Sizin reklam burada
Sizin reklam burada

Türkiyə mədəniyyət nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Ağdama səfər edib

Türkiyə mədəniyyət nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Ağdama səfər edib Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti və rusiyalı kino mütəxəssisləri işğaldan azad olunmuş Ağdama səfər edib.
Qonaqları Mədəniyyət nazirinin müşaviri, Kinematoqrafiya və Beynəlxalq şöbələrin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri və səfirlik əməkdaşları müşayiət edir.
İşğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti və rusiyalı kino mütəxəssisləri ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar. Qonaqlara Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə şəhərin tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ordusunun ötən ilin payızında 44 günlük müharibədə qazandığı zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yeni bərpa, quruculuq dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 nömrəli məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib.
Daha sonra nümayəndə heyəti Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olub.
Qonaqlar Qarabağ xanlığının banisi Pənahəli xanın imarətinin də erməni vandalizminə məruz qalması barədə məlumatlandırılıb. Bildirilib ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb.
Onlar, həmçinin Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqlarla tanış olub.
Qonağa ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ