Sizin reklam burada
Sizin reklam burada
  • Qənbər Əhmədli

    Qənbər Əhmədli,
    şair-publisist, “Qızıl qələm” mükafat laureatı,
    Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.


    Alır qisasını şəhidlərimizin!

    Zəfər çalır rəşadətli ordumuz,
    Azad olur ata-baba yurdumuz,
    Bayram edir qələbəni xalqımız.
    Alır qisasını şəhidlərimizin,
    İgidləri, mübariz millətimizin!

    Otuz ildi səbr eylədik, gözlədik,
    Hər gələnə güley-güzar eylədik,
    Nə ağlaya bildik, nə gülə bildik.
    Alır qisasını şəhidlərimizin,
    İgidləri, mübariz millətimizin!

    Qarabağ dərdimiz ağır bir dərddi,
    Çoxları dözmədi intihar etdi,
    Dünyada görünməz bir genosiddi.
    Alır qisasını şəhidlərimizin,
    İgidləri, mübariz millətimizin!

    Altı yüz on üçü güllə-baranlı,
    Əsir düşdü neçə mini yaralı,
    Bir gecədə viran oldu Xocalı.
    Alır qisasını şəhidlərimizin,
    İgidləri, mübariz millətimizin!

    Vətən çağırışı ilə səfərbərliyim,
    Yumruq kimi mütəşəkkil birliyim,
    Döyüşlərdə igidliyim, mərdliyim.
    Alır qisasını şəhidlərimizin,
    İgidləri, mübariz millətimizin!

    İlham kimi rəhbərimiz, arxamız,
    Yeni tarix yazdı Komandanımız!
    Dalğalanan üçrəngli bayrağımız.
    Alır qisasını şəhidlərimizin,
    İgidləri, mübariz millətimizin!
    28 oktyabr 2020

    Saymadı fayda

    Nə döyüş bacarır nə sülhə gəlir,
    Gah dönür aslana, gah da lüllənir.
    İndi də əl açıb silah dilənir,
    Erməni adında bu bədbəxt tayfa,
    Verilən payları saymadı fayda.

    Namərdlik, nankorluq əməlləriylə,
    Gəzib dolandılar eldən-ellərə.
    Vətən axtarırlar bu gün də hələ,
    Erməni adında bu bədbəxt tayfa,
    Verilən payları saymadı fayda.

    Terrorla fəxr edir bu gün az qala,
    Heç kimlə dünyada getməyir yola.
    Daşnaksütyun ocağıdır “ASALA”,
    Erməni adında bu bədbəxt tayfa,
    Verilən payları saymadı fayda.
    03 noyabr 2020

    Vətən naminə
    Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Saatlı rayon Qaracalar kənd sakini Əhmədov Şahid Gülməmməd oğlunun əziz xatirəsinə itihaf edirəm.

    Qəhrəman adınla şərəf-şanınla,
    Doğma el-obanın qeyrəti şəhid.
    Yazıldı tarixə bu gün qanınla,
    Bu imiş taleyin-qisməti Şahid.

    Vətənə vətəndaş hər yetən olmur,
    Cəfasına sinə gərə bilməsən.
    Vətən də o vaxtı bir vətən olur,
    Torpağı düşməndən qoruya bilsən.

    Şəhidlik zirvəsi oğul bax budu,
    Yurdunda təki bir qalanın olsun.
    Atanın zəhməti, ananın südü
    Qoy vətən naminə halalın olsun!
    23 oktyabr 2020

    Qarabağ bizimdir
    Ali Baş Komandanın Qarabağ bizimdir şuarına nəzirə

    Qədim Qarabağın qədim xanlığı,
    Əsrdən-əsrə bütün varlığı.
    Hər qarış torpağa aranı-dağı,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    Sinəmdə dağ-düyün düzüm-düzümdü,
    Günah özümüzündü, dərd özümüzündü.
    İrəvan, Zəngəzur, Göyçə izimdi,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    Yüz illər sərvətim, varım talandı,
    Qanun tapdalandı, haqq tapdalandı.
    Bu da bir sınaqdır, bir imtahandır,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    Haqq-ədalət, vətən bizim, yurd bizim,
    Sinəmizdə çalxalanan dərd bizim.
    Hünər meydanında vuran mərd bizim,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    Vətən üçün müqəddəsdir andımız,
    Ali Quranımız, ulu Tanrımız.
    Göydə ALLAH, yerdə Komandanımız,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    Başımın tacıdır Şuşa Qalası,
    Qartallar yuvası, cəngi havası.
    Bax, budur xalqımın vətən davası,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    Baş Komandan hücum əmrini verdi,
    Vaxtında edilən böyük hünərdi.
    Haqq yolumuz Zəngəzura qədərdi,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    Atatürklə Ulu öndər babamız,
    Azərbaycan türk qanıdır qanımız.
    İki dövlət bir millət ünvanımız,
    Bizim odlar yurdu qədim cahandır,
    Qarabağ bizimdir, Azərbaycandır.

    23 oktyabr 2020




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ