Dövlətimizin son illər təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan T.Quliyev Heydər Əliyev Fondunun dəstəyi ilə son illər xeyli məktəbdə təmir-tikinti işlərinin aparıldığını xüsusi vurğuladı. Direktor bildirdi ki, dövlətimizin təhsilə göstərdiyi qayğıya biz müəllimlər də yüksək işimizlə cavab verməli, gənc nəslin vətənpərvər, savadlı, gələcəyin peşəkar kadrları kimi yetişməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov da dövlətimizin təhsil sahəsinə diqqətinin ildən ilə artmasını bildirdi. Məktəbdəki şagird sıxlığı nəzərə alınaraq bu tədris ocağı üçün yeni korpusun tikintisi və təmir işlərinin aparılmasının Dövlət Proqramına daxil edildiyini dedi. Qeyd olundu ki,təmir-tikinti işlərinin yaxın iki il ərzində başa çatdırılması nəzərdə tutulur. O məktəbin bütün kollektivini, valideynləri, şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
Sonra bədii hissə başladı. Balaca məktəblilər Vətənə, doğma yurda aid şeirlər söylədilər, rəqs nümunələri nümayiş etdirdilər. Daha sonra yeni dərs ilinin başlandığını bildirən ilk zəng çalındı, şagirdlər sinif otaqlarına keçərək ilk dərsə başladılar.
Məktəbin 1 “g” sinifinin rəhbəri Ülkər Məmmədova şagirdləri mehribanlıqla salamladı. Onları dərs ilinin başlaması münasibətilə təbrik etdi. İlk dərsin idman və sağlamlıq mövzusu olduğunu bildirən müəllim hazırladığı slaydların köməyi ilə şagirdləri pis vərdişlərdən üzaqlaşmağa, idmanla məşğul olmağa, təbiəti qorumağa səslədi. Şagirdlərdən sual – cavablarda fəal iştirak edir, müəllimi diqqətlə dinləyirdilər.
Hələ qarşıda bu balaca məktəbliləri qayğı dolu illər, elmin zirvəsinə doğru enişli-yoxuşlu yollar gözləyir. Bu gərgin, şərəfli yolda şagird və müəllim kollektivinə uğurlar arzulayırıq.
Aytən KƏRİMLİ
