
Qeyd olunub ki, keçən il ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilib. Hazırda, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinik xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.
Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər xəstəxanalarından birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir. Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.