Sizin reklam burada
Sizin reklam burada

Yubileyiniz mübarək, əziz “Gürcüstan”lı həmkarlar!

Yubileyiniz mübarək, əziz “Gürcüstan”lı həmkarlar! Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan dilində nəşr edilən “Gürcüstan” qəzetinin 100 yaşı tamam olur. Bu münasibətlə nəşrin fədakar kollektivini ürəkdən təbrik edirəm.
Mətbuat ictimai rəyi formalaşdıran çox mühüm vasitədir. Ancaq elə mətbuat orqanları var ki, onların yaranması və fəaliyyəti həm də bir tarixdir. Çünki onlar tarixi missiya həyata keçiriblər. Bu mənada “Gürcüstan” qəzetinin keçdiyi yol örnək mahiyyət daşımaqdadır.
İlk nömrəsi 1921-ci ilin martında “Kommunist” adı ilə çapdan çıxmış “Gürcüstan” cəmi bir neçə aydan sonra nəşrini dayandırmışdı. 1922-ci ilin yanvarından “Yeni fikir” adı altında işini bərpa etmişdir. 1927-ci ildən sonra “Yeni kənd”, 1938-ci ildən sonra isə “Sovet Gürcüstanı” adlanmışdır.
Yubilyar nəşr 1990-cı ildən “Gürcüstan” adı ilə çıxır. Nəinki çıxır, eyni zamanda Gürcüstanın azərbaycanlı əhalisinin tribunası olaraq fəaliyyət göstərir. Bu cəhətin özü də onun daşıdığı missiyanın böyüklüyündən xəbər verir.
“Gürcüstan” Azərbaycanla Gürcüstan arasında körpü funksiyasını həyata keçirib. 100 il öncə də belə idi, indi də belədir. Yubilyar nəşr hər zaman hər iki xalqın ortaq mənafelərin təbliğatçısı və təşviqatçısı rolunda çıxış edib, maraq və mənafeləri uzlaşdırmağı bacarıb. Bu missiyanın vacibliyini geniş izah etməyə ehtiyac yoxdur. Yalnız onu demək mümkündür ki, ortaq maraq və mənafelərin yaranması heç də asan başa gəlmir. Bu mənada “Gürcüstan”ın qatlaşdığı çətinliklər də az deyil. Amma nəşr onları özünün peşəkar yanaşması ilə dəf etməyi bacarıb.
Ötən yüz ildə “Gürcüstan”ın səhifələrində kimlər yazmayıb ki? Hər birinin adını çəksək, uzun siyahı alınar. Təkcə onu vurğulamaq mümkündür ki, qəzet Azərbaycan ədəbi-bədii mühitinin möhkəmlənməsində müstəsna rol oynamışdır. Belə bir dəst-xətt də onun populyarlaşmasında, sevilməsində, rəğbətlə qarşılanmasında başlıca amillərdəndir.
100 illik yol möhkəm təməldir. Bu, nəinki dostluğun, qonşuluğun, yoldaşlığın və tərəfdaşlığın möhkəm təməlidir, habelə nikbin gələcəyidir də. Əminəm ki, yubilyar nəşr bu təmələ, ümumən daşıdığı, yaranmasında özünün də bilavasitə iştirak etdiyi ənənələrə sadiq qalacaq, daha böyük uğurlara imza atacaqdır.
Bir daha “Gürcüstan” qəzetinin əməksevər kollektivininin üzvlərini nəşrin fəaliyyətə başlamasının 100 iliyi münasibətilə ürəkdən təbrik edir, onlara ən xoş və səmimi arzularımı bildirirəm.
Yubileyiniz mübarək, əziz “Gürcüstan”lı həmkarlar!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ