Sizin reklam burada
Sizin reklam burada

35 milyon soydaşımız İranın Azərbaycana qarşı yanlışlığına səssiz qalmayacaq - Müsahibə

Teleqraf.com-a istinadən 30 il əvvəl İranı tərk edərək mühacir həyatı yaşayan böyük ozan Araz Elsəslə müsahibəni təqdim edirik:

- Araz bəy, son zamanlar İran-Azərbaycan münasibətlərində gərginlik hökm sürür, İran ordusu Araz ətrafında hərbi təlimlər keçirməklə Azərbaycanı təhdid edə biləcəyini düşünür. Siz proseslərin gedişini necə qiymətləndirirsiniz?
- İranın Azərbaycanımıza olan belə münasibəti, daha doğrusu “qarın ağrısı” yeni bir şey deyil. Azərbaycan istiqlaliyyətini əldə etdikdən sonra bu “qarın ağrısı” başlayıb, bu günə qədər də davam edir və indi özünü daha aydın şəkildə göstərir. Son zamanlar İran daxilində olan hadisələr də göstərdi ki, İslam cümhuriyyəti sonunu yaşayır, artıq saatlar geriyə işləyir. Addım-addım uçuruma doğru gedir. Bu baxımdan daxildəki mitinq və etirazlardan diqqəti yayındırmaq məqsədilə belə addımlar atır. İranın daxilində gedən prosesləri hər kəs görür, bu ölkə hər hansı bir dövlətlə üz-üzə durmaq imkanında deyil. Bu addımlar sadəcə olaraq daxildəki proseslərdən diqqəti yayındırmaq məqsədi güdür. İranın Azərbaycan və Türkiyə ilə savaşa girməsi ehtimalını belə düşünə bilmirəm. İranın belə bir imkan və gücü yoxdur. Daxildə öz xalqlarını idarə edə bilməyən bir iqtidarın xaricdə düşmən tapıb ona hədə-qorxu gəlməsi və ya onunla savaşa girməsi məntiqsizlikdir. Əgər belə bir ağılsız addım atarlarsa, bu onların sonunu daha da tezləşdirər. İrandakı 30-35 milyon olan azərbaycan türkləri Tehranın Azərbaycana qarşı belə bir yanlışlığına səssiz qalmaz, bunun ehtimalı belə yoxdur.
- Sonuncu dəfə İranda və Azərbaycanda nə zaman olmusunuz?
- Mən İran adlı ölkədən 30 il əvvəl çıxmışam, ora dönə bilmirəm. Amma inanıram ki, çox qısa zamanda, yaxın gələcəkdə ora dönəcəyəm. Azərbaycanda isə sonuncu dəfə COVID-19 pandemiyası başlamazdan bir-iki ay əvvəl olmuşam. Azərbaycan mənim vətənimdir. İranın isə Azərbaycana qarşı iddiaları yersizdir.
- Dünya azərbayanlıların ən məşhur ozanı və böyük sənətkarı olaraq İrandan Azərbaycana qarşı səsləndirilən ittihamlara münasibətiniz necədir?
- Bu, suda boğulan insanın saman çöpündən yapışmasına bənzəyir. Özlərini xilas etmək üçün çapalayırlar. Yaxşı olar ki, İran həqiqətləri anlayaraq gerçəkliklə barışsın. Bəs gerçək nədir? Odur ki, İslam cümhuriyyəti sonuna doğru gedir, İran daxilindəki millətlərin haqlı tələbləri var, onlar öz hüquqlarını istəyirlər. İran daxilində azlıq deyilən, əslində isə çoxluq olan biz-Azərbaycan türkləri öz haqlarımızı istəyirik. Və özümüzün öz dövlətimizin olmasını istəyirik. İranın min illərlə tarixi bizlərlə bağlıdır. Min illər biz yaşatdıq, sizə baş olduq, daha gedin özünüzü idarə edin. Azərbaycan birləşəcək və böyük dövlətimiz ortaya çıxacaq. Bu da hər bir azərbaycanlının böyük amalı və arzusu olmalıdır. Bizim də arzumuz budur. Cənubi Azərbaycan İrandan ayrılaraq, İran çətiri altından çıxıb öz bayrağı altında yaşayacaq. Bu gün yurdumuzun quzeyndə dalğalanan üçrəngli bayraq Güney Azərbaycanın torpaqlarında da dalğalanacaq. Bizim iddialara cavabımız budur.
- Sizcə, hansı səbəblərdən İran müsəlman Azərbaycanı deyil, xristian Ermənistanı dəstəkləyir? Bu, islam və müsəlman xəttini apardığını elan edən İranın səmimiyyətini göstərir, yoxsa, dindən uzaq olmasını?
- Bir az geriyə getsək, hələ “Şahlıq” dövründə də İranın Azərbaycana münasibəti pis olub. Bunlar o zaman da Arazın o tayındakı-zamanında Azərbaycan SSR-ni, indiki müstəqil Azərbaycanı da təhlükə kimi görürdülər. İndi də belədir. Gerçək odur ki, təhlükə kimi görürsənsə, özün bilərsən. Bu reallığı nə qədər tez qəbul etsələr özləri üçün xeyirli olacaq, insanlar və bölgə barış içində yaşayacaq. Bir qarış Azərbaycan İranın dağılması deməkdir, onlar belə görür. Üçrəngli bayrağımız Azərbaycanın hər qarış torpağında dalğalanacaqdır. Qorxmasınlar, burada qorxulu heç nə yoxdur. Azərbaycan olduğu yerdə qalacaq. İrandakı millətlər öz vətənlərini quranda, hüquqlarını təmin edəndə torpaqlarını çiyinlərinə alıb aparmayacaqlar, olduqları yerdə qalacaqlar, yaşayacaqlar. Odur ki, anlayış içində yaşamaq, qalıcı barış üçün bunu normal qarşılamaq lazımdır. Məsələn, Çexiya və Slovakiya buna barış içində getdilər, indi də yaxşı qonşudurlar. Ancaq bu işin Yuqoslaviya ssenarisi kimi ola bilməsi ehtimalı da çoxdur. Ümid edirəm ki, belə olmasın. İranda yaşayan millətlər, İran hakimiyyəti papağını qarşısına qoyub düşünsün. Burada millətlərin problemləri var və onu həll etmək gərəkdir. Problemlərin başına qapaq qoyub gələcək nəsillərə saxlamaq doğru deyil. Başqa millətlər özü bilər, biz, Azərbaycan türkləri olaraq bu işin sonuna qədər gedəcəyik.
-Siz 44 günlük müharibə zamanı və ömrünüz boyu müstəqil Azərbaycanın yanında olmus bir sənətkarsınız. İran-Azərbaycan münasibətlərinin necə olmasını istərdiniz?
- Mən də hər bir insan olaraq yurdumun qonşu ölkələrlə barış içində yaşamasını istəyirəm. Biz barış üçün işləyirik. Amma İrandakı hakimiyyət bizim varlığımızı məhv etmək üçün çalışır. Onlar bizim kimliyimizi, mövcudluğumuzu darmadağın etməyə cəhdlər edir. Artıq buna sakit baxmaq insanlığa yaraşmaz. Biz milli haqlarımız üçün mücadilə edirik və edəcəyik, haqlarımızı əldə edəcəyik. Sabah İran adı qalacaqmı, qalmayacaqmı, bilmirəm. Bölgədə dəyişikliklər olacaq, xəritələr yenidən çəkiləcək. Biz bütün qonşularla, bir zamanlar eyni çətir altında yaşayan millətlərlə sülh içində, yaxşı qonşuluq çərçivəsində yaşamaq istəyirik. Bunun üçün də gerçəkləri qəbul edərək addım atmalayıq ki, gələcəkdə bir-birimizlə qonşu olanda alnımız açıq olsun. Biz hər bir dövlətin Azərbaycanla barış və sülh içində yaşamasını istəyirik. Azərbaycan dövlətinin qonşuları da ayaqlarını yorğanlarına görə uzatmalıdırlar.
- Siz İran, daha doğrusu Güney Azərbaycandan olan soydaşlarımızla əlaqə saxlayırsınız. Soydaşlarımızın İranın son hərəkətlərinə reaksiyası necədir?
- Sözsüz ki, mən Güney Azərbaycanla əlaqə saxlayıram, gecə-gündüz fikrimiz ordadır. Xüsusilə, son etirazlar olaylardan sonra. İrandakı hadisələri daima izləyirik. Aydındır ki, etnik kimliyindən asılı olmayaraq İran daxilində hər kəs narazıdır. Hamı etiraz etməyə başlayıb. Ümumi problemlər var. Məsələn, aədalətsizlik, ayrıseçkilik mövcuddur. İranda qadınların hüquqları dəfələrlə tapdalanır. Ümumən insan haqlarının olmadığı yerdə vətəndaşların ayağa qalxaraq “Azadlıq” şüarı səsləndirməsi tam təbiidir və mən də etirazları, belə müqaviməti görəndə sevinirəm. Milliyətindən, dinindən və etnik kimliyindən asılı olmayaraq hər kəs buna etiraz edir və bu da insanlıq borcudur. Buna dəstək vermək lazımdır. Biz də bunu dəstəkləyirik. Amma ümumi problemlərlə yanaşı, milli problemlər də var. Bir çoxları, xüsusilə, İranın xaricdə olan müxalifət təşkilatları milli problemlərə gələndə başına qapaq qoymağa çalışırlar. İranda milli problemlərin olmadığını, hər kəsin bütöv İran uğrunda çalışdığı təəssüratını yaratmağa çalışırlar. Belə bir şey yoxdur. İranda azadlıq yoxdur, ən böyük mücadilə milli azadlıq üçündür. Odur ki, ümumi problemləri dedikdə milli çıxarlarımızı da qabardaraq ona görə hərəkət etmək daha doğrudur. Mən bu məsələləri qaldıran yurddaşam. O yurdumuzun dərdlərini, açılarını hayqıran biriyəm. Mənim üçün Güney və ya Quzey yoxdur-Azərbaycan var. Özümü dərk etdiyim zamandan Azərbaycan mənim içinmdə ayrı olmayıb, idealım bütövlükdür. Bu arzu naminə əlimdən gəldiyi qədər çalışıram. Bu gün baxanda da görürəm ki, addım-addım arzularımıza yaxınlaşırıq. Bunu böyük güclər də anlayır. Güney nə edəcəyini yaxşı bilir. Mən gələcəyi aydın görürəm. Azərbaycanın ən parlaq günlərini görməmişik, inşallah görəcəyik. Gələcək nəsillərimiz daha yaxşı yaşayacaq. Bölgədəki dostlara tövsiyyətimiz odur ki, həqiqətləri görün, onunla barışın, millətlərin haqlarına hörmət edin. Gəlin barış və sevgi dolu gələcək üçün insanlığa yaraşan addımlar ataq.
- Araz bəy, sizin adınız belə kimlərsə üçün qorxulu görünə bilər. Heç adınızla bağlı etirazlarla qarşılaşmısınızmı?
- Mən azərbaycanlıların Arazıyam. Bir dəfə konsert verirdim, oxudum. Sonra bir kiçik yaşlı oğlan səhnəyə çıxdı, dedi ki, mən iki Araz tanıyıram, biri Araz çayıdır ki, bizi ayırır, digəri Araz əmidir ki, bizi birləşdirir. Mən azərbaycanlıları birliyə çağıran Arazam. O taylı- bu taylı soydaşlarımızı bağrıma basıram. Hər kəsə sevgilərimi ifadə edirəm.

Müəllif: Nemət Orucov

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ