Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti canlı yayımlanıb

Milli Məclisin iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin xalqa müraciəti canlı yayımlanıb “Əminəm ki, biz tezliklə, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcərı, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub yaradacağıq, tamamilə bərpa edəcəyik!” Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Spiker Sahibə Qafarova deyib.
Sədr iclasda qeyd edib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub. Milli Məclisin Sədri vurğulayıb ki, hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub. Sahibə Qafarova bu münasibətlə təbriklərini ifadə edib.
Spiker deyib ki, noyabrın 10-da imzalanan bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.
Fransa rəhbərliyinin qeyri-obyektiv mövqe sərgilədiyini söyləyən Sədr Sahibə Qafarova qeyd edib ki, bu ölkədəki siyasi dairələr ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinə münasibətdə düşünürəm ki, qərəzli yanaşma ortaya qoymuşdur: "Bir müddət öncə isə Fransa Senatında təmsil olunan 5 ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülmüşdür. Bundan öncə cari ilin oktyabr ayında Fransa Parlamentinin aşağı Palatasında bənzər qətnamə irəli sürülmüşdür. Hətta bəzi fransız parlamentarilər hərbi əməliyyatların aktiv mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdirmişdir".
Spiker sadalanan faktlara istinad edərək bildirib ki, Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoymuşdur. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmişdir: "Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır".
Sədrin sözlərinə görə, vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunmuşdur və mən burada bu barədə geniş danışmaq istəmirəm. "Hesab edirəm ki, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu məsələyə diqqət yetirməlidirlər", - deyə Sahibə Qafarova bildirib.
Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə ilk dəfə olaraq parlamentin iclas zalında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti yayımlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ