Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsert təşkil olunub

Heydər Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsert təşkil olunub Noyabrın 2-də Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı konsert təşkil olunub.
Konsert Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
İlk olaraq 44 günlük müharibədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mədəniyyət naziri Anar Kərimov bütün qazi və qonaqları Zəfər Günü münasibətilə təbrik edib və bu günün Azərbaycanın tarixində ən şanlı səhifələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində müzəffər Ordumuz bu Qələbəni qazandı və Azərbaycan xalqına sevinc bəxş etdi. İndi Azərbaycan gələcəyə şərəflə irəliləyəcək. Qarabağda irimiqyaslı layihələrin başlandığını deyən nazir bildirib ki, onların arasında mədəniyyət sahəsinə də xüsusi yer verilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Şuşada Xarıbülbül festivalı, Vaqif Poeziya günləri keçirilib, Milli Musiqi günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi tam bərpa olunaraq qarşısında tədbir reallaşdırılıb. "Bütün dünya ictimaiyyəti bizim Qarabağa qayıdışımızı görür. Biz həm də musiqimizi öz musiqisi kimi tanıtmaq istəyən erməni xalqının üzərində mədəniyyətimizlə qələbə çalmışıq," - deyə Anar Kərimov bildirib.
Əməkdar incəsənət xadimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Qafarova bildirib ki, müharibə başlayan gündən azərbaycanlı bəstəkarlar yeni-yeni marşlar, xorlar bəstələyirdilər. Lakin bugünkü konsertdə onlar 18 simfonik musiqi əsəri ilə dinləyicilərin qarşısında çıxış edirlər. Onlar sırasında Azər Dadaşovun "Zəfər çələngi", Mobil Babayevin "Şanlı Qələbə", Ceyhun Allahverdiyevin "Qələbə uvertürası" və digər mahnıların adlarını çəkmək olar. Firəngiz Əlizadənin xor və simfonik orkestr üçün bəstələdiyi "Zəfər marşı" da maraqlı nümunələrdəndir. Bildirib ki, Azərbaycan bəstəkarları hələ çox əsərlər ortaya qoyacaqlar, çünki onlar xalqın igid oğullarından ilhamlanırlar.
Konsertin bədii hissəsində Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Milli Konservatoriyasının Tələbə xoru (bədii rəhbər Leyla Zalıyeva) çıxış ediblər.
Proqram Cəlal Abbasovun xor və simfonik orkestr üçün bəstələdiyi "Şanlı Azərbaycan" əsəri ilə başlayıb.
Konsert azərbaycanlı bəstəkarların vətənpərvər ruhda bəstələdikləri simfonik mahnıları ilə davam edib. Çıxışlar dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Heydər Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsert təşkil olunub

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ