Sizin reklam burada
Sizin reklam burada
  • Tarzən Arslan Növrəslinin böyük konsert turnesi

    Azərbaycan musiqisinin təbliği yolunda yorulmadan çalışan, dünya səhnələrini fəth etmiş tarzən Arslan Növrəsli 2022 - ci ilin noyabr - dekabr aylarında silsilə konsertlərlə Amerika və Türkiyə səhnələrində çıxış edəcəkdir. Amerikanın Washington, Oklahoma və New York kimi mərkəzlərində, Türkiyənin İstanbul və Ankara şəhərlərində ifası gözlənilən tarzən Azərbaycan və xarici bəstəkarların əsərlərini, jazz və milli janrlı kompozisiyaları öz repertuarına daxil etmişdir.
    Xüsusi məqamlardan biri kimi, keçiriləcək hər konsertin fərqli repertuarlı və fərqli ansambl tərkibli olması vurğulanmalıdır. Eyni zamanda, hər tədbirin xüsusi keçirilmə səbəbi də vardır.
    Azərbaycan və Amerika munasibətlərinin 30 illiyi, bu dövlətlər arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin yaradıcılıq bağları ilə də əlaqələnməsi, Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin ölkə başçısının sərəncamı ilə qeyd olunması, CSO ADA Ankara konsert salonundan Arslan Növrəsli adına xüsusi dəvətlə keçiriləcək tədbirlər planı bu yaradıcı səyahətin əsas dayaq nöqtələridir. Bunlarla yanaşı, ifaçının çıxış edəcəyi hər şəhərdə ustad dərslərinin də keçirilməsi nəzərdə tutulmuşdur.
    Arslan Növrəslinin konsertlərdə səhnə bölüşəcəyi musiqiçi dostları sırasında Azərbaycanın dəyərli və professional ifaçıları ilə yanaşı, Amerika musiqiçilərinin olacağı da maraqlı məqamlardandır. Azərbaycan Respublikasının Əməkdar artisti, pianoçu Nərgiz Əliyeva, kamança ifaçısı Elnur Mikayılov Azərbaycan folkloru və bəstəkar yaradıcılığının təbliğinə köklənmiş konsertdə, pianoçu Nicat Aslanov, Azərbaycan Respublikasının Əməkdar artisti, bass ifaçısı Ruslan Hüseynov və zərb alətləri ifaçısı Elvin Bəşirov jazz band tərkibi ilə tarzəni müşayiət edəcəklər.
    Arslan Növrəslinin solo layihələrində diqqət ayırılan vacib məqamlarından biri Azərbaycan musiqisini təkcə ifa ilə deyil, həm də “sözlə təbliğ” etməyi qarşıya məqsəd qoymaqdır. Belə ki, artıq dünyanın bir sıra konsert salonlarında “Azərbaycan musiqisinin sözdə və musiqidə təbliği” şüarı bu dəfəki konsertlər silsiləsinin də əsas məqamlarındandır. Konsertlərin giriş sözü sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsliyə məxsusdur. O, həmçinin, Ankarada keçiriləcək milli musiqimizin təbliğinə, Azərbaycanda tar aləti ifaçılığının təkamülü və tarzən Arslan Növrəslinin ifaçılıq prinsiplərinin müzakirəsinə həsr olunacaq “dəyirmi masanın” da təşkilatçısı və çıxışçısıdır.

    İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ