Sizin reklam burada
Sizin reklam burada

Əfəndi İbrahimli: Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir

Əfəndi İbrahimli: Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir Əfəndi İbrahimli
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü

SİYASİ PARTİYALARIN YAP-A QOŞULMAQ İSTƏYİ YAP-IN SÖZÜN ƏSL MƏNASINDA XALQ PARTİYASI OLDUĞUNU SÜBUT EDİR

Ölkənin siyasi aləmində demokratik ənənələrin inkişafı zamanın tələbidir. Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı mühüm ictimai-siyasi hadisə kimi ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Şübhəsiz ki, məhz ideoloji prioritetlərin vəhdətliyi bu 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasının səbəbidir. Yəni, Azərbaycanda təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi ölkənin ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdu. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması həmin partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdu. Ona görə də həmin partiyalar YAP-a birləşmək haqqında qərar qəbul etmişdilər. Digər tərəfdən, bu proses bir daha sübut edir ki, ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olur. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

Əlbəttə ki, siyasi rəqabətin əsas aləti kimi partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasına da yeni imkanlar yaradır. Bu partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi YAP-ın, sözün əsl mənasında, xalq partiyası olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın gücünün, qüdrətinin artması, xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. Təbii ki, bütün bunlar Azərbaycanın bütün vətəndaşları kimi, siyasi partiyalar tərəfindən də dəstəklənir. Siyasi partiyaların mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyərək ölkəmizdə milli birliyin və həmrəyliyin təmin olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirildi və bu islahatlar nəticəsində ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlandı. Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etdi, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərdi və beləliklə, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu göstərdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”.

Reallıq budur ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların keçirilməsi, aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb. Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedentə çevrilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Siyasi rəqabətin əsas motivi partiyaların güclənməsi, eyni zamanda, vətəndaş maraqlarının müdafiə olunmasında yeni imkanların yaradılmasıdır. Sözsüz ki, YAP-ın son qurultayının gəldiyi nəticələr, alınan qərarlar ölkəmizin daha da inkişaf etdirilməsinə önəmli təsir göstərəcək.

Beləliklə, 6 partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması Azərbaycanda milli birliyin, həmrəyliyin artmasına, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ