Sizin reklam burada
Sizin reklam burada
  • ŞƏFALI ƏLLİ, ŞEİR DİLLİ İLQAR


    YUSUBOV–55
    Xalqımızın müstəqillik arzularını tankların tırtılları altında əzmək məqsədilə Sovet imperiyası tərəfindən törədilən 1990-cı il 20 Yanvar hadisəsi tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuşdur. Bu, həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

    Qara Yanvar zülmün rəngi,
    Qan qoxuyan top-tüfəngi...
    Əliyalın bir millətin
    Hürr yolunda məslək cəngi!

    Hürr yolunda məslək cənginə əzmlə qalxmış istiqlaliyyət, azadlıq, suverenlik istəyəndə olan Vətən sevdalıları sırasında o vaxt Tibb Universitetinin tələbəsi olan, döğum günü 20 yanvara təsadüf edən İlqar Əlyəsə oğlu Yusubov da var idi. Barıt-qan qoxulu o gecə qan yaddaşının azadlıq təşnəli təlqini ilə Bakının soyuq ruzigarında əliyalın gülləbaranla üz-üzəydi... İlqar həkim illər sonra o müdhiş tarixi hadisəni belə xatırlayır: “19 yanvar 1990 ci il. Tibb Universiteti tələbəleri ilə mən də “Spartak” stadionu qarşısında idim. “Spartak” stadionuna rus qoşunları yerləşdirilmişdi və biz onlara etiraz əlaməti olaraq ağır texnikadan - asfalt yayan maşından barrikada qurmuşduq...
    Gece səhərədək atışma səsleri şeheri bürüdü. Səhər gəhşətli hadisənin qandonduran nəticələri sözlə ifadə ediləsi deyildi... Köhnə avtovağzal yanında 145 saylı marşrut avtobusu gülləbaran edilmişdi. Küçələrdəki rus tankları və hər tərəfə şütüyən qara bayraqlı maşınlar qırğından, matəmden xəber verirdi. Avtobusun içərisi qan gölü idi - yaralı və şəhidlər aparılmışdı. Yol kənarındakı maşınlar yararsız hala salınmışdı. Tanklar “Salyan kazarması”nın qapısından yox, hərbi hissənin divarlarını dağıdaraq cıxmışdılar. Bir qədər yuxarı ( İndiki Heydər Əliyev İdman Kompleksinin qarşısında çoxlu şəhid nəşi vardı. “Salyan kazarması” yanındakı barrikada ətrafinda əlisilahlı imperiya əsgərləri - gecenin caniləri dayanmışdı. Meyitləri götürməyə cəhd edən vətəndaşlarımız caniləri lənətləyərkən başımız üzərinden bir neçe gülle atıldı...
    Saat 11 radələrində böyük bir izdiham Mərkəzi Komitənin binası qarşısına toplanmışdı. İmperiyanın qaniçən siyasəti ve günahkarlar lənətlənir, öz qanı ilə tarix yazan Şəhidlərimizin qanının yerdə qalmayacağı deyilirdi...
    Saat 12 radələrində “Bakı soveti” (indiki “İcərişəhər”) metrosu tərəfdən bir neçe rus tankı avtomatdan göye ateş aça-aça izdihama doğru gəlməyə başladı. Çaxnaşma yaransa da, biz - böyük bir qrup gənclər “Azadlıq” sədaları altında qol-qola girərək tankla sinə-sinəyə dayandıq...
    Filarmoniya qarşısında yola barrikada məqsədi ile “Kamaz” avtomobili qoyulmuşdu. Mən “Kamaz”ın kabinasının üstünə çıxdım ve mənə ücrəngli bayrağımızı verdilər. Bayrağımız tanklar qarşısında dalğalanır, Azadlıq səsləri, qəzəbli sozler, etiraz sədaları Mərkəzi Komitə qarşısında göyə ucalırdı…
    Bəlkə də, gece cox qan tökdüklərinden qaniçənlər orada dinc əhaliyə güllə atmadan geri çəkildiler…
    Əsas izdiham Mərkezi Komitə qarşısında idi. Burada bir qrup yox, bütöv bir xalq öz azadlığı, müstəqilliyi, suverenliyi uğurunda mübarizəyə qalxmışdı.
    Həmin gün mənim ad günüm, yaddan cıxmaz, unudulmaz ünüm idi. Mən o günü belə yaşadım…”
    O yaşantı ki, iyirmi bir yaşında olan bir gənc sonrakı illərdə doğum gününü qeyd etməyi özünə rəva bilmədi. Hər dəfə göz önünə Şəhidlər gəldi. Sonrakı illərdə Birinci Qarabağ savaşı və qəsb edilmiş dədə-baba yurd yerlərimiz... Müdriklərimiz yaxşı deyiblər ki, hər qaranlıq gecənin bir aydın səhəri var.

    Doğub Qarabağda zəfər günəşi,
    Vətən, mübarəkdir yeni təqvimin!
    Üfüqlər seyr edir yurda dönüşü,
    Müzəffər orduya hay verir himnim.

    Qarabağda doğan Zəfər günəşinin işığına fikrimi günlükləyib çərrah-həkim, şair qəlbli dostumuzun bioqrafiyasına nəzər salmaq istərdim. “Tərcümeyi - hal” o kəsin yaşantı məqamlarını yox, olsa-olsa rəqəmlərlə onun həyatından bəzi ştrixləri özündə əks etdirə bilir. Lakin bu cansız rəqəmlərin və xülasə-faktın arxasında böyük zəhmət və ömrün enişli-yoxuşlu yolları, bu yolların sevinc və kədəri durur.
    Yusubov İlqar Əlyəsə oğlu 1969-cu ildə Gürcüstan Respublikasının Qardabani rayonu Nəzərli kəndində anadan olub.
    1990-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində təhsil alıb.
    1996-1997 illər ərzində cərrahiyyə üzrə internatura keçmişdir.
    1996-2000-ci illərdə Akademik M.A.Topcubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Torokal cərrahiyyə şöbəsində elmi işçi kimi çalışmışdır.
    2001-2003 cü illərdə 1 saylı Dəmiryol xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərmişdir.
    2004-cü ildən bu günə qədər Xəzər Klinikasında Baş həkim kimi fəaliyyət göstərir .
    Türkiyə , Rusiya, Gürcüstan, Ukrayna, Ərəbistan və s. ölkələrdə elmi konfranslarda və praktik kurslarda iştrak etmişdir.
    Tibb üzrə fəlsəfə doktorudur .
    Ə.Əliyev adına həkimlərin təkmilləşdirmə institutunun doktorantıdır.
    30-a yaxın elmi məqalənin, 3 metodik tövsiyyənin müəllifidir.
    1992-ci ilin mart , aprel aylarında, 1-ci Qarabağ müharibəsində iştrak etmiş və Tibb Universitetinin rəhbərliyi tərəfindən “General Şıxlinski” təqaüdünə layiq görülmüşdür.
    44 günlük 2-ci Qarabağ müharibəsi dövründə könüllü olaraq cəbhə bölgəsinə-"Füzuli Diaqnostika Mərkəzinə" gəlmiş, ön cəbhədən gətirilən yaralı hərbçilərə ilkin tibbi yardım göstərmiş və bir çox cərrahi əməliyyat icra etmişdir.
    Duyğu və könül şəbnəmləri ilə süslənmiş neçə-neçə şeirlərin, söz çələnginin müəllifidir.
    İlqar Yusubovun nəzər saldığımız bioqafiyası onun necə həkim, şəfalı əlli olması yöndə təsəvvür yaratması ilə müvazi olaraq şeir dilli özəlliyin də nişan vermək, bəzi ədəbi örnəklərindən, söz boxçasından müəyyən məqamları dilə gətirmək keçdi könlümdən.
    Şeirlərini İlqar Həkim imzasıyla yazır. Onun poetik istedadının aynasına çevrilən, dərin ədəbi ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsini özündə əks etdirən yaradıcılığında vətən mövzusu özünəməxsusluğu ilə diqqət çəkir.

    Mən uzaq yollardan gəlirəm, Dədə,
    Neçə yol talanıb, yağmalanmışam!
    Min calaq vurublar hər budağıma,
    Yenə öz kökümdə doğmalanmışam.

    Mənim haqq səsimdi ərşə calanan,
    Bir də ər qılıncım--bundan gəlirəm.
    Sən mənim indiki yaşıma baxma,
    Mən Dədəm Qorquddan, Hundan gəlirəm.

    İlqar Həkimin şeirlərindəki “həyat nəfəsi” mənsub olduğu kökə bağlılıq təzahürütək üzə çıxır.
    Mənə görə, “şair” sözünün sinonimi olan, XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğun Vətən məhəbbətini belə səciyyələndirir: “İnsan hissləri içərisində ən müqəddəs, əbədi, tərəqqi və inkişafa təkan verən amillərdən biri, bəlkə ən mühümü vətənpərvərlikdir. Vətən məhəbbəti insanın həyat nəfəsidir”.

    Duyğuma bir qatar dərd düşüb, ana,
    Rüzgarım yolumdan sərt düşüb, ana,
    Yadıma o köhnə yurd düşüb, ana,
    Çağlayıb , məcramı daşıb gəlirəm!

    İlqar Həkimin yaradıcılıq kredosunu və həyat amalını özündə əxz edən poetik örnəklərində duyğusal bir ovqatla şair nəfəsini duymaq mümkündür.

    Havalar soyuyur, könlüm üşüyür,
    Daha aranın da suyu buz gəlir.
    Hər payız gələndə bahar arzusu,
    Hər bahar ömrümə bir payız gəlir!

    Baharla payzın gözəlliyi, özəlliyitək ruhumu oxşadı bu poetik duşuncələr. Arifi üşüdər soyuq baxışlar...Qayəsi işıq dolu, əməli şəfa ünvanı olan, sözə tapınan İlqar həkimin insanlıq gunəşinin hərarəti, poetik düşüncə ruhu zamanın, məkanın fövqündədir...
    Başqa bir şeirində poetik boyalarla, qəlb ehtizazı ilə ovqat rəsmi çəkir:

    Mənim dərdim ürəyimin icində,
    Üzümdəki təbəssümə baxma gəl.
    Bulud oynar xəyalımın köcündə
    Ieysan yağar, selə düşüb axma gəl.

    "Bulud oynar xəyalımın köcündə... " Ruha, xəyala sığal çəkən poetik əsinti... Duyguların qərib ovqata köklənmiş poetik işığında iç dünyanın sərgisi... Duyğulandım!
    “Yarpaqlar payızın son cicəyidir” şeirinin şehinə bələnir duyğulanıram:

    Bu yağış o qızın göz yaşlarımı?..
    Yuxada verilən sudumu görən?..
    Yarpaqlar payızın son cicəyidir,
    Mənim çiçək payım budumu görən?..

    Boğazda yarpaqtək qırılır sözlər,
    Duyğuda dilsizcə ölür sətirlər.
    Neçə yol süzülür , durulur sözlər,
    Ümidi həsrətə bölür sətirlər."

    ...oxuduqca, düşüncəmdə "bir kölgə şöykənir çılpaq ağaca" və "yarpaqlar payızın son çicəyidir" pıçıltısı ilə İlqar Həkimin Sözünün sehrində xəyallanıram...
    İlqar həkim nə yazırsa, gözəl yazır. İdrak ışığı gur, könlü xoş, təbi rəvan, ilhamı coşqulu olsun!
    Belə məqamda deyiblər ki, günəş doğdu üzündə... Şeirdən - şeirə üzümdə günəş doğur. Elə bu ovqatla üzü nurlu, sözü dürlü, şəfalı əlli, şeir dilli dostumuzu – təbəddülatlı dünyamzda günəşi şəfa saçan dünyasından pənah gətirənlərə sağlamlıq işığı bəxş edən İlqar Həkimi dünyaya gəldiyi gün ( 20 yanvar), ömür təqviminin 55 illiyi münasibətilə ithaf söz çələngimimlə qutlayır, ən xoş arzularımı ünvanlayıram!
    Tanrı işığı hər zaman qəlbinizi və həyat yolunuzu aydın etsin, məslək və həyat qayəsi xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş HƏKİM-AYDINIMIZ!

    Kəlməsiylə qatan da var
    Acı həbə balın dadın.
    Neçə xəstə şəfa tapar
    Doğruldanda həkim andın.

    Bir mayakdır ümidlərə,
    İşığında nicat yeri.
    Çarə qılır neçə dərdə,
    And içdiyi vaxtdan bəri.

    Üz tutulan ünvan, yoldu...
    Naxışlanıb əməliylə.
    Neçə ömrə həyan oldu
    Nur timsallı əlləriylə.

    Tapdıq ƏLİBƏYLİ
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ