
Bu sözləri Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
2017-ci ildə Zərdab və Masallı rayonlarında yeni hemodializ şöbələrinin açılacağını diqqətə çatdıran M.Cəlalov deyib: “Bakıda və Sumqayıtda XBÇ-dən əziyyət çəkənlərin sayının artdığını nəzərə alaraq, bu il 3 nömrəli Bakı şəhər klinik xəstəxanasını 10 hemodializ aparatı ilə təmin etmək, habelə 26 nömrəli birləşmiş şəhər xəstəxanasında 20 aparatı, Sumqayıt şəhərində 20 aparatı olan ikinci hemodializ şöbəsi açmaq nəzərdə tutulub.
Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın təsdiq edildiyini xatırladan M.Cəlalov deyib: “Proqram böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin vahid elektron reyestrinin təkmilləşdirilməsini, xroniki böyrək patologiyası olan şəxslərin üzə çıxarılmasını, onların tibbi yardımla, o cümlədən hemodializlə təmin edilməsini, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslı tibbi yardımın həcm və keyfiyyət standartlarının müəyyən olunmasını nəzərdə tutur. Qeyd etmək istəyirəm ki, xroniki böyrək çatışmazlığı böyrək xəstəliklərinin (xroniki diffuz qlomerulonefrit, xroniki pielonefrit, böyrəklərin amiloidozu), sidik keçiriciliyinin dinamik və mexaniki pozulmaları (böyrək daşı xəstəliyi, uretranın daralması və s.), ürək-damar və kollagen xəstəliklərin, endokrin pozulmaların (məsələn, şəkərli diabet) və s. nəticəsi ola bilər. Hazırda Azərbaycanda böyrək və başqa orqanlar köçürülən 679 xəstə qeydə alınıb. Bu pasiyentlərin müayinəsi və müalicəsi dövlət vəsaiti hesabına aparılır”.