Sizin reklam burada
Sizin reklam burada

Jurnalistlərə Prezident nümunəsi Bunu gözləyənlər də var idi, gözləməyənlər də

Jurnalistlərə Prezident nümunəsi Bunu gözləyənlər də var idi, gözləməyənlər dəMalik Həsənov,
millət vəkil

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi mətbuat konfransından bir neçə gün ötsə də, həmin görüşün yaratdığı rezonans hələ də gündəmdədir. Məsələ burasındadır ki, 4 saatdan çox davam edən mətbuat konfransında toxunulan məsələlər öz əhatə dairəsinə görə çoxşaxəli idi ki, ölkə başçısına ünvanlanan sualları və verilən cavabların hər birini bəlkə də bir mövzunun predmeti kimi müzakirə etmək olar. Elə tədbirə toplaşan media nümayəndələrini də heyrətləndirən əsas nüans İlham Əliyevin bir-birindən fərqli olan sualları dörd dildə böyük təmkin və soyuqqanlıqla, özü də obyektiv şərh verməklə, məharətlə cavablandırması idi. Dövlət başçımız bununla bir daha dünyaya sıradan bir ictimai-siyasi xadim, yaxud diplomat olmadığını təsdiqlədi. Bəlkə də buna "master klass" da demək mümkündür. Fərqi yoxdur, kim nə deyir, desin, Prezident istər-istəməz bizə 44 günlük Vətən müharibəsi zamanı dünyanın ən aparıcı telekanallarına verdiyi önəmli müsahibələrini xatırlatmış oldu.
Əgər yadınızdadırsa, həmin günlərdə biz o müsahibələri diqqətlə izləyir, hətta bəzi jurnalistlərin sabotaj məqsədli suallarını da ölkə başçısının ağıllı məntiqlə susdurduğuna şahidlik edirdik.
Təbii ki, sözügedən mətbuat konfransında da buna bənzər epizodlar var idi və biz gözəl anlayırdım ki, belələrinin göstərdikləri cəhdlər əbəsdir. Zənnimcə, niyəsini izah etməyə heç ehtiyac da yoxdur. Çünki sözügedən tədbirdə istər ölkə, istərsə də dünya ictimaiyyətini maraqlandıran bütün məsələlərə Azərbaycan Prezidenti aydınlıq gətirdi.
Bu məsələlərdən biri sözsüz ki, üçtərəfli 10 noyabr bəyanatından sonra Cənubi Qafqazda, xüsusilə Qarabağda yaranmış mövcud geopolitik vəziyyət idi. Çünki ötən dövr ərzində bölgəyə gələn Rusiya sülhməramlıları özü ilə bərabər xeyli dərəcədə narahatlıq doğuran polroblemlər də gətirib. Dövlət başçımız suallara cavab verərkən bunu qabartmağı da unutmadı, eyni zamanda bütün belə məsələlərin həllini tapacağını vurğuladı.
Ermənistanda baş verən siyasi çalxalanmalarla əlaqədar Azərbaycan Prezidenti "onlar bütün ideoloji dayaqlarını itiriblər"-dedi. Çünki bu dayaqlar miflərə söykənirdi. Qalib Ordumuzun rəşadətli əsgər və zabitləri isə bu yanlış mifi darmadağın etdilər. O ki, qaldı düşmənin revanşist meyllərinə, dövlət başçımız buna Rusiya lideri Vladimir Putinin "belə olarsa, bu Ermənistan üçün intihar deməkdir" sözlərini xatırlatdı. Yəni, 10 noyabr bəyanatından irəli gələn vəzifələri ermənilər yerinə yetirmək zorundadırlar. Ən aşağısı ona görə ki, Ermənistan bu gün çox ağır iqtisadi-siyasi böhran içindədir və Rusiyadan açıq şəkildə asılı vəziyyətə düşüb.
Yəqin ki, bunu erməni ictimaiyyəti də yaxşı anlayır və dəyərləndirir. Regionda kommunikasiyaların açılması təkcə Azərbaycana, Türkiyəyə və Rusiyaya fayda gətirməyəcək, həm də Ermənistanın dirçəlməsinə təkan verəcək. Yaxud Zəngəzur dəhlizinin nə qədər əhəmiyyətli olduğunu xatırlayaq. Bir sözlə, onsuz da Azərbaycan və digər dövlətlər belə layihələri Ermənistanın iştirakı olmadan da reallaşdıracaq. Ona görə də Ermənistan tərəfi məsələyə praqmatik düşüncə tərzi ilə yanaşmalı, hərb tərəfdarı olan revanşist qüvvələrin hakimiyyətə can atmasının səbəblərini başa düşməlidir. Üstəlik ortada mənfur qonşularımızın 30 il ərzində Qarabağ torpaqlarında törətdikləri ağlasığmaz cinayətləri var. Bu cinayətlər təkcə azərbaycanlılara divan tutulması, onların qəddarlıqla qətlə yetirilməsi, evsiz-eşiksiz qalmaları ilə deyil, eyni zamanda kənd və qəsəbələrin viran qoyulması, mədəni-tarixi abidələrin dağıdılması və nəhayət, ekoloji fəlakətlərin törədilməsi ilə səciyyələnir. Buna torpaqlarımızda olan zəngin qızıl və digər yataqların da bəzi xarici şirkətlərlə bərabər qanunsuz istismar olunmasını da əlavə etsək, onda Ermənistanın Azərbaycana çox böyük məbləğdə təzminat ödəmək məcburiyyəti yaranacaq.
Mətbuat konfransında ölkə başçısı İlham Əliyev bununla bağlı öz fikirlərini də media nümayəndələrinə də bildirdi və dedi ki, hazırda dəymiş ziyanın miqyası araşdırılır, üstəlik məsələ ilə bağlı xaricdən də mütəxəssislər dəvət olunacaq və Ermənistan beynəlxalq məhkəmələrdə cavab verəcək.
Bir daha təkrarlamaq zorundayam: Mətbuat konfransında toxunulan məsələlərin hamısına dair fikir bildirmək imkan xaricindədir. Bir məsələ aydındır ki, Azərbaycan bu gün də haqlı işini davam etdirir və bizim mövqeyimiz bütün dünyaya bəllidir.
Qarşıda "Böyük Qayıdış"la bağlı əzəmətli layihələr durur. Artıq bu sahədə müəyyən işlərə başlanılıb. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəzi məsələlərə aydınlıq gətirdi və qarşıdakı dövr üçün proqram müddəalarını irəli sürdü.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ