Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirininimzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonunun erməni işğalçılarından azad olunaraq Azərbaycana qaytarıldığını bildirib. Spiker bu münasibətlə millət vəkillərini təbrik edib və “Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun Müzəffər Azərbaycan Ordusuna!” şüarlarını səsləndirib. Sədr dekabrın 1-dək Laçın rayonunun da işğaldan azad edilərək Azərbaycana qaytarılacağına əminliyini ifadə edib. Sahibə Qafarovanın bu fikirləri alqışlarla qarşılanıb.
Gündəliyin qəbulundan sonra Milli Məclisin Sədri deyib: “Dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli bir qətnamə qəbul edilib. Bu sənədə ötəri nəzər saldıqda belə, onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb. İş o yerə çatmışdır ki, Fransa Senatının üzvləri Fransa hökumətini artıq mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa, bölgədə 1994-cü ildə mövcud olmuş sərhədləri qaytarmağa çağırıblar.
Milli Məclis Fransa Senatının bu qətnaməsi ilə bağlı ciddi bir bəyanat qəbul etməlidir və gündəliyin birinci məsələsi məhz bu bəyanatlabağlıdır.
Məlum olduğu kimi, 30 ilə yaxın idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün danışıqlar aparılırdı. 1994-cü ildən Fransa bu danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan bu danışıqlarda heç bir nəticə olmamasının əsas səbəblərindən biri məhz beynəlxalq vasitəçilərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymaması olub.
Son vaxtlar biz Fransa dövlətinin siyasi və dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa Prezidenti, xarici işlər naziri öz bəyanatları ilə göstəriblər ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan və indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər. Bütün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barəsində bir sıra suallar doğurur.
Azərbaycanın səyləri nəticəsində bu gün regionda tamamilə yeni bir reallıq yaranıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulub. Bu reallığı bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə dəstəkləyir. Bu reallıq Fransanın vəkillik etməyə çalışdığı Ermənistan tərəfindən də qəbul edilibdir. Düşünürəm ki, Fransa özü də yaranmış vəziyyətlə barışmalı, haqsızı müdafiə etməkdən əl çəkməli, haqqın və haqlının tərəfində dayanmalıdır. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. Azərbaycan xalqı bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün qəsdləri dəf edəcək.”
Sahibə Qafarovanın təklifi deputatlar tərəfindən razılıqla qarşılanıb və Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başda olmaqla deputatlar Cavanşir Feyziyev, Əminə Ağazadə və Fazil Mustafadan ibarət komissiya təşkil olunub.
İclasda Fransanın Azərbaycana qarşı bu ədalətsiz və qərəzli addımı ilə bağlı geniş müzakirələr keçirilib. Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, Tahir Rzayev, millət vəkilləri Azay Quliyev, Nurlan Həsənov, Nigar Arpadarai, Kamal Cəfərov, Anar İsgəndərov, Erkin Qədirli, Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Kamilə Əliyeva, Elman Nəsirov, Aqil Abbas, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə və Razi Nurullayev çıxış edərək Fransanın bu hərəkətini Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşı hörmətsizlik kimi dəyərləndiriblər.
Sonra deputat Cavanşir Feyziyev hazırlanmış bəyanatın mətnini oxuyub və millət vəkilləri bəyanata müsbət münasibət bildiriblər. (Bəyanatın mətni mətbuatda dərc olunacaq.)
Etiraz bəyanatının yekdilliklə qəbulundan sonra gündəliyə daxil edilmiş digər 6 məsələnin müzakirəsinə başlanılıb.
Əvvəlcə, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, parlamentdə sənədlərin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı millət vəkilləri tərəfindən bir sıra təkliflər səsləndirilib. Əli Hüseynli qeyd olunan təkliflərlə bağlı münasibətini bildirib və qeyd edib ki, hazırlanan sənədlər orden və medallarla bağlı formalaşmış Azərbaycan qanunvericiliyinə tam uyğundur, Qanun layihələrinin əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağın tarixi, milli və hərbi atributlarla bağlı bütün elementlər öz əksini tapıb.
Millət vəkilləri Fəzail Ağamalı, Aydın Mirzəzadə və Qüdrət Həsənquliyev qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər və sənədlərin mükəmməl şəkildə hazırlandığını diqqətə çatdırıblar.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
İclasda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də üçüncü oxunuşda baxılıb. Əli Hüseynli qanun layihəsinin əvvəlki oxunuşlarda müzakirəsi zamanı və ondan sonra komitəyə heç bir yeni təklifin daxil olmadığını söyləyib. Bildirilib ki, medal haqqında əsasnaməyə görə, yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hazırkı və keçmiş əməkdaşları, məzunları, elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində, təmsil olunduqları qurumun tərəqqisində xüsusi xidmətləri olan ölkə vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov üçüncü oxunuşda “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif olunan dəyişiklikdən bəhs edib. Qeyd edilib ki, sənəd ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanan qanun layihəsiqalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi ilə bağlı qadağaları özündə ehtiva edir. Sənəd 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Layihəyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq. Komitə sədri qeyd edib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra komitədə yeni bir təklif qeydə alınmayıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən hazırlanıb. Layihə üçüncü oxunuşda qəbul edilib.
İclasda “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məlumat verib. Deputat bildirib ki, qanuna təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təhlükəsizliyinə, istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına, bu sahədə dövlət tənzimləməsinə nəzarəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyi, aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyində olan "Sumqayıt Nəqliyyat" və "Gəncə Nəqliyyat" MMC-lər həyata keçirir.Bu sahədə fəaliyyət göstərən orqanların icra hakimiyyəti orqanı və publik hüquqi şəxs, məhdud məsuliyyətli cəmiyyət olmasını nəzərə alaraq, qanunun 26.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz olunması təklif olunur. Sənəd səsə qoyularaq təsdiqlənib.
Bununla da Milli Məclisin bugünkü iclası işini başa çatdırıb.
Milli Məclisin növbəti plenar iclası keçirilibMilli Məclisin növbəti plenar iclası keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ