Sizin reklam burada
Sizin reklam burada

Dövlət quluqçuları dövlətin təmsilçisi olmaqla xalqa xidmət edir

Dövlət quluqçuları dövlətin təmsilçisi olmaqla xalqa xidmət edir Fatma Yıldırım,
millət vəkili


Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu siyasətin əsas qayəsini ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaları səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir.
Dövlət quluqçuları dövlətin təmsilçisi olmaqla xalqa xidmət edir. Ona görə də, dövlət qulluqçularının seçimi nümunəvi olmalıdır. İlk öncə və bu məqsədlə dövlət qulluğuna qəbul sisteminə yenidən baxılmalı, təkmilləşdirilməli və sadələşdirilməlidir. Belə ki, son illərin statistikasına baxdıqda məlum olur ki, əsasən də mərkəzi icra hakimiyyəti orqanlarında müsabiqəyə çıxarılmış vəzifələrin çoxu vakant olaraq qalır. Bunun səbəbləri araşdırılmalıdır, təhlillər aparılmalıdır.
Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu sevinci bizə bəxş edən Ali Baş Komandana və Müzəffər Ordumuza təşəkkür edirik. Bundan sonra bizi Qarabağda çox quruculuq işləri gözləyir və dövlət qulluğunda kadrlara ehtiyac var. Eyni zamanda dövlətini, vətənini sevən və dövlət qulluğunda çalışmaq istəyən, yüksək potensiallı gənclərimiz var.
Bu baxımdan hesab edirəm ki, dövlət qulluğuna qəbulda müsabiqədə istifadə olunan test imtahanlarının strukturuna yenidən baxılması məqsədəuyğundur.
Eyni zamanda, müsabiqədə müvəffəqiyyət əldə etmiş namizədlərin son mərhələ olaraq işlə təmin olunma prosesi insan faktoru ilə bağlıdır. Bu prosesdə dövlət qurumlarının rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, düşüncələrimiz, yanaşma tərzimizi dəyişməli, dövlət idarəçiliyinə yeni təfəkkürlə yanaşmalıyıq. Biz bundan sonra dövlətimizin daha sürətlə inkişafını istəyiriksə, bu amillərə xüsusi diqqət yetirməliyik.
Bu məqsədlərə çatmaq üçün və dövlət qulluğu sisteminin təkmilləşdirilməsi məqsədilə hazırlanmış layihəni məqbul hesab edirəm.
Bir məsələni də qeyd edim ki, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyəti daim öyrənilməli, pozuntu halları aradan qaldırılmalıdır. Xüsusilə, qəbul etdiyimiz qanunların icrasına nəzarət mexanizmləri yaradılmalıdır. Yəni elə etməliyik ki, qəbul etdiyimiz qanunlar mükəmməl şəkildə işləsin. Bu həmin qanunvericiliyin effektiv həyata keçirilməsini təmin edəcəkdir. Bu baxımdan dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanları tərəfindən icra vəziyyəti daim öyrənilməli, pozuntu halları müəyyən edilməli və həmin pozuntu hallarının aradan qaldırılması ilə bağlı tədbirlər görülməlidir. Bu istiqamət üzrə də müvafiq təkmilləşdirilməyə və tənzimləmələrə ehtiyac var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ