Sizin reklam burada
Sizin reklam burada

“Qırx dörd”lərin paradı

“Qırx dörd”lərin paradı Zəminə Abdullayeva,
təqaüdçü, ədliyyə müşaviri


Vətən Müharibəmizin ibrət dərsləri

Hər il ədliyyə işçiləri noyabrın 22-də öz peşə bayramlarını qeyd edirlər. Keçmiş həmkarlarımın bu dəfə həmin tədbiri hansı coşqu ilə keçirəcəklərini təsəvvür edirəm. Ona görə “keçmiş həmkarlarım” deyirəm ki, mən 44 il ədliyyə sistemində qüsursuz işləmişəm və təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, bu müddət ərzində, xüsusilə də dövlət başçısı tərəfindən “Qulluqda fərqlənməyə görə” medalına kifayət qədər dövlət təltiflərinə layiq görülmüşəm.
Bu il Azərbaycan ədliyyəsinin 102 yaşı tamam olur. Ədliyyəmiz bir əsrdən artıq müddətdə çox mürəkkəb, keşməkeşli, həm də çətin proseslərdən keçərək bu günə gəlib çıxıb. Heç şübhəsiz ki, bünövrəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan bu sahənin əsas inkişaf tarixi əsasən ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sonrakı mərhələdə cənab Prezident İlham Əliyev ədliyyəmizi, belə demək mümkünsə, daha polad relslər üzərinə çıxardı.
Deyilənlərə görə, rəqəmlərin də bir hikməti var. Mən buna dair xeyli sayda misallar gətirə bilərəm. Ancaq təkcə birini yada salmaq istəyirəm: Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa kimi qədim şəhərimiz erməni quldurları tərəfindən 8 may 1992-ci ildə işğal edilmişdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti, əsgər və zabitlərimizin ağlasığmaz dərəcədə döyüşkənliyi, qəhrəmanlığı nəticəsində “Qafqaz incisi” 28 ildən sonra, yəni 8 noyabr 2020-ci ildə düşmən tapdağından azad olundu. Təbii ki, burada söhbət 8 rəqəminin hikmətindən gedir. Bu, sanki 8 noyabrın 8 maya olan etirazının bir ifadəsi idi.
Bütün bunları düşünəndə daxilimdə qəribə hisslər baş qaldırdı. Düşündüm ki, axı mən ədliyyə sahəsində 44 il çalışmışam. Doğrusu. Bu rəqəm mənim həyatımın az qala simvoluna çevrilmişdi. Üç dövlətin 10 noyabr 2020-ci ildə imzaladığı və faktiki olaraq Ermənistanın kapitulyasiyasını özündə ehtiva edən bəyanat isə müharibənin 44 günə başa çatması demək idi. Bu da “qırxdörd”lərin mənim üçün hansı anlama gəlməsini göstərirdi.
Nə mən, nə də heç kim xəyalına gətirməzdi ki, müzəffər ordumuz vəhşi, yırtıcı bir xislətə malik erməni silahlı quldurlarını XXI əsr müharibəsində cəmi 44 günə diz çökdürəcək. Bu zəfərimizə indi dünya ictimaiyyəti də öz heyranlığını gizlətmir, xarici KİV-lərdə əsgər və zabitlərimizin şücaəti barədə kifayət qədər materiallar dərc olunur. Şuşanın alınması isə nəinki Azərbaycan, eləcə dünya hərb tarixinə düşəcəyi şəksizdir. Qəhrəman oğullarımızın çox kiçik ölçülü döyüş vasitələri ilə o qalanın zirvəsinə qalxıb bayrağımızı ucaltması mənfur qonşularımızın son ümidlərini də qırdı.
Bu müharibənin ibrət dərsləri çoxdur. Yeri gəlmişkən, Ali Baş Komandanımızın 44 gün ərzində özünəməxsus qətiyyətli mövqeyi, əsl sərkərdə bacarığı ilə yanaşı, daim beynəlxalq hüquq normalarını əldə rəhbər tutması, müəyyən məqamlarda insanlıq naminə güzəştlərə getməsi və sonda müharibənin siyasi yolla bitməsinə nail olması cənab Prezidentimizin yüksək diplomatik qabiliyyətini bir daha üzə çıxardı.
Bu dərslərə dövlət başçımızın 30-a yaxın xarici jurnalistlərə verdiyi müsahibələri də aid etmək olar. Sözsüz ki, bütün bunlar çox qürurverici idi.
Müharibənin ibrət dərslərindən bəlkə də ən birincisi xain, ikiüzlü, riyakar qonşularımızın 200 il ərzində türk dünyasına, o cümlədən xalqımıza qarşı törətdikləri vəhşiliklərə son qoyulması oldu. Bizdə belə bir məsəl var: “Qozbeli qəbir düzəldər”. İstisna etmirəm ki, ermənilər gələcəkdə də dinc durmayacaq, öz çirkin məqsədlərini həyata keçirmək üçün min cür fırıldaqlara, yalanlara əl atacaqlar. Ancaq unutmayaq ki, 44 günlük bu müharibə onların əsl iç üzünü bütün dünyaya tanıtdı. Bu məğlubiyyətin acısını yəqin ki, onlar uzun illər çəkəcəklər. O ki qaldı erməni havadarlarına, bəzi istisnalarla, onların sayı get-gedə azalır. Makron kimi, Paris meriyası kimi ermənipərəstlər də çox keçməyəcək ki, bu gerizəkalı, zehinləri zəhərlənmiş məxluqlardan uzaq duracaqlar.
Görün 30 il ərzində nə qədər şəhid verdik, nə qədər insanımız yaralandı, dədə-baba yurdlarından didərgin düşdülər. Elə son müharibədə dinc sakinlərimizin qətlə yetirilməsi müharibə cinayəti demək deyilmi? Azğınlaşmış ermənilər heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadılar. Nə BMT Təhlükəsizlik Şurasının qətnamələrini, nə Cenevrə konvensiyalarını, nə də qadağan olunmuş silahlarla bağlı qəbul olunmuş beynəlxalq qanunları saya salmadılar. Təbii ki, bütün bunlara görə erməni caniləri mühakimə olunacaqlar. Ermənistan dövləti bizə vurduğu ziyana görə çox böyük təzminat ödəməlidir. Bütün bunları qarşıdakı aylarda biz mütləq görəcəyik.
Şəxsən mən düşünürəm ki, dünyada analoqu olmayan erməni xalqına, erməni dövlətinə heç bir güzəşt edilməməlidir. Onlar lazım gələndə cəllad libası geyinməyi, çətinə düşəndə yazıq görkəmi almağı çox yaxşı bacarırlar.
Balkar sovet şairi Qaysın Quliyevin belə bir deyimi var: “Müharibədə atılan hər güllə bir ana ürəyinə dəyir”. Bu məntiqlə görün anaların sinələrinə nə qədər dağ çəkilib! Ürəkləri çilik-çilik olub, fəryadları, ah-naləri ərşə qalxıb.

Bəs deyilmi, ey insanlar,
Töküldü qan, axdı qan?
Bəs deyilmi, qara torpaq,
Su içdi göz yaşından.

Bir vaxtlar Azərbaycanın məşhur müğənnisi Zeynəb Xanlarovanın ifasında bu mahnını tez-tez səsləndirərdilər. Onda İkinci Dünya Müharibəsinin başa çatmasından təxminən 15-20 il keçmişdi. Onda oğul itirən, qardaş itirən, ər itirən ana-bacılar həm də qara paltar geyinərdilər. İndi çox şey modernləşib və həm də adiləşib. O cümlədən, müharibə də, insan ölümü də…
Düşünürəm ki, Azərbaycanın təcavüzkar Ermənistan üzərindəki tarixi qələbəsi dünyaya da bir ibrət mesajı oldu.
Allah şəhidlərimizə rəhmət eləsin.
Bu gün uzun illərdən bəri düşmən tapdağında qalan Ağdam rayonuna qayıdırıq. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üç tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-si 2020-ci il tarixdə Ağdam rayonuna daxil oldu. Artıq üçrəngli bayrağımız Ağdam rayonunda da dalğalanır. Açığını desəm, bir qarabağlı kimi bu tarixi hadisə doğulduğum gündən bu yana yaşadığım ən əlamətdar çağlarım, sözlə ifadə oluna bilməyəcək qədər sevincli anlarımdır. Bəli, müzəffər ordumuzun, qətiyyətli Ali Baş Komandanımızın şəhidlərimizin şücaəti, cəsurluğu, rəşadəti sayəsində biz bütün bu yeni tarixin canlı şahidləri oluruq. Bir daha şəhidlərimizin ruhu şad olsun!
Sonda mən fürsətdən istifadə edib bu Böyük Qələbə münasibətilə xalqımızı, Ali Baş Komandanımız, Azərbaycan Prezidenti cənab İlham Əliyevi, Milli Ordumuzun əsgər və zabitlərini, habelə bütün ədliyyə işçilərini təbrik edirəm!
Üzümü keçmiş həmkarlarıma tutub deyirəm: Peşə bayramınızı həmişə belə sevinclə qeyd edəsiniz!

Mənim əziz Prezidentim

Ucaldıqcan ucalırsan,
Qəhrəmanlıq zirvəsinə.
Bu gün Sənin kömək üçün
Ehtiyacın yox bir kəsə.
Dəstək üçün türk xalqın var,
Türk xalqının böyük oğlu,
Sənə əsl qardaş olan Ərdoğan var.
Əzəmətli, çox vüqarlı,
İti qovan bir Ordun var,
Ən əsası başın üstə Allahın var.
Tanrı özü kömək oldu,
Əsgərlərin zəfər çaldı.
Azərbaycan Bayrağını
Layiqli bir varis kimi,
Qaldırasan qədim Şuşa şəhərində.
Heydər ruhu qoy şad olsun,
Biz də gedək otuz ildir
Dustaq qalıb, yol gözləyən
Qəbirləri ziyarətə.
O möhtəşəm qalib gündən,
Qədirbilən xalqımızın istəyilə
Prezidentlər prezidenti,
Həmişəlik Prezidentsən,
Azərbaycan Prezidenti.
Cəsarətin çoxdur sənin,
Hünərli bir sərkərdəsən.
Həm ağıllı, həm savadlı,
Danışırsan hər kəsin öz dilində sən.
Çaşdırırsan Paşinyanı,
O, rəzil də, o bədbəxt də
İtirir olmayan başın.
Kəkləyir, kəkələyir,
Səviyyəsiz, utanc verən
Biabırçı çıxış edir.
Mənim isə əyilməyən düz qamətli,
Qətiyyətli Prezidentim.
Diplomatik çıxışınla
“Qarabağ Azərbaycandır!”
Şüarını deyəndə sən,
Nida sözün bir ox kimi
Sancdın onun “ürəyinə”.
Ürək sözü ona çoxdur,
Qatilyanın “ürəyinə”.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ