Sizin reklam burada
Sizin reklam burada

Fuad Heydər: Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Fuad Heydər: Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir Möhtərəm Prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı çox mühüm məqamlarla yadda qalan böyük bir siyasi hadisə oldu. Dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-dən artıq sualını dörd dildə səlis və faktlarla cavab verdi. Dövlətimizin başçısı əsasən 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün mühüm bir gündə – Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir. Cənab Prezident erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını vurğuladı.
Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana getdikcə artan maraqdan xəbər verirdi. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici media indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi ki, bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib.
Eləcə də Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. Dövlətimizin başçısı bir neçə mühüm məqamlara diqqəti yönəldərək bildirmişdir ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır. Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındadır. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılmış oldu. Türkiyə isə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etməsi Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Hazırda Azərbaycana Türkiyədən böyük bir heyət gəlib. 100 nəfərdən çox heyət, minaların təmizlənməsi işləri və təlim kursları aparılmışdır. Eyni zamanda, bundan sonra müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə əməkdaşlığımız davam etdiriləcəkdir. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Buna görə də Azərbaycanda Türk Ordusunun kiçik modelinin yaradılması nəzərdə tutulub ki, artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Bununla yanaşı, dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, xüsusi ilə də hərbi sahədəki əməkdaşlıq çox geniş inkişaf edir. 44 günlük müharibə günlərində Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlüyü təmin etmişdir. Türkiyə tərəfi ilə yeni kontraktlar imzalanaraq Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, Azərbaycan Ordusunun hərbi gücümüzü böyük dərəcədə gücləndirəcəkdir. Şübhəsiz ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir və gələcəkdə də davam edəcəkdir.
Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Bu reallıqların formalaşması Azərbaycan – Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu ilə bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. Bu gün isə bu tərəfdaşlıq regionda artıq sadəcə sülhün və təhlükəsizliyin deyil, eyni zamanda da region ölkələri və qonşu dövlətlərin iştirakı ilə gələcəkdə həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. Bundan sonra artıq digər region ölkələri də beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılması işində fəal iştirak edəcəklər və bu da ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq.
Fuad Heydər: Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ