Sizin reklam burada
Sizin reklam burada

Səyyad Əlizadənin xatirəsinə.

Səyyad Əlizadənin xatirəsinə. "Gücüm gözlərimin yaşına çatır". Səyyadserənlər bu misranın hansı nəğmə olduğunu, kimə aid olduğunu xatırlar yəqin ki.

Elimizin tanınmış, sevilən müğənnisi, incəsənət dünyasının unudulmaz sənətkarı, dostluğa sadiq , mərd, qayğıkeş, ürəyi sevgiylə, sədaqətlə, mərhəmətlə dolu insan - Səyyad Əlizadənin repertuarından olan bəstələrdən biridir bu misralar. Tam 13 illik dostluğumuz var Səyyad müəllimlə. Hələ dünyanın dərd qəmindən xəbərsiz yaşlarımda belə Allaha tək bir dua edərdim:"Sevdiklərimi qorusun və məni onlarla zamansız imtahan etməsin". Hələ, kiçik yaşarımda nənəmi itirdim. 1 il idi ki, anamın göz yaşları qurumurdu, 2008-ci il may ayının 10-u Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş konsertə gedənə kimi. Orada ailəliklə pərəstişkarı olduğumuz gözəl, dəyərli sənətçimiz Səyyad Əlizadə ilə tanış olduq. Ailəmizə sevinc, gülüş gəldi. Anamın dərdli ürəyinə məlhəm gəldi. Sanki bu həyatın sevincini tapmışdıq. İllər keçdi, tam 13 il... Bu illər boyunca çətinliklərlə də qarşılaşdım, haqsızlıqlarla da, həyatın yükünü də hiss etdim, amma kədərdən, qəmdən uzaq oldum bu gözəl insanın sayəsində. Şəfqəti, qayğıkeşliyi, varlığı ilə dayağım oldu. Səyyad müəllimi tanıdığımız gündən həyat o qədər gözəlləşdi ki, onun qəlbinin gözəlliyi ürəyimizi aydınlatdı, sanki aylar illər ömremüzdən getmirdi. Onun qayğıkeşliyi, qəlbə məlhəm sözləri məni uşaq kimi xöşbəxt edir, sanki ruhən uşaqlaşır, körpə kimi şad olurdum. Həyat çətinləşirdi, həyatın yükü ağırlaşırdı, amma ürəyimizdəki sevinc və üzümüzdə gülüşün səbəbi idi Səyyad müəllim. İllər quş qanadında uçub gedirdi. Çox xöşbəxt idik. Elə gözəl dostluğu, elə gözəl ürəyi, elə bir sadiqliyi, sədaqəti vardır ki, sadə bir ailə olsaq da, sanki həyatda hər şeyimiz vardı kimi, xöşbəxt idik. Hər günə aid bir an, bir xatirə var. Zarafatları, ürək dolu gülüşləri, bəzən şən, bəzən qəmli nəğmələri ürəkdən oxuduğu anları gözümün önündən getmir. Hər gün yanında olduğumuz bu insandan hər anı xatirə qaldı bizə. İllər keçdi amma duam heç dəyişmədi:- sevdiklərinizin yanınızda olmasından daha böyük bir xöşbəxtlik axtarmayın bu həyatda. Heç bir sərvət, şöhrət, var-dövlət, pul, vəzifə bir sevdiyimizin, bir dəyər verdiyimiz insanın yoxluğuna məlhəm deyil. Nə bilərdim ki, Səyyad müəllimi-həm atama, həm anama qardaş olan gözəl qəlbli insanı 13 ilin tamamında zalım həyat bizdən ayıracaq, amansız ölüm aparacaq. Xəstəliyə tutulduğu gündən keçən 1 ay ərzində hər gün ağlayaraq dua etdim, bu dəfə nə duam, nə də qurbanım qəbul olmadı. Allah bizdən də çox sevirmiş Səyyad müəllimi...30 sentyabr 2021-ci il kaş kor olaydım, eşitməyəydim Səyyad Əlizadənin ölüm xəbərini. Dua edən dilim lal oldu. Gözlərimdən yaş sel kimi axırdı, anamın , qardaşımın hönkürtüsü hələ də qulağımdadır. Nə təsəllimiz vardı, nə də təsəlli edənimiz. Çünki ailəmizin sevinci, ən əzizi, başımıza sığal çəkən, ailəmizin ürək sirdaşı getmişdi bu həyatdan. O gündən bu günə nə göz yaşım quruyur, nə də ürək ağrım azalır. Bu yazını yazmaq o qədər çətindir ki... göz yaşıarı içində yazıram . Əlim gəlmir yoxluğundan yazmağa. Hər dəfə "gözəl insan sağlam yaşa, 100 yaşa" deyə, alqış edərdim. İndi yoxluğuna dözmək çox çətindir. Ağlımız dərk edir ölümü, amma ürək qəbul etmir. Daima ürəyimizdə yaşayacaqsınız. Allah Sizi bizə geri vermədi, indi isə tək duam-sizi cənnətin ən gözəl güşəsində qarşılasın. Ruhun şad olsun! Məzarın nurla dolsun Səyyad Əlizadə. Biz hər gün sevdiklərimizin ölümə məhkum olunduğunu görən çarəsiz insanlarıq. Ölüm mahnının son sözüdür. Sevdiyimiz mahnının da bitməsini istəməsək də bitir . Səyyad Əlizadənin də ömür payı burada bitdi, ancaq şərəflə, ləyaqətlə, qısa,lakin mənalı ömür yaşadı. Bitməyən xatirələrin, elə şərəfli bir ömrün var ki, gözəl insan, qəlbimizdə elə bir yerin var ki, gözəl insan nə yazmağa zaman yetər, nə də anlatmağa sözlər, kəlmələr. Amma yoxluğun ürəyimizdə elə bir ağrı, elə bir sızıltıdır ki, nə yazmağa gücüm yetmir, nə ürəyimə sözüm keçmir.
Bütün insanlar ölüm şərbətini dadacaq. Bir gün yenə görüşünə gələcək dostların , sevənlərin dəyərli sənətkar. İndi isə yoxluğunda ancaq "Gücum gözlərimin yaşına çatır."

Gülnar İsgəndərova



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ