Rizvan Cəfərli
“Qürbətdən gələn səs" kitabından
İllər məni anlamadı
Şirin-səkər sözlər dedim,
Dillər məni anlamadı.
Öz bağçamda bəslədiyim,
Güllər məni anlamadı.
Nəfəsiylə yaşadığım,
Sevə-sevə oxşadığım,
Sığal çəkib daradığım,
Tellər məni anlamadı.
Bilməm necə ömür sürdüm,
Bu dünyada nələr gördüm.
Mən bir ömrü qurban verdim,
İllər məni anlamadı.
Rizvan, küsmə bir kimsədən,
Nə taledən, nə bəndədən,
Gözlərimdə tuğyan edən,
Sellər məni anlamadı.
Dəniz, məni anladınmı
Bir dənizdi, bir də mənəm,
Bir də qərib düşüncələr.
Məndən nələr alıb görən,
Nələr verib düşüncələr…
Dəniz mənə qulaq asır,
Mən də onu dinləyirəm.
Yaralı bir şikar kimi,
Birdən yaman inləyirəm.
Kimsə məni anlamadı,
Bəlkə dəniz duya məni.
Kədərimlə, nisgilimlə,
Kaş ki, dəniz yuya məni…
Dənizin öz Vətəni var,
Qərib deyil mənim kimi.
Dənizin öz yuvası var,
Çətin duya həsrətimi.
Mən dünyaya qərib gəldim,
Özü qərib, sözü qərib.
Tapammıram hey gəzirəm,
Haqqı qərib, düzü qərib.
Dəniz, məni anladınmı?
Yoxsa gedim birdəfəlik.
Dəniz, saxla sirlərimi,
Yəqin bir də görüşərik...
Yəqin bir də görüşərik.
Sənin yoxluğunla barışammıram
Hardasan, necəsən, ay ömrüm, günüm?
İstədim, səninlə danışım bir az.
Dedim, xəyalınla baş-başa verib,
Sənin yoxluğunla barışam bir az.
Dedim, söhbət edək, olub keçəndən,
Dayanaq üz-üzə, səssiz-səmirsiz.
Kədəri, qüssəni gözdən oxuyaq,
Oturaq diz-dizə, səssiz-səmirsiz.
Dedim, axşam üstü çıxaq gəzməyə,
Keçək, yavaş-yavaş çay qırağından.
Quşlar cəh-cəh çəkən guşəyə gedək,
Həzz alaq, bülbülün oxumağından.
Bir az da göylərə nəzər yetirək,
Baxaq, yavaş-yavaş ay necə doğur.
Necə bərq eyləyir, necə sayrışır,
Ulduz bir-birinə tay necə doğur.
Sənsən
Quşların xəyalı səmalardadır,
Mənim xəyalımın səması sənsən.
Bütövdü, ürəyim səndən qabağa,
İndi paralanıb, parası sənsən.
Adətdi, yuxunu tərsə yozarlar,
Vəfasız insanlar əhdi pozarlar.
Xəstənin dərdinə dərman yazaralar,
Mənim dərdlərimin dəvası sənsən.
Gözlərim yollarda, çəkirəm həsrət,
Rizvan, nəyə lazım belə məhəbbət?
Sənsiz dünya mənə qaranlıq zülmət,
Gözümün nur verən qarası sənsən.
Adını qəlbimin başına yazdım
Qorxdum ki, adını unuda billəm,
Adını qəlbimin başına yazdım.
Dünyadan gizlətdim, gülüm, xəlvəti,
Adını qəlbimin başına yazdım.
Mən nələr yazdımsa boşa yazmadım,
Yazdım həqiqətdən, xoşa yazmadım,
Torpağa yazmadım, daşa yazmadım,
Adını qəlbimin başına yazdım.
Rizvan həsrət qaldı sənin ətrinə,
Bəzəksən, nə yazdım hər bir sətrinə,
Qəlbimdə bağ saldım, sənin xətrinə,
Adını qəlbimin başına yazdım.