
Komissiya “A+CO” MMC-nin “Realmedia.az” analitik informasiya portalına qarşı şikayətini araşdırıb. Şikayətçi, “A+CO” MMC-nin nümayəndəsi Rüstəm Məhərrəmov bildirib ki, xəbər portalında 5 dekabr 2020-ci il tarixdə dərc edilən yazıda təmsil etdiyi müəssisənin və onun təsisçisinin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən məqamlar yer tutub. O, “Xırdalandakı Elbrusun “Şərab evi”ndə işçilərin əməyi quldurcasına istismar olunur” sərlövhəli məqalədəki ittihamın qondarma xarakter daşıdığını, reallığı əks etdirmədiyini bildirib. Bununla yanaşı, şikayətçi yazı müəllifini qarşı tərəfin rəyini öyrənməməkdə, dəqiqləşdirmə aparmamaqda qınayıb.
“Realmedia.az” analitik informasiya portalının baş redaktoru Ramin Məhəmmədoğlu isə Komissiya üzvlərinə bildirib ki, materialın yayılmasında hər hansı qərəz olmayıb, həmçinin məqalə yayımlandıqdan sonra qarşı tərəfə öz mövqeyini ifadə etmək üçün şərat yaratmağa hazır olduqlarını bildiriblər.
Şikayətçi və şikayət edən arasındakı öncəki danışıqlar şifahi formada, telefon vasitəsilə həyata keçirildiyi üçün deyilənlərin reallığını isbatlamaq mümkünsüz olub. Bunanla yanaşı, Komissiya üzvləri bildiriblər ki, narazılıq doğurmuş yazıda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın balans prinsipi pozulub - material birtərəfli qaydada, qarşı tərəfin mövqeyi öyrənilmədən yayımlanıb. Komissiya “Realmedia.az” informasiya portalına tövsiyə edib ki, qarşı tərəfin öz mövqeyini ifadə etmək hüququnu tanısın, təkzib vermək üçün şərait yaratsın.