Bu qurum xərçəng xəstəsi olan fələstinli usagı müalicə etdirir
Səudiyyə Ərəbistanını ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin yaydığı bir məlumatda üç İslam ölkəsinin adı çəkilir. Bildirilir ki, xərçəng xəstəliyindən əziyyət çəkən qəzzalı uşağın valideynləri kömək üçün Səudiyyə Ərəbistanındakı Kral Salman Yardım Mərkəzinə müraciət ediblər. Mərkəz həmin müraciəti müsbət cavablandırıb və yeniyetmənin müalicəsinə başqa bir müsəlman ölkəsinin paytaxtında başlanılıb.
Yayılan məlumatda oxuyuruq: “Kral Salman Humanitar Yardım Mərkəzi təcili müalicə tələb edən – ağır xəstəlikdən əziyyət çəkən fələstinli uşaq Əhməd Səbranın ailəsinin humanitar müraciətinə cavab verərək, uşağı İordaniya Haşimilər Krallığındakı Kral Hüseyn Xərçəng Mərkəzində müalicəyə göndərib. Əhməd hazırda İordaniyada müalicə alır.
Bildirilir ki, uşağın valideynləri Səudiyyə Ərəbistanı Krallığının humanitar qurumu olan Kral Salman Yardım Mərkəzinin bu xeyirxahlığına, xüsusən, təcili reaksiya verilməsinə görə səudiyyəli qardaşlarına minnətdarlıq edib və bu addımın islami həmrəylik prinsiplərinin mükəmməlliyindən xəbər verdiyini söyləyiblər.
Kütləvi informasiya vasitələri od-alov içərisində olan Yaxın Şərqdə atılan bu humanitar addımı “müsəlman dünyasında istənilən insanın həyatı dəyərlidir” deyərək qiymətləndirib. Bildirilir ki, əslində Kral Salman Yardım Mərkəzi yarandığı gündən bəri bu qəbildən olan humanitar tədbirləri davam etdirir. Ancaq hazırkı humanitar böhran zamanı qardaş Fələstin xalqının təmsilçisinə göstərilən bu yardımın əhəmiyyəti daha böyükdür.
2. Azərbaycanlı imkansız ailələrə qurban payı
Hər il olduğu kimi, bu il də dekabrın 20-də Səudiyyə Ərəbistanı Krallığı Qurban əti paylanılması layihəsi çərçivəsində ölkəmizə növbəti sovqat gətirib. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, 1710 qutu və ya 46500 kiloqramlıq ət sovqatı Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə şəhid ailə üzvlərinə, müharibə əlillərinə və həssas əhali kateqoriyasından olan ehtiyaclı ailələrə paylanılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.
Əlavə olunur ki, dost ölkənin Azərbaycandakı səfiri cənab İssam bin Saleh Əl-Cuteyli İki Müqəddəs Məscidin Xadiminin – Allah onu qorusun – təşəbbüsü ilə reallaşdırılan proqram çərçivəsində olan sovqatı ehtiyacı olan kəslərə çatdırmaq üçün Azərbaycanın Əmək və Sosial İşlər Nazirliyinə təhvil verib.
İ. MİRZƏBƏYLİ
