olmuşdur. Bir çox taleyüklü məsələlərin həllində Azərbaycan rəhbərliyi acizlik göstərmiş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdır”.
Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi. “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərən\camla isə həmin şəxslərə imtiyazlar müəyyənləşdirildi.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın bir daha nümunəsinə çevrildi. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi, həmin ailələrin maddi təminatının yaxşılaşdırılması üçün ardıcıl islahatlar həyata keçirilməyə başlandı.
Diqqətəlayiq haldır ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin inşasına başlandı. 2010-cu il yanvarın 20-də isə kompleksin açılışı oldu. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə böyük qayğı və diqqətlə yanaşır. Onun təşəbbüsü və rəhbərliyi ilə indiyədək 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində xeyli işlər görülmüşdür.
Bu gün Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ