Sizin reklam burada
Sizin reklam burada
  • Ölkəmizdə mətbuata dövlət qayğısı yüksək səviyyədədir

    Ölkəmizdə mətbuata dövlət qayğısı yüksək səviyyədədir
    İlham Əliyev jurnalistlərin ən yaxın dostudur

    Xalqımızın tarix boyu yetirdiyi ən görkəmli maarifçilərdən olan Həsən bəy Zərdabinin "Əkinçi” qəzeti ilə parlamış işıq düz 145 ildir ki, yolumuzu aydınladır.
    Böyük ziyalının illər sonra qələmə aldığı məqalələrindən birində "Rusiyada əvvəlinci türk qəzetəsi” deyərək təqdim etdiyi "Əkinçi” bu illər ərzində ictimai fikir tariximizə çox qiymətli bəhrələr verib. Bu, XX əsrin əvvəllərində maarifçilik ideyalarının təcəssümü kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti və onun hüquqi varisi olan, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövlətidir.
    Azərbaycanın qazandığı nailiyyətlər, beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsi bu 145 illik tarixi yaratmış, öz həyat və fəaliyyətləri, Vətənin inkişafı naminə gördükləri fədakar işlərlə milli mətbuatımızı mənalandırmış maarifpərvərlərimizin gerçəkləşən arzularıdır.

    Xalqa təmənnasız sevginin tarixi

    Milli mətbuatımızın tarixi Azərbaycanın çox qiymətli bir parçasıdır. Bu, təkcə çox qısa müddət ərzində fəaliyyət göstərmiş, mənəvi ömrünü isə bu gün də davam etdirən bir qəzetin yaşı deyil. Vətənə sidq-ürəkdən sevginin tarixidir. Xalqın mədəni inkişafı, dövlətçilik şüurunun, vətəndaş məsuliyyətinin formalaşması üçün cidd-cəhdlə hər əzaba qatlaşmağın salnaməsidir.
    Azərbaycan mətbuatı 145 ildə çox böyük tarixi yol keçib. Bu gün cəmiyyətimizin mədəni inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan söz və ifadə azadlığı, kütləvi informasiya vasitələrinin bolluğu, təxminən əsr yarıma bərabər müddətin həyatımıza gətirdiyi nailiyyətlərdir. Onların hər birində "Əkinçi”nin işığı görünür. Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Ə.Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Ceyhun bəyin, Şəfi bəy Rüstəmbəylinin, Xəlil İbrahimin və digər mütəfəkkirlərimizin ruhları duyulur. Çünki bütün nailiyyətlər də tarixin müasir çağında xalqa xidməti, ölkənin inkişafına nail olmağı özünə şərəf bilən belə şəxsiyyətlərimiz hesabına qazanılıb və qazanılır.
    Ömrünü Azərbaycanın müstəqilliyinə, inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevlə, böyük rəhbərin dövlətçilik irsini bu gün əzmlə davam etdirən Prezident İlham Əliyevlə, bütün dünyada sülhün, multikulturalizm ideyalarının, xeyirxahlıq, mərhəmət, sevgi kimi ali dəyərlərin yayılmasına töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Həsən bəy Zərdabi kimi maarifçilərimizin missiyası arasında qırılmaz bir bağlılıq var.

    Dəyərlərə hörmət

    Milli mətbuat günü xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyətini hər zaman qoruyacaq tarixdir. Hər il bu əlamətdar gün xalqa təmənnasız xidmət etmiş bütün şəxsiyyətlərimizin ruhuna sevgi hissi ilə qeyd edilir. Bu il isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, pandemiya ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri, bununla bağlı müvafiq tövsiyələr nəzərə alınmaqla yubiley tədbirləri keçirilir. Eyni zamanda, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlər mükafatlandırılıb.
    Hazırda bəşəriyyətin əsas probleminə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizənin davam etdiyi, eyni zamanda daha bir təhlükəli virus kimi əsrlərdir bizə əziyyət verən erməni təxribatlarına qarşı cəbhə bölgəsində gərgin əməliyyatların aparıldığı ərəfədə dövlət rəhbərimizin milli mətbuat tariximizi də diqqətdən kənarda qoymaması Prezident İlham Əliyevin milli-tarixi dəyərlərimizə böyük sevgi və qayğısının daha bir ifadəsidir.

    "Əkinçi”dən başlanmış missiya

    Azərbaycan milli mətbuatı xalqın önündə gedən insanların inkişaf arzularından, dünyanın yeni çağırışlarına həssaslığından, bu tərəqqidə Azərbaycanın da nişanəsini görmək istəyindən yaranmışdı.
    Təxminən yüz il bundan əvvəl ayrı-ayrı qəzetlərin səhifələrində məqalə və şeirləri ilə çıxış edən böyük şairimiz Məhəmməd Hadi Azərbaycan xalqının o illərdəki mövqeyini, durumunu görərək vətəndaş vicdanının yanğısı ilə "Yox millətimin xətti bu imzalar içində” yazırdı. Bəli bu millətin liderinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyası kimi dünyanın ən mötəbər qurumunun xüsusi sessiyası çağırılır. Pandemiyaya qarşı birgə mübarizə ilə bağlı Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflər qəbul edilir. Dünya Azərbaycanın mövqeyinə dəyər verir. Bu mövqe ilə hesablaşırlar. Ölkəmiz qlobal inkişaf və müzakirə proseslərinin əsas mərkəzlərindən birinə çevrilir. Sivilizasiyaların təmas meydanı kimi bəşəriyyəti aktual mövzular ətrafında bir araya gətirir.
    Bu, 145 il əvvəl belə bir istəklə ölkəmizdə mətbu ənənələrin əsasını qoymuş, bu ənənələri onilliklər ərzində qoruyub inkişaf etdirmiş şəxsiyyətlərimizin ruhuna ən böyük töhfə, ərməğan deyilmi?!
    Bütün bunlar Azərbaycan dövlətinin müstəqillik yollarında qazandığı parlaq nailiyyətlərin göstəricisidir. Həmin nailiyyətlərin əldə olunmasında isə təbii ki, milli mətbuatımızın müstəsna rolu var.
    Azərbaycanın müstəqillik tarixinin elə bir anı yoxdur ki, orada mətbuat görünməsin. Mətbuatımız o tarixi ana işıq tutmasın, öz səhifələrində, xronikalarında bunu sənədləşdirməmiş olsun. Əslində, müstəqillik tariximizin özü də müstəqil mətbuatımızdan başlanır. Ötən əsrin 80-ci illərinin sonlarında baş verən proseslər ölkəmizdə çoxsaylı kütləvi informasiya vasitələrinin yaranmasına şərait yaratdı. Yeni mətbuat ənənələri formalaşdı. Azərbaycanın dövlət müstəqilliyinin bərpası bu şəraiti daha da genişləndirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, hüququ dövlət quruculuğu prosesləri, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması mətbuat tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Ölkəmizdə söz və mətbuat azadlığı 1995-ci ildə qəbul edilmiş Ana Qanunumuzda - Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olundu. 1998-ci ildə ölkəmizdə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər maneələr aradan götürüldü. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Medianın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi istiqamətində addımlar ardıcıl xarakter daşımağa başladı.
    Qəzetlərin 2001-ci il dekabrın 31-dək "Azərbaycan” nəşriyyatına yaranmış, o vaxtın pulu ilə kifayət qədər böyük məbləğ edən 398 min manat borcunun Ulu Öndərin siyasi iradəsi ilə dövlət büdcəsindən ödənilməsini, redaksiyaların üzləşdiyi çox çətin durumda Heydər Əliyevin milli mətbuatımıza bu dəstəyini mətbuatda çalışanlar hər zaman minnətdarlıq hissi ilə xatırlayırlar.
    Ümummilli Liderin mətbuat təmsilçiləri ilə mütəmadi görüşləri, verdiyi tövsiyələr, Azərbaycan mətbuatının inkişafı üçün atdığı addımlar da milli mətbuat tariximizin parlaq səhifələridir.

    "Jurnalistlər mənim köməkçilərimdir”

    Ölkəmizdə kütləvi informasiya vasitələrinin maneəsiz fəaliyyəti üçün şərait yaradılması, ifadə azadlığının təmin olunması, bu sahədə qanunvericilik normalarının qorunması, medianın öz ictimai nəzarətçi funksiyasını yerinə yetirməsi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətini təşkil edir.
    Son onilliklərdə ölkəni böyük inkişaf nailiyyətlərinə qovuşduran, cəmiyyətin bir çox sosial problemlərini aradan qaldıran, həyata keçirdiyi strateji layihələrlə respublikanın bu günü ilə yanaşı gələcəyini də yaradan dövlət rəhbərimiz yerinə yetirdiyi çətin və məsuliyyətli vəzifədə media nümayəndələrinə öz ictimai köməkçiləri kimi yanaşır. "Jurnalistlər, əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

    Mətbuata dövlət dəstəyi

    Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostudur. Cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi, milli mətbuatımızın da inkişafının əsas qarantıdır. Dövlət rəhbərimizin rəhbərliyi ilə qazanılmış nailiyyətlərdən zaman-zaman ölkə mətbuatı da bəhrələnir. Mətbuata dövlət dəstəyi siyasəti son illərdə daha da güclənib. Milli mətbuat günü hər il dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə redaksiyalara yardımlar ayrılır. Yüzlərlə jurnalist öz qələmi ilə ölkəmizin inkişafına verdiyi əməyin qarşılığı kimi dövlət mükafatları ilə təltif edilir. Onlara fəxri adlar təqdim olunur. Bütün bunlar jurnalistlərimizin zəhmətinə verilən böyük qiymətdir. Təsadüfi deyil ki, jurnalistlərimiz də "RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən aparılan rəy sorğusunda Azərbaycan Respublikasının Prezidentini bir neçə dəfə "Jurnalistlərin dostu” seçiblər.

    Prezident İlham Əliyevin hələ 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ötən dövr ərzində milli mətbuatımızın hərtərəfli inkişafına böyük təkan olub.

    Ənənələr qorunur

    Məlumdur ki, indi müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafından irəli gələrək ənənəvi qəzetçilik bütün dünyada müəyyən böhran dövrünü yaşayır. Qəzet və jurnalları elektron media əvəz edir. Amma inkişaf etmiş cəmiyyətlərin hər birində ənənəvi qəzetlər, jurnallar yenə də ən etibarlı məlumat qaynağı kimi mövcudluğunu müəyyən səviyyədə qoruyur. İnsanlar ən doğru təhlilləri, dəqiq məlumatları məhz ənənəvi kütləvi informasiya vasitələrinin səhifələrindən ala biləcəklərinə əmindirlər. Kağız media elektron resurslar üçün zəngin material bazası rolunu da oynayır, keyfiyyətli məzmun yaradır.
    Məsələnin başqa tərəfi də var. Kağız media xalqın tarixidir. Ötüb keçən illərin, baş verən hadisə və proseslərin kağız üzərində min illərlə yaşayacaq sənədli salnaməsidir. Ona görə də qəzet, jurnal, kitab onun müəllifini, redaktorunu daha məsuliyyətli olmağa sövq edir. Bir atalar sözümüzdə deyildiyi kimi, həqiqətən, "Yazıya pozu yoxdur”. Ona görə də kağız formatında fəaliyyət göstərən mətbu orqanlarında hər söz, fikir az qala zərrəbinlə yoxlandıqdan sonra səhifəyə qoyulmalıdır.
    Onlayn medianın operativlik, hər kəs üçün bir anda əlçatanlıq baxımından kifayət qədər böyük üstünlükləri olsa da, əfsus ki, tarixi soraq, dəqiqlik, mötəbərlik funksiyasını eyni şəkildə yerinə yetirə bilmir. Bir tərəfdən, onlayn mediadakı hər hansı mətni, məzmunu, faktı, sübutu bir dəqiqənin içində tamam başqa cür dəyişmək, ya da tamamilə itirmək mümkündür. Digər tərəfdən isə, illər boyu min bir əziyyətlə elektron resurslarda toplanmış materiallar hər hansı texnogen amillər üzündən bir anda yoxa çıxa bilər. Ona görə də ənənəvi media ənənələri yaşadılmalıdır. Cəmiyyət tarix, həqiqətin qorunması, mənəvi irsin gələcək nəsillərə ötürülməsi naminə bu ənənələrin mühafizəsinə, inkişafına bacardıqca dəstək verməlidir.
    Məhz Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində bu gün milli mətbuatımız öz tarixi ənənələrini yaşada bilir. Dövlətimizin, xalqımızın yazılı salnaməsini yaratmaqda davam edir.

    Öncə Vətən

    Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca kütləvi informasiya vasitələrinin, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində də tədbirlər həyata keçirilir. 2013-cü ildən başlayaraq Azərbaycan jurnalistlərinin mənzillərlə təmin olunması, bunun xoş bir ənənəyə çevrilməsi Bakının mərkəzində jurnalistlər şəhərciyinin salınması buna bir nümunədir. Hər yeni binada mənzillərin paylanması mərasimində Azərbaycan Respublikası Prezidentinin şəxsən iştirakı da jurnalistlərə diqqət və qayğının ifadəsidir.
    Dünyanın heç bir ölkəsində dövlət media nümayəndələrinin fəaliyyətinə bu səviyyədə dəstək vermir. Bu gün Azərbaycan internet azadlığının ideal səviyyədə olduğu ölkələrdəndir. Vətəndaşların ifadə azadlığı ən yüksək səviyyədə təmin olunub. Əlbəttə, söz azadlığının ayrılmaz tərkib hissəsi olan sosial məsuliyyət prinsiplərinin qorunması, yayılan, tirajlanan hər sözün məsuliyyətinin hər kəs tərəfindən dərki üçün də dövlət üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Peyk xəbərlərin dünyanın bütün ölkələrində cəmiyyət üçün ciddi problemə çevrildiyi, insanların mediada təhqirə məruz qaldığı, şəxsi və işgüzar nüfuzunun zədələndiyi, insanların yaydıqları sözlə bağlı fərdi məsuliyyət hissinin azaldığı müasir çağlarımızda buna çox böyük ehtiyac var. Azərbaycan dövləti də başqa sivil ölkələr kimi bu sahədə tənzimləyici həllər axtarır. Eyni zamanda mətbuat mühitinin sağlamlaşdırılması, media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması, sözün dəyər qazanması üçün addımlar atılır.
    Azərbaycan dövlətinin milli maraqlarının qorunmasında, ölkəmizə qarşı yönələn informasiya təxribatlarının qarşısının alınmasında, tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında mətbuat, jurnalistlər yaxından iştirak edirlər. Bunu Ermənistanın son günlər sərhəd bölgəsində törətdiyi təxribatlara qarşı apardığımız haqq davasında da müşahidə etməkdəyik. Sağlam düşüncə ilə fəaliyyət göstərən hər bir mətbuat orqanı, qələm sahibi bu məsələdə dövlətimizin, Ordumuzun, Ali Baş Komandanımızın yanındadır. Azərbaycan jurnalistləri qələmlərini süngüyə çevirərək öz yazıları, obyektiv rəyləri ilə həm erməni işğalçılarına, həm də xaricdə əyləşib Azərbaycana qarşı təxribatlarda iştirak edən xainlərə, "sapı özümüzdən olan baltalara” qarşı savaş aparırlar. Bu, belə də olmalıdır. Azərbaycana canı-qanı ilə bağlı olan hər bir jurnalist üçün öncə Vətəndir. Xalqımızın milli maraqlarıdır. "Əkinçi” qəzeti də 145 il əvvəl bu yurda sevgidən doğulmuşdu.
    Və Azərbaycan mətbuatı Vətənə bu sonsuz sevgini yaşatmaqla "Əkinçi”nin, Həsən bəy Zərdabinin ruhunu yaşadır.

    İradə ƏLİYEVA,
    "Azərbaycan”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ