
Məktubda deyilir:
"Bir ildən artıqdır ki, dünya ölkələri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən elan olunmuş pandemiya - "Yeni növ koronavirus infeksiya”sına (COVID-19) qarşı mübarizə aparır. Virusun yayılmasının qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə "BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarı altında ölkəmizdə məqsədyönlü təxirəsalınmaz tədbirlər həyata keçirilmiş və bugün də bu tədbirlər davam etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın COVID-19-la mübarizə strategiyası ÜST və mütərəqqi dünya dövlətləri tərəfindən təqdir olunur. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılma dinamikasının və nəticələrinin aradan qaldırılması ilə bağlı verdiyi vacib qərarların icrası səhiyyə sisteminin və ölkə ictimaiyyətinin birgə səyləri nəticəsində uğurla təmin olunur. Bu tədbirlər çərçivəsində infeksiyaya yoluxma hallarının məhdudlaşdırılması və viruslu xəstələrin yerləşdirilməsi ilə bağlı bir çox qeyri-tibb müəssisələri humanitar təşəbbüslə çıxış etmişdir. Göstərilən təşəbbüslər pandemiya ilə qətiyyətli mübarizədə mühüm rol oynamışdır. Sizin də qeyri-tibb müəssisəsi olaraq belə bir xeyirxah təşəbbüsə qoşulmağınız və müəssisənizin karantin zonasına çevirməyiniz "Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən yüksək dəyərləndirilir. İnsanpərvər təşəbbüsünüz üçün Sizə və kollektivinizin bütün əməkdaşlarına ehtiramımızı bildirir və təşəkkür edirik. Biz birlikdə güclüyük!"