Sizin reklam burada
Sizin reklam burada

Qazi İlqar Həsənli: “Torpağa su qatılanda palçıq, qan qatılanda vətən olur”

Qazi İlqar Həsənli: “Torpağa su qatılanda palçıq, qan qatılanda vətən olur” Erməni terroristlərinə qarşı sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşı - Vətən müharibəsi noyabrın 10-da müzəffər Ordumuzun gücü, qüdrəti ilə və Ali Baş Komandanımızın dəmir iradəsi ilə düşmən üzərində möhtəşəm qələbəylə başa çatdı. 44 günlük müharibə ermənilərə “dəmir yumruğumuz”un gücünü göstərdi. Torpaqlarımız işğaldan azad edildi. Doğma - Cənnət Qarabağımız özümüzə qaytarıldı. 30 ildə düşmənin yaratdığı yalançı mis dağıdıldı. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı 273 ildən sonra (Nadir Şahdan bu yana) torpaq qaytaran yeganə lider kimi tarixə ilk imzasını atdı. Dünya gücümüzü gördü. Azərbaycan məğlub xalqdan qalib xalqa çevrildi. “Atribut” döyüşdə fədakarlıq göstərən qazilərimizdən silsilə yazı hazırlamaq layihəsinə elə bu sayından qərar verir və ilk müsahibimizi sizlərə təqdim edirik, istəkli oxucular!
Qısa arayış:Həsənli İlqar Müşfiq oğlu 1998-ci ildə Bakı şəhərinin Abşeron rayonunda anadan olub. 259 saylı tam orta məktəbi bitirib. 2016-cı ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsinə hərbi xidmətə yollanıb və kəşfiyyatçı bölüyünün fəal üzvü kimi hərbi xidməti uğurla başa vurub.
21 sentyabr 2020-ci il tarixdə ilk könüllülərdən olaraq vətənə təkrar hərbi xidmətə yollanıb və elə buradaca sözü İlqap Həsənlinin özünə verək:
- “Səfərbərlik idarəsi tərəfindən təlim keçmək, vətənə xidmət etmək üçün çağırışa ilk qatılanlardan olmuşam. Mən kəşfiyyat kursundaydım. Orda sentyabrın 26-da bizə təlimat gəldi ki, bəs gözlənilən an gəlib çatdı, gözünüz aydın Vətən müharibəsi başlanır. Ayın 27-si böyük ruh yüksəkliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşə girdik.
- İlk döyüş yolunuz hardan başlandı?
- Döyüşə Füzulidən başladıq. Kəşfiyyat bölüyü olaraq 93 nəfər şəxsi heyətlə döyüşə girdik. 1-ci, 2-ci, 3-cü qruplar var idi. 3-cü qrupun kəşfiyyatçı əsgəri mən idim. Korpus-kəşfiyyat rəisimiz polkovnik-leytenat Səfərov Elxan, bölük komandirimiz Ramazanlı Fərid, tağım komandirimiz, baş leytenant Əmiraslanov Maqsud, qrup komandirimiz, gizir Nəbiyev Əfqan və başqalarının adlarını çəkmək istərdim… Seyidəhmədli kəndində ermənilərin qurduğu betonluq deyilən “bunker” vardı. O sədd keçildikdən sonra bizə irəliləməyə yol açılırdı. İlk döyüş tapşırığımız orda oldu. Cəmləşmə məntəqəsində bizə göstərişlər verildi. Havanın qaralmasını gözləyirdik ki, birdən plan dəyişdi. Bizim bölük qaldı, Qusar kəşfiyyat bölüyü getdi. Elə orda (Allah bütün şəhidlərimizə rəhmət eləsin - H.İ.) Qusar kəşfiyyat bölüyünün üzvlərindən 12 nəfər şəhid, 18 nəfər isə yaralı oldu.
İkinci tapşırığımız şəhidləri və yaralıları çıxarmaq oldu həmin betonluqdan. Çox şükür, əməliyyat uğurla başa çatdı - yaralıları və şəhidləri döyüş zonasından layiqincə çıxarıb gətirdik, sonra geri qayıtdıq. Üçüncü əməliyyat Cəbrayıl tərəfə keçərkən oldu. Xüsusi təyinatlarımızın düşməndən aldığı hərbi hissədə cəmləşdik, ordan isə keçdik Xankəndidəki strateji mövqeyə. Ordan bizim kəndləri vururdular. Hər qrupdan 10 nəfər yığılıb getməli idi irəli. Mən təklif etdim ki, hər qrupdan 10 nəfər subaylar getsin, evlilər qalsın və birinci öz adımı yazdırdım. Hər mövqedə 10 nəfər qalırdı. Mövqe yetərincə strateji idi deyə, düşmən ancaq çalışırdı ki, oranı zəbt eləsin. 3 dəfə minamyotla basqın elədilər. Hər üçündə onları zərərsizləşdirdik, geri çəkildilər. Artıq döyüşün 5-ci günü idi. Hər an basqının qarşısını almaq üçün gecə növbələrimiz olurdu. Saat 4-dən 6-ya kimi gecə növbəsindəydik. 6 tamam oldu. Ayaq üstəydim. Silahımı təmizləyib qoyurdum ki, girim səngərə yatmağa, bir də gördüm atdılar. Minamyot yanımıza düşdü. Xoşbəxtlikdən yoldaşlar səngərdə idi. Ayaq üstə bir mən, bir də bir nəfər yoldaş idi. Hər ikimizin ayaqlarımıza qəlpələr doldu və mənim dizdən aşağı sümüyümü sındırdı. Dizdən yuxarı isə qəlpə girdi, çıxdı və yenə doldu. Ancaq yıxılmadım. Gördüm ayağımın sağ hissəsi sallaq vəziyyətdə yerə dəyir. Baxdım ki, qırılıb. Sağ olsunlar, yoldaşlarım dərhal ilkin tibbi yardım göstərib həmin yüksəklikdən endirdilər aşağı. Mənə kömək edib yaralı vəziyyətdə mövqedən çıxaran döyüş yoldaşım, sumqayıtlı Seymur Babayevə dərin təşəkkürümü bildirirəm. Biz dağın ətəyində olanda düşmən tərəfdən yenə mərmi atılırdı…

Qazi İlqar Həsənli: “Torpağa su qatılanda palçıq, qan qatılanda vətən olur”
2020-ci il sentyabr ayının 27-dən başlayan və notyabrın 10-da Azərbaycan Ordusunun tarixə səs salan möhtəşəm qələbəsi ilə başa çatan erməni terroristlərinə qarşı Vətən müharibəsinin igid döyüşçülərindən olan və hazırda sağ qıçından bir neçə qəlpə yarası alan, müalicəsini ev şəraitində davam etdirən qazı İlqar bəylə tanınmış və sevilən müğənni, dəyərli dostum Səyyad Əlizadənin təşəbbüsü ilə bugünkü görüşümüzdən görüntü.

Sağ olsunlar fədakar həkimlərimizi. Əvvəlcə məni Daşburuna, sonra isə Füzuliyə gətirdilər və orda dizdən yuxarıdakı qəlpələri çıxardılar, dizdən aşağıya isə gips qoyub Ağcabədi Mərkəzi Xəstəxanasına göndərdilər. Dizdən aşağıda 3 saat yarım aparılan əməliyyat nəticəsində 15-ə yaxın qəlpə çıxarıldı, ikisi isə qaldı. Sonra müasir travmatologiyanın tələblərinə cavab verən xüsusi apparat qoydular. Ardınca Şəmkir Hospitalına və nəhayət evə təxliyə elədilər.
- Kəşfiyyat döyüşün vuran əlidir. Bir kəşfiyyatçı olaraq döyüş nöqtələrində hansı hissləri keçirirdiniz?
- Biz düşünmürdük ki, ölərik. Kəşfiyyatçılar fiziki-psixoloji cəhətdən adi əsgərlərdən fərqlənir. Kəşfiyyat körpüsü, kəşfiyyat kursları var, onları keçmək lazımdır. Müharibə öncəsi biz bütün bunları təkrar yenilədik, hazırlaşdıq. Aclığa da, susuzluğa da dözməyi bizə həqiqi hərbi xidmət vaxtlarında öyrədiblər, hazırlaşdırıblar. Mən Naxçıvan MR-in dəniz səviyyəsindən 3150 metr yüksəkliyində hərbi xidmət keçmişəm. Orda əsgərlər qar uçqununa düşəndə onları çıxarmaq üçün bizi göndərirdilər.
- Müharibəyə girəndə bugünkü qələbəni əldə edəcəyinizə inanırdınızmı?
- Sentyabrın 27-si günü Bakıdakı kalonlar çıxanda biz əmin idik ki, düşmən üzərində tezliklə qələbə çalacaq, işğal altındakı vətən torpaqlarını geri alacağıq. Var olsun xalqımızı, millətimizi. Biz o birliyi, mütəşəkkilliyi gördük. Cənab Ali Baş Komandanın çıxışlarını hər dəfə eşidəndə döyüş əzmimiz, ruh yüksəkliyimiz, qələbəyə inamımız daha da artırdı. Biz əmin idik ki, həm iqtisadi, həm siyasi, həm də hərbi gücümüz ermənilərdən qat-qat çoxdur və prezidentimizin - Ali Baş Komandanımızın hərbi-diplomatik gücü sayəsində biz qalib gələcəyik. Millətimizin birliyi, gətirilən yardımlar bizə cəsarət verirdi, ruh verirdi. Bizi evlərinə dəvət edənlər də vardı ki, yuyunaq, istirahət edək. Qeyrətli millətimizi var olsun. Birlikdə qazandıq qələbəni. Torpağa su qatılanda palçıq, qan qatılanda Vətən olur. Bu gün düşməndən qanımızla geri aldığımız torpaqlar Vətən torpaqlarıdır. Şükür ki, qanımız yerdə qalmadı. Qarabağın hər qarışı cənnətdi. O torpaqların 30 il ərzində terroristlərin tapdağı adtında qalması bizi çox təəssüfləndirir. İnşallah, vəziyyət düzəlsin, ayağa qalxandan sonra ilk səfərim Şuşaya olacaq. Orada “Grand” oteldə gedib dincəlməyi planlaşdırıram.

Bəradər Səməndərli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ