Sizin reklam burada
Sizin reklam burada

Qısa ömrün zəngin sənət dünyası - Yaxud Füzuli nisgilli Səyyad Əlizadə

Qısa ömrün zəngin sənət dünyası - Yaxud Füzuli nisgilli Səyyad Əlizadə Hər bir sənətkar öz yaradıcılığı ilə özünə əbədi abidə qoyur. Səyyad Əlizadə də özünün bənzərsiz, sanballı yaradıcılığı ilə ətrafının, elinin, obasının, məmləkətinin, bütövlükdə, xalqının yaddaşında silinməz izlər buraxan bir sənətçidir. Xalq arasında seçilən bu cür insanlar əslində nuraqənşər bir yolun əbədi yolçularıdır. Hər dan yeri ağaranda onların da ömrü təzələnir. Haqqında böyük ehtiramla söz açdığımız sevilən, daim yaradan, yeni mahnıları ilə tamaşaçıların görüşünə gəlib sevindirən Səyyad Əlizadə dövrümüzün yetirdiyi böyük sənət adamlarından biri idi. Azərbaycan təbiətini, torpağını, xalqını ürəkdən sevən və bu yolda vətəndaşlıq mövqeyi sərgiləyən, cəfakeş xidməti ilə heyranlarının qəlbini yara bilən sənət fədaisi idi. Onun istər incəsənət sahəsindəki fəaliyyəti, istərsə də örnək ola biləcək insanlığı heç vaxt unudulmayacaq.
Hərdən mənə elə gəlir ki, bəşərin (insanın) xarakteri ilə təbiət arasında könüləyatımlı bir yaxınlıq, möcüzəvi bir uyğunluq (bəlkə də eynilik!) var: şimşək çaxışını qəzəbə, bulaq axışını nəğməyə, təranəyə, göylərin yağışını kövrəkliyə, qılığı mehə, gözəlliyi qövsü-qüzehə, çılğınlığı yelə, coşqunluğu selə... bənzədiblər, bənzədirik, bənzədəcəklər.
Bəşər təbiətin bir parçasıdı, hissənin tama, bütövə bu səviyyədə, bu duyğusallıqla bənzəyişində qəribəlik yoxdu. Onu da bilirəm ki, dərk edənə, buludun, şimşəyin, yağışın, küləyin dilini bilənə təbiət böyük məktəbdi: görürsən, duyursan, düşünürsən və daha mükəmməl öyrənmək həvəsiylə öyrənirsən. Öyrətdiklərinin cazibəsinə düşənlər də olur, ömrünü bu cazibənin konturları - hüdudları arasında yaşayanlar da.
Onlardan biri də Səyyad Əlizadə idi.
Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayıb. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutda "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olub. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. İnstitutu qurtaranda 1981-ci ildə Kiyev şəhərinə Metrotikinti idarəsinə növbə rəisi göndərilib. 1984-cü ildən 1994-cü ilə qədər burada işləyib. 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib.
1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni elə həmin il "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısına çevrilib. Sonra Cabbar Musayevlə albom üzərində işləyən Əlizadənin 1995-ci ilin mart ayında ilk "Gözlə, gələcəyəm" albomu Türkiyədə işıq üzü görüb. Və ilk kaset böyük dinləyici məhəbbəti qazanıb. 1997-ci ilin iyun ayında müğənninin "Xallı qız" adlı növbəti albomu və diski satışa buraxılıb. 1999-cu ildə S.Əlizadə "Gözlərimin yaşı" adlı audio albom, "Xallı qız" adlı video albom və "Saçlarım bəyaz oldu" adlı disk buraxıb. O, 2000-ci ildə "Dünya gözəl dünyadır" və "Bizim uşaq dünyamız" adlı iki albomu, "Gözlərimin yaşı" adlı diski və "Sankt-Peterburq görüşləri" adlı video kaseti ilə tamaşaçılarını sevindirib. 2003-cü ildə "Su pərisi" adlı albomu, eyni adlı diski və "Gül ki, ürəyim gülsün" adlı video kaseti, 2004-cü ildə "Harda qaldın" albomu və diski, 2005-ci ildə "Seçmələr" adlı audio kaseti və diski, 2006-cı ildə "Azəri qızları" adlı audio albomu və diski, 2008-ci ildə "Sənin üçün oxuyuram" adlı audio kaseti və diski satışa buraxılıb. 11 oktyabr 2012-ci ildə müğənni yeni "Bəyaz gecələrdən bəyaz xatirə" albomunun və həmin albomda yer alan, Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunmuş "Bizim Metropoliten" mahnısına çəkilmiş klipin təqdimatını edib.
Sənətkarın Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva və Türkanə Həsənova ilə maraqlı duetləri pərəstişkarlarının qəlbində silinməz iz buraxıb.. O, eyni zamanda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.
Səyyad Əlizadə sentyabrın 13-də Covid-19 xəstəliyi ilə əlaqədar Bakının Zığ qəsəbəsindəki modul tipli xəstəxanaya yerləşdirilmiş, sentyabrın 17-də isə Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü. Amma həkimlərin çarpışmalarına baxmayaraq onu xilas etmək mümkün olmadı və Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında Covid-19 xəstəliyindən vəfat etdi.
Eşitdiyimə görə Səyyad müəllim uşaqlığından duruluğa meyilli olub. Şagird, tələbə kimi də, ailədə əzizlərinə ən yaxın insanların yoxluğunu unutduranda da duruluğu yaşanılan illərə göyqurşağı bilib. "Duru olmayan ömür nəyə lazımdı, kimə lazımdı. Belə ömürə dəyərsiz ömür deyirlər. Dəyərsiz illər ömürsüzlük deməkdi", - kəlamı sənətçinin sevdiyi kəlamlardan olub. Bu kəlam onu mənəvi duruluğun - saflığın mücahidi etmişdi.
Onu da söyləyirlər ki, doğma Füzulisi işğal olunanda bir təpəciyin qarşısında ayaq saxlayıbmış. Bilirdilər ki, Səyyad müəllim belə məqamlarda səbəbsiz dayanmaz. Həm də el-elatın ağı günündə. Həm də bir qədər aralıdan bənzərsiz misralar eşidildiyi anlarda:

Doyunca doydurammadı,
Bu bar məni, bəhər məni.
Yedəyinə alıb gedir,
Bir ovunmaz qəhər məni...

Ağı misallı misralar eşidənləri varından yox elədi. Əzizləri ona baxdı, o da Füzuliyə, Babiyə doğru. Bu baxış Füzuli ilə vida baxışıymış - Səyyad Əlizadənin son nəfəsi Füzuliyə, daşını, çınqılını belə əzizlədiyi, sevdiyi el-obasına qismət olmadı... Füzulisinin işğaldan azad olunmasının ildönümünə bir aydan da az qalmış qəfil ölüm sənətçini bizdən aldı...
... Ölümündən sonra xatirələrdə yaşamaq, həm də bu qədər sevgilərlə yaşamaq hər adama nəsib olmur. Ömürdən sonrakı ömür ifadəsi var. Məni qınayan olmasa, deyərdim ki, ömürdən sonrakı ömür müqəddəslərə nəsib olan ömürdü. Belədisə, müğənni Səyyad kimi xatırlanan Səyyad Əlizadənin də ömrü belə ömürdü...
Yüksək mənəvi keyfiyyətləri, əməksevərliyi, sadəliyi, təmkini ilə çoxlarına örnək oldu bu cəfakeş sənətçiana, cəfakeş vətəndaş. Düzgünlüyü düzgünlüyün, cavabdehlik məsuliyyəti cavabdehlik məsuliyyətinin düsturu oldu. Səyyad müəllimin keçdiyi şərəfli həyat yolu tarixləşdi...
Səmimilik, alicənablıq, əməksevərlik, əvvəl özünə, sonra isə ətrafındakılara qarşı tələbkarlıq, Vətəninə, torpağına, ailəsinə bağlılıq, yüksək əxlaq Səyyad Əlizadəyə xas xarakterik xüsusiyyətlər idi. Ciddi nizam-intizam, məsulliyyət duyğuları onun üçün müəyyən mənada milli mentalitet idi. "Ömrün mənası insanlara diqqət və qayğı göstərməkdədir, insanlara təmannasız kömək əlini uzatmalısan", - bir dəfə TV kanallarından belə səsləndirmişdi...
Bu gün xeyli müddət mavi ekranlardan, xeyir məclislərimizdən, el şənliklərimizdən doğmamıza çevrilmiş Səyyad Əlizadə aramızda olmasa da, el içində üzü ağdır. Bugünkü nəsil üçün örnək sayılmaqla yanaşı, tanınmış incəsənət xadimi kimi Səyyadsevərlərin yaddaşına hopub.
Səyyad müəllim uzun müddət onu tanıyan insanların qəlbində düzlük, sadəlik, xeyirxahlıq və insansevərlik simvolu kimi yaşayacaq.
Füzulidən son gedişində Araz çayının ləpədöyənində dönüb bu qədim Oğuz yurduna baxmışdı. Bu baxış vida baxışıymış...
Səyyad Əlizadənin son nəfəsi Füzuliyə, Babiyə qismət olmadı; Səyyad Əlizadə Qarabağ adlı məmləkətin torpaqları düşməndən geri alınsa da, Füzuli nisgiliylə köçdü dünyadan...
44 gün davam edən Vətən müaribəsi Zəfərimizlə başa çatdı. Füzuli də işğaldan azad edildi. Xəyalında yaşatdığı Füzulinin qurtuluşunu Füzulidə sözüylə, səsiylə, zəngulələriylə oxşaya bilmədi, bu qurtuluşa ruhu salavat çevirdi...
Füzulinin işğaldan azad edildiyini eşidəndə bir anlığa duruxub, sonra var səsiylə üzü göylərə sarı qışqırıb: Dədələr "gec edər, güc edər" deyib, qoca dünya! Uzun çəkdi, sonda yağının gözünü tökdü əsgər balalarımız. Bu zəfər sərkərdənin qüdrətidi. Allahdan möhlət istəyirəm, gedim Füzulini görüm...
Çox heyf, min heyf ki, gedib görə bilmədi!..

Səyyad Əlizadənin ruhuna
hörmət və ehtiramla;
Daşdəmir ƏJDƏROĞLU






  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ