
Xəstələrə qulluq edən bütün tibb personalına də təşəkkürümü bildirirəm. Mən eyni palatada yatan və ürək əməliyyatı keçirən 86 yaşlı Qəbələ sakinini də gördüm. Vəziyyəti yaxşı idi. Seymur doktor ona da həyat vermişdi. Görməsəydim inanmazdım. Demək ki, bizim də gözəl həkimlərimiz var, səhiyyədə ciddi inkişaf var. Problemlər başqa məsələlərdədir və onları sadalayacam.
Demişdim ki, bu şəhid atası barədə geniş açıqlama verəcəm və bunu edirəm. Qeyd edim ki, bizə müraciəti şəhid Habil Hüseynovun qardaşı və şəhid Şöhrət Cabbarovun atası Əli kişi etmişdi. 10 gündən artıq müddətdə köməkçim Ehtiram Mehdiyev də onlarla birlikdə oldu və bu məsələdə böyük əməyi var.
Problemləri sadalamadan öncə Səhiyyə nazirinin birinci müavini Teymur Musayevə təşəkkür edirəm. Həqiqətən Teymur müəllim bizə çox kəmək etdi. Mən şadam ki, müraciətlərə bu qədər həssas yanaşan bir nazir var.
İcbari tibbi sığorta agentliyinin (İTSDA) zərfində ürəyin aorta anevrizması yoxdur deyə onlar ödəniş edə bilməyəcəklərini dedilər, amma sağ olsunlar ki, "Yaşat" fonduna onlar da müraciət etdilər. Belə çıxır ki, biz müdaxilə edib 10 gün mübarizə aparıb, bütün qapıları döyüb israr etməsəydik şəhid atası öləcəkdi.
Nazirliyin, İTSDA-nın da yardımı ilə “Yaşat” fondu 22 min manatı üzərinə götürdü və bu fonda dərin təşəkkürümü bildirirəm. Yaxşı ki, bu fond var, olmasa idi, bəlkə də daha ağır günlər yaşayacaqdıq.
Problem
Şəhid atası ilk əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilmişdi və elə oradan da Bakı Sağlamlıq Mərkəzinə köçürüldü. Ürəyin aorta anevrizması diaqnozu ilə həyatı ilə çarpışırdı. Bu xəstəlik o deməkdir ki, ürəyin damarı cırılıb və qan ürəkdən qarın nahiyəsinə axır. Xəstə müdaxilə olmasa hər an ölə bilərdi.
Xəstəxana rəhbərliyi xəstənin əməliyyatının xəstəxananın səlahiyyətləri daxilində olmadığını dedi. Yəni əməliyyat üçün nə təchizat var, nədə ki, həkim.
Sonra TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Onlar da bildirdilər ki, bu əməliyyat ağırdır və bizim tabeliyimizdə olan xəstəxanalar bunu etmir.
Görünən budur ki, ayağını uzat, yıxıl öl. Görün hər gün nə qədər insan ötür-ötürün qurbanı olur? Sərf etməyən xəstəni müxtəlif bəhanələr altında o qapıdan bu qapıya, bu qapıdan o qapıya göndərirlər. Vallah, çox acınacaqlı vəziyyətdir. Gözümün önündə baş verir hər şey, yiyəsi olmayan ya ölür, ya şikəst olur, ya da evinə dönüb öləcəyi günü gözləyir. Olmax axı belə. Sığorta zərfinə yenidən baxmaq lazımdır.
Mənə bir neçə həkim deyib ki, sığorta zərfinə salınan bir çox xəstəliklər düzgün formada qeyd edilmədiyi üçün ciddi ödəniş problemləri yaşanır. Dediklərinə görə xəstəliklərin siyahısını başqa ölkələrdən götürüb köçürüblər və aydın olmayan məqamlar yaranıb.
İndi nə edək? Konstitusiya məhkəməsinə müraciət edək ki, şərh versin ki, hansı bənd nə deməkdir?
Ölkədə tibb sahəsi qarış-quruşdur. Bir ölkədə bu qədər tibb qurumu olmaz axı. Məsuliyyət bir nəfərdə olsa yaxşı olmazmı?
Çıxış yolu bu sahədə tənzimləmə, vahid idarəçilik yaratmaq və mövcud problemlərin müzakirəsi üçün ya Prezidentin, ya da Baş nazirin yanında toplantı keçirilməsi vacibdir.