
Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.
Azərbaycan Prezidenti bildirib ki, Paşinyan onun sözünə qulaq assaydı, indi belə rəzil durumda olmazdı: "Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir”.