Sizin reklam burada
Sizin reklam burada

Ədliyyəmizin bugünkü bayramı möhtəşəm Qələbəmizlə üst-üstə düşdü

Ədliyyəmizin bugünkü bayramı möhtəşəm Qələbəmizlə üst-üstə düşdü İlham Hüseynov,
26 saylı Notariat Ofisinin notarusu


28 may 1918-ci ildə Şərqdə ilk parlamentli dövlət kimi yaradılan Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyət göstərmişdir. Amma son dərəcə gərgin ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşayan Cümhuriyyət demokratikləşmə, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq və digər sahələrdə atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də ədliyyə sistemi olmuşdur. Bunu təsdiq edən faktlar isə yetərincədir.
Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə anarxiya zamanı dağıdılmış məhkəmə aparatı sistemini, birinci növbədə Bakı və Gəncə dairə məhkəmələrinin və onların yanındakı prokuror nəzarətinin, habelə yerlərdə barışıq məhkəmələrinin fəaliyyətini bərpa etməyə başladı. 1918-ci il oktyabrın 9-da Fövqəladə Təhqiqat Komissiyası Ədliyyə Nazirliyinin sərəncamına verildi.
Qısa müddətli fəaliyyəti dövründə Ədliyyə Nazirliyi ölkədə hüquq-mühafizə orqanlarının təşkili ilə yanaşı, hüquq-mühafizəsi, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük işlər gördü. Bu sıraya məhkəmə sahəsində işlərin bərpası ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Palatasının yaradılması barədə məsələ qaldırılmasını və sonra həmin Əsasnamənin təsdiq edilməsini də aid etmək olar.
Dövlət müstəqilliyi əldə ediləndən və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə çatdırılması yönündə xeyli iş görülmüşdür. Hər şeydən əvvəl müstəqil dövlətimiz demokratiya yolunu seçərək, bu istiqamətdə bütün maneələri dəf etdi, həyata keçirdiyi uğurlu demokratik islahatları ilə dünyanın diqqətində dayandı. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu nəhəng işləri sonrakı dövrdə onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirdi.
Məhz bunun nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün inanılmaz bir qələbəyə imza atdı. Milyonlarla azərbaycanlının sevincinə səbəb olan bu tarixi hadisə təbii ki, biz ədliyyə işçilərində də böyük qürur hissi yaratdı. Bununla bərabər, bir daha yəqin etdik ki, dostumuz kimdir, düşmənimiz kim.
Ən heyrətlisi isə bu idi ki, demokratiyadan çox dəm vuran Avropa ölkələri apardığımız haqq mücadiləsini ya səssiz-səmirsiz seyr etdi, ya da Azərbaycana “dur” dedilər. Onlardan heç biri faşist ermənilərə “özgə torpağından çıxın!” müraciəti etmədi. Bu müharibə həm də cənab Prezident İlham Əliyevin həm əsl sərkərdə, həm də əsl diplomat keyfiyyətlərini üzə çıxardı.
İkinci Vətən müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır. Bununla müqayisədə yəni, Ermənistanda öz xalqından gizlənən baş naziri gördüyümüz zaman Azərbaycanda siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi, "Qarabağ Azərbaycandır və nida" sözlərini deyən Prezident bu səfəri ilə həmin nidanı qoymuş oldu.
Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, "kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.
Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.
Dağlıq Qarabağ münaqişəsi bitdi: İmzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Əsgər və zabitlərimiz döyüşlərdə misilsiz şücaətlər göstərdilər, Vətən uğrunda canlarından belə keçdilər. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin.
İndi Ermənistan yas içindədir. Ali Baş Komandanımız və şanlı ordumuz erməni fitnəkarlığına, erməni faşizminə son qoylu. Mənfur qonşularımız 200 ildən bəri davam edən çirkin əməllərinə görə öz cəzalarını aldılar. 10 noyabr 2020-ci ildə üç dövlət başçısının imzaladığı tarixi bəyanat Azərbaycanın tam qələbəsinə yol açdı. Sonrakı proseslərdə Rusiya və Türkiyənin iştirakı isə gələcək perspektivlər üçün önəm daşıyır və şimal qonşularımızın sülhməramlı əsgərlərinin Dağlıq Qarabağa təşrifi də narahatlıq doğurmamalıdır. Bəzilərinin bu xüsusda obyektivlikdən kənar fikirlər səsləndirməsi isə sadəcə təəssüf doğurur. Belələrinin Böyük Qələbəmizə kölgə salmaq cəhdləri isə heç yerinə düşmür.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ