Sizin reklam burada
Sizin reklam burada
  • Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

    Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
    Baş Prokurorluqdan verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
    Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız tərəfindən dərin ehtiramla yad edilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır.
    Bildirilib ki, ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi Heydər Əliyev dahi şəxsiyyətinin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. Bu müddətdə Ulu Öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovet dövründə ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlayıb, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaradıb, daha sonra Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işləri həyata keçirib.
    Doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlayıb və müstəqil inkişaf yoluna çıxarıb.
    Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xilaskarlıq missiyasını fədakarlıqla üzərinə götürən Heydər Əliyevin həyata keçirdiyi böyük quruculuq işləri, strateji inkişafa zəmin yaradan dövlətçilik konsepsiyasının hazırlanması nəticəsində bütün dünya azərbaycanlılarının fəxri və ümid yeri, vətəndaşlarına layiq olduqları həyat səviyyəsini təmin etməyə qadir olan güclü dövlətin yaradılmasına, azərbaycançılıq ideologiyasının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına nail ola bilib.
    Bildirilib ki, Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olmaqla xalqımızın yaddaşında dahi şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, milli qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin əyani sübutudur.
    Ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılıb, geosiyasi mövqelərini möhkəmləndirən ölkəmiz dünya birliyində layiqli yerini tutub, azərbaycançılıq məfkurəsi inkişaf etdirilməklə iqtisadi dirçəlişə nail olunub.
    Məhz bu dövrdə hüquq mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılıb, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatların aparılması - bütün bunlar Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilib.
    Qeyd edilib ki, ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun bünövrəsini qoyub. Ulu Öndərin ölkəmizdə həyata keçirdiyi məhkəmə-hüquq islahatları, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsini özündə birləşdirən üçpilləli məhkəmə sisteminin qurulmasına, prokurorluq orqanlarının tam yenilənərək dövlət idarəetmə mexanizmində rolu dəqiq müəyyən edilib.
    Azərbaycan prokurorluğunda hüquqi dövlət quruculuğunun müasir tələblərinə cavab verən köklü islahatlar və səmərəli struktur dəyişikliklərinin əsası ulu öndərin iştirakı ilə 2000-ci il aprelin 26-da keçirilən geniş müşavirədən sonra başlanılıb və uğurla icra edilib. Prokurorluğun həyatında müstəsna rol oynamış tarixi müşavirədə dövlətimizin başçısının verdiyi tövsiyə və göstərişlər əsasında həyata keçirilən tədbirlər bu orqanda mənfi təzahürlərin aradan qaldırılması, yüksək standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması ilə nəticələnib.
    Bildirilib ki, prokurorluq orqanlarının idarəetmə sistemində statusuna uyğun layiqli yerini tutması Heydər Əliyevin dövlətçilik siyasəti və bu siyasəti yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində mümkün olub. Azərbaycan Prokurorluğunun müasir tələblər səviyyəsində təkmilləşdirilməsi istiqamətində görülən işlər sırasında dövlətimizin başçısının 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti xüsusi qeyd edilib.
    Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin dahiliyi, müdrikliyi və uzaqgörənliyi onun ideya və tövsiyələrinin reallığa əsaslanaraq zamanın sınaqlarından keçməklə Azərbaycan xalqının yeganə tarixi inkişaf yolunun müəyyən edilməsində, ölkə həyatının bütün sahələrinin davamlı olaraq inkişaf etməsində özünü göstərib. Bu tarixi şəxsiyyətin öz xalqı qarşısında ən böyük xidməti həm də ondan ibarət olub ki, ölkənin uzunmüddətli davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı, onu özündən sonra müasir dövrün tələblərinə uyğun şəkildə yüksək peşəkarlıqla həyata keçirməyə qadir olan, hərtərəfli liderlik keyfiyyətlərinə malik, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirib, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın davamlı tərəqqisini təmin edən xarizmatik və təşəbbüskar rəhbər, yüksək idarəçilik məharətinə, möhkəm siyasi iradə və qətiyyətə malik olan İlham Əliyev kimi layiqli davamçı hazırlayıb.
    Qeyd edilib ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosial yönümlü dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyev daim öz müdrik qərarları, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas etmiş, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar göstərilənlərin bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.
    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz aprel döyüşlərində öz hərbi gücünü və qətiyyətini real şəkildə bütün dünyaya nümayiş etdirməsi nəticəsində işğaldan azad edilən Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı xalqımızın və dövlətimizin tarixində baş vermiş çox əlamətdar hadisələrdən biri olub və öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizin işğal olunmuş torpaqlara qayıtma əzmini daha da artırıb.
    Xüsusi vurğulanıb ki, ölkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatında ən əlamətdar hadisənin - Heydər Əliyev Fondunun prezidenti, görkəmli ictimai-siyasi xadim, ümummilli liderin zəngin siyasi irsini bütün dünyada təbliğ edən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatından sonrakı müddətdə respublikanın hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması, sosial sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində yerinə yetirilən tədbirlər qeyd olunanların bariz nümunəsidir.
    Bildirilib ki, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörənliyi, yüksək təşkilatçılıq və diplomatik bacarığının məntiqi nəticəsi olaraq, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi respublikamız üçün həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin dünyada artan nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək, regionda sabitliyə, xalqlarımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcək.
    Azərbaycan Respublikasının dünya dövlətləri birliyində öz layiqli yerini tutması, ölkəmizin ideal məkan sayılaraq mötəbər beynəlxalq iqtisadi, humanitar forumlara, möhtəşəm mahnı müsabiqəsi və dünya miqyaslı idman yarışlarına - ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə və tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu bir daha sübut edib.
    Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından əminliklə bildirilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
    Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış “Əbədiyyət” filmi nümayiş etdirilib.

    Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ