Sizin reklam burada
Sizin reklam burada
  • Elnur Əbülfəzoglu: "Tarix yazdı qanlarıyla şəhidlər"

    Elnur Əbülfəzoglu: "Tarix yazdı qanlarıyla şəhidlər" Elnur Əbülfəzoglu

    Tarix yazdı qanlarıyla şəhidlər

    Vətən andlı, torpaq andlı savaşda,
    Tarix yazdı qanlarıyla şəhidlər.
    Hər addım başında, hər bir qarşıda,
    Tarix yazdı qanlarıyla şəhidlər.

    Yağıları zəmi kimi biçdilər,
    Zəfər üçün müqəddəs and içdilər.
    Haqq uğrunda canlarından keçdilər,
    Tarix yazdı qanlarıyla şəhidlər.

    Bicə yol da geri addım atmadı,
    Gecə-gündüz hey döyüşdü, yatmadı.
    Nankor düşmən arzusuna çatmadı,
    Tarix yazdı qanlarıyla şəhidlər.

    Sındırdılar namərdlərin belini,
    Susdurdular qaragüruh dilini,
    Qandallayıb silah tutan əlini,
    Tarix yazdı qanlarıyla şəhidlər.

    Son qoyuldu bir məkrli oyuna,
    Bəlkə dünya bu qəflətdən oyana,
    Lənət olsun bədxahların soyuna,
    Tarix yazdı qanlarıyla şəhidlər.

    Ulu Tanrım hifz eylədi ordumu,
    Ordum da ki, azad etdi yurdumu.
    Bircə dəfə niyə, nədən sordumu? -
    Tarix yazdı qanlarıyla şəhidlər.

    Azad görüb neçə kəndi, şəhəri,
    Qəlbimizdən silib atdıq qəhəri,
    Xalqımıza bəxş eyləyib zəfəri,
    Tarix yazdı qanlarıyla şəhidlər.

    Sevgi, məhəbbət

    Şölə saçan şamdır,parlayan çıraq,
    Dəryadı,dənizdir sevgi, məhəbbət.
    Odur sakit qəlbə gələn səs,soraq,
    Ən gözəl gümandı sevgi, məhəbbət.

    Şaxtadı,ayazdı,çəndi,dumandı
    Sazaqdı,çiskindi,qardı,borandı.
    Xəfif bir duyğudur,ən gözəl andı,
    Hikkədir,yamandı sevgi, məhəbbət.

    Neçə ürəkləri odlayıb yaxan,
    Gözlərdə parlayıb şimşək tək çaxan.
    Hər sevən aşiqin sözünə baxan,
    Saf sudu,ümmandı sevgi, məhəbbət.

    İmtahandır bu dünya

    Yaradıbdır Yaradan,
    İmtahandır bu dünya.
    Yaxşı,yaman sarıdan,
    İmtahandır bu dünya.

    Sirrdi yaradılışı,
    Hələ bilinmir yaşı.
    Var kədəri, alqışı,
    İmtahandır bu dünya.

    Hər kəsi sınamaqçün,
    Kimsəni qınamaqçün.
    Gələn hər an günbəgün,
    İmtahandır bu dünya.

    Bəllisi nə bu sirrin,
    Düşünürük çox dərin.
    Həm acıdır, həm şirin,
    İmtahandır bu dünya.

    Ey Adəm övladları,
    Bizə köməkdi Tanrı.
    Yaxşı bilək bunları,
    İmtahandır bu dünya.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ