Sizin reklam burada
Sizin reklam burada

Baş həkimin müavini: “Təcili yardımın gecikməsinin səbəblərindən biri ünvanın səhv bildirilməsidir”

Baş həkimin müavini: “Təcili yardımın gecikməsinin səbəblərindən biri ünvanın səhv bildirilməsidir” Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası son vaxtlar təcili yardım avtomobillərinin çağırış yerlərinə gecikməsi və lazımi tibbi avadanlıqlarla təmin olunmaması ilə bağlı fikirlərə münasibət bildirib.
Stansiya baş həkiminin operativ və hospital işlər üzrə müavini Murad Mirzəzadə bildirib ki, bu gün təcili yardım briqadaları tam şəkildə avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunub. O deyib ki, çağırışlar daxil olduqdan sonra onların təcili və ya təxirəsalınmaz olduğu müəyyənləşir: “Təcili çağırışlara ürək-qan damar sistemi xəstəlikləri, insult, infarkt, uşaqlarda qıcolmalar, qızdırma və digər hallar aiddir. Təcili çağırışlara aid olmayan baş ağrısı, böyüklərdə qızdırma və digərləri isə sonradan icra oluna bilən hallardır. Heç bir çağırış cavabsız qalmır, sadəcə, müraciətlər təcili və təxirəsalınmaz olmasına əsasən çeşidlənir və briqadalar yerlərə göndərilir”.
M. Mirzəzadə əlavə edib ki, çağırış yerinə vaxtına çatmamağın digər səbəbi də ünvanların düzgün bildirilməməsidir. Onun sözlərinə görə, bunu nəzərə alaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən zənglər hesabına çağırış ünvanının müəyyənləşdirilməsi təklifi ilə Səhiyyə Nazirliyinə müraciət edib: “Hazırda bu təklif araşdırılır. Bəzən çağırış edən şəxs öz ünvanını deyə bilmir. Bu isə tibbi briqadanın çağırış ünvanını müəyyənləşdirməsinə çətinlik törədir. Belə hallar olan zaman biz vətəndaşlardan kommunal xidmətlərin qəbzləri üzərindəki ünvanları bizə demələrini xahiş edirik. Keçən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülüb. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb. "Çağırış vərəqi" forması planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək. Bu isə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə "Elektron sağlamlıq kartı" vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ