Sizin reklam burada
Sizin reklam burada

Xocalı soyqırımı bəşəri cinayətlərdən biridir

Xocalı soyqırımı bəşəri cinayətlərdən biridir Malik Həsənov,
millət vəkili

Bu faciə barədə bütün dünya bilməlidir

Qarabağın işğaldan azad olunması üçün 27 sentyabrdan başlanan 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, diplomatik gedişləri və şanlı ordumuzun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonları və nəhayət, Şuşa qalası düşmən tapdağından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabrın 10-da imzaladığı tarixi sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları isə döyüş aparılmadan bizə qaytarıldı.
Bu, doğrudan da möhtəşəm bir qələbə idi. Düzdür, bəziləri sonralar ölkəmizin belə bir uğuruna kölgə salmaq cəhdləri göstərir, xüsusilə Rusiya sülhməramlıları ilə bağlı yersiz haray-həşir salırlar. Əlbəttə, hamı görür ki, ortada müəyyən problemlər, anlaşmazlıqlar var. Ancaq kənardan baxanda çoxlarına asan görunən məsələlərin çözümü sözsüz ki, zaman tələb edir. Xarici qüvvələrin də ədalətsiz mövqeləri göz qabağındadır. Məgər 30 il ərzində bizim səsimizi eşidən var idimi? Nə tez unutduq bunları?
Fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü tamam olacaq. Mən bir qədər irəli gedib “narahat adamlar”dan soruşmaq istəyirəm: “Müharibənin gedişində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələrinə geniş müsahibələr verdi. Onlardan hansı Xocalı faciəsi barədə ölkə başçısına sual ünvanladı?”
Başqalarını qoyaq kənara. Bizim Xocalı soyqırımını unutmağa heç cür haqqımız yoxdur. Hələ onu demirəm ki, 200 il ərzində ermənilər xalqımıza qarşı saysız-hesabsız qırğınlar törədiblər. Və nəzərə alaq ki, onların arasında Xocalı faciəsi ən yaxın tariximizdə baş verib.
Təbii ki, bu barədə çox yazılıb, çox deyilib və sözsüz ki, hələ çox yazılacaq, çox deyiləcək. Mən isə diqqəti bu mövzuda bir məsələyə yönəltmək istəyirəm.
Hələ 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya keçirilməsi təşəbbüsünü irəli sürdü. Əslində gənc xanımın ideyası özünü bu sözlərdə əks etdirirdi: “Gəlin birlikdə həqiqəti təşviq edək. Sübut edək ki, ədalət hökmən zəfər çalacaq”.
Kampaniya ilk dəfə olaraq ayrı-ayrı insanların, ölkədəki vətəndaş cəmiyyətinin və xaricdəki diaspor təşkilatlarının ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı, Ermənistan rəhbərliyi tərəfindən yürüdülən siyasətin faşist mahiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatının artırılmasına yönəlmiş sistemli maarifçilik və təbliğat işi aparılması üçün pərakəndə səylərini birləşdirdi. Bu kampaniyanın məqsədi həm də Xocalı soyqırımının dünyada tanınmasına, bir gecədə yüzlərlə insanı yalnız azərbaycanlı olduqlarına görə məhv etmiş ermənilərin əməllərinə siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, insanlığa qarşı bu cür cinayətlər barəsində susmağın, başqalarının ağrı-acısına laqeydliyin planetin başqa guşələrində də oxşar faciələrə gətirib çıxarmasını göstərməkdir.
Bu gün onlarla ölkədə uğurla həyata keçirilən bu kampaniyaya indiyədək 120 mindən çox insan və 115 təşkilat qoşulub. Kampaniya çərçivəsində keçirilən sərgilər, konfranslar, kütləvi aksiyalar Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmağa, erməni millətçiliyinin eybəcər simasını açıb göstərməyə imkan verir. Bu işdə bütün informasiya resurslarından – Leyla Əliyevanın vitse-prezidenti olduğu Heydər Əliyev Fondunun çoxsaylı nəşrlərindən, sənədli filmlərindən, sosial şəbəkələrdən geniş istifadə edilir.
12 illik fəaliyyət müsbət nəticələrini verib. 10 ölkənin parlamenti və ABŞ-ın 20-dən çox ştatının qanunvericilik orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ermənilərin cinayətlərini pisləyən dövlətlərin sayı isə ilbəil artır.
İndiki siyasi proseslərin gedişi də onu göstərir ki, biz arxayınlaşa bilmərik. Düzdür, Vətən müharibəsi “erməni mifi”ni darmadağın etdi, onların uzun illər ərzində türk xalqlarına qarşı apardıqları zəhərli təbliğata çox böyük zərbə vurdu. Buna baxmayaraq, millətçi ermənilər bu gün də dayanmaq bilmir, hansı yolla olur-olsun öz çirkin məqsədlərinə çatmaq istəyirlər.
Əgər diqqət yetirdinizsə, mənfur qonşularımızın təbliğatçıları istər son müharibə zamanı, istərsə də sonrakı mərhələdə tez-tez “Sumqayıt kartı”ndan faydalanmağa çalışırlar. Halbuki həmin hadisələr də o zaman məhz özləri tərəfindən hazılanmışdı. Görün, bunlar nə qədər azğınlaşıblar ki, o boyda Xocalı faciəsini törətdiklərini sanki unudublar.
Xocalı soyqırımı bəşəri cinayətlərdən biridir. Onsuz da gec-tez insanlığa sığmayan bu qətliamı törədənlər ittiham olunacaq, qanun qarşısında cavab verəcəklər. Atalarımız “haqq nazilər, ancaq üzülməz” deyiblər. Necə ki, Qarabağ problemi də belə oldu, 30 il uzansa da, nəhayət, biz torpaqlarımızı yağı düşməndən azad etdik. “Böyük Qayıdış” üçün artıq böyük işlərə başlanıb. Çox keçməz ki, o torpaqlarda həyat yenidən canlanar, Qarabağ əvvəlkindən də gözəl olar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ