Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev Qarabağı Azərbaycanın ən inkişaf etmiş məkanına çevirəcək

İlham Əliyev Qarabağı Azərbaycanın ən inkişaf etmiş məkanına çevirəcək Azad edilmiş bölgələrin güclü iqtisadi potensialı ölkəmizin yükşəlişinə böyük təkan verəcək

* Ermənistan Azərbaycanla son müharibənin ilk 20 günündə 3,5 milyard dollar və ÜDM-in 30 faizi həcmində itki ilə üzləşib.
* Bu müharibədəki ziyanını bağlamaq üçün Ermənistana 10 il vaxt lazım olacaq.
* Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır.
* Qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər.
* Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaq var.
* İşğal olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi.
* Ərazilərimizin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə böyük töhfə verəcək.
* Azərbaycan Ermənistanın ölkəmizə qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq.
* Mineral su ehtiyatlarımızın 40 faizə qədəri işğal altındakı torpaqlardadır.
* İşğaldan sonra cəmi 25 min nəfərin yaşadığı tarixi ərazilərimizdə vaxtilə 1 milyona yaxın azərbaycanlı yaşayırdı.
* Qarabağ Ermənistan üçün iqtisadi yük, Azərbaycan üçün isə iqtisadi potensialdır.

Azərbaycan Ordusu Vətən müharibəsindəki qələbələri ilə hər gün xalqımıza qürur dolu sevinc bəxş edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yüzdən artıq yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini işğaldan azad edib. Bütün cəbhəboyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
İşğal altında olan rayonlarımız azad edildikcə qarşıda bizi yeni vəzifələr gözləyir. Təbii ki, Böyük Qayıdış ilk növbədə bu ərazilərin yenidənqurulması ilə başlayacaq. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafı da gələcək prioritetlər sırasındadır. Təsadüfi deyil ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu sahədə ciddi tədqiqatlar aparmaqdadır.

Ordumuz beşinci nəsil müharibə aparır

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycan iqtisadiyyatının postkonflikt dövründə inkişaf perspektivləri barədə mətbuata açıqlamasında bu haqda ətraflı məlumat verib. O, Azərbaycan iqtisadiyyatının bu zəfərdən necə faydalanacağı barədə danışarkən bildirib ki, qələbənin gətirdiyi ruh yüksəkliyi ilk növbədə Azərbaycan cəmiyyətində özgüvən üçün vacibdir: "Məsələn, M.Tetçer 1982-ci ildə Argentinanı məğlub edərək 74 günə Folklend adaları üzərində Britaniyanın nəzarətini təmin etdikdən sonra, Britaniya bu qələbədən pərvazlandı: tetçerizm iqtisadi modeli uğur qazandı, Britaniyanı yenidən "böyük” adlandırmağa başladılar, M.Tetçer dünyada "dəmir ledi” kimi nüfuzunu artırdı.
İkincisi, indiyə qədər Azərbaycan iqtisadiyyatı Ordunu dəstəkləyirdisə, indi Ordu iqtisadiyyata töhfə verir. Azərbaycan 5G - beşinci nəsil müharibə aparır və qanuni torpaqlarını azad edir. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü artıracaq. Xüsusən də Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirir”.

Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə çevirməyi bacarıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatını 3 dəfədən çox böyütməsi, regional neft-qaz və nəqliyyat-logistika layihələrini gerçəkləşdirməsi ilə sübut olunmuşdu. Kissincerin "neftə nəzarət etməklə dövlətlərə, ərzağa nəzarət etməklə insanlara nəzarət mümkündür” sitatına uyğun olaraq Azərbaycan regionun geopolitikası və geoiqtisadiyyatını şəkilləndirərkən yekun bir ştrixə ehtiyac duyurdu. Əhalisinə görə dünyada 90-cı və ərazisinə görə 114-cü ölkə olan Azərbaycan nüfuzlu "US News”un hesabatına əsasən, dünyada 45-ci gücə çevrilməyi bacarıb. Azərbaycanın regional oyunçu statusunda iqtisadi və siyasi üstünlüyünü hərbi potensialının təsdiqi tamamlamalıydı ki, ölkə regional liderliyini tam təsbit etsin. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi ÜDM-in 4 faizi və dövlət büdcəsinin 11 faizi həddində olub. Cari il sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin 30 il müddətində yaratdığı müdafiə səddi yarılıb və 1988-1993-cü illərdə işğalına illər sərf edilmiş Azərbaycan torpaqları bir neçə həftə ərzində azad edilməyə başlayıb. Beləliklə, Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə və düşmən üzərində üstünlüyə çevirməyi bacarıb. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri - iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması regionun geopolitikasını və geoiqtisadiyyatını yenidən şəkilləndirir. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistan Azərbaycanla son müharibənin ilk 20 günündə 3,5 milyard dollar və ÜDM-in 30 faizi həcmində itki ilə üzləşib. Yardımlar olmayacağı təqdirdə bu müharibəki ziyanını bağlamaq üçün Ermənistana 10 il vaxt lazım olacaq”.

Ermənistanın regional layihələrdən kənarda saxlanılması öz sözünü dedi

İİTKM-in icraçı direktoru bildirib ki, beynəlxalq güclərin dəstəyi ilə Ermənistanın Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğalda saxlaması ölkəmiz üçün "geopolitik lift” sayıla bilərdi. Çünki Azərbaycan bütün resurslarını bu müddətdə erməni işğalını aradan qaldırmaq üçün səfərbər etmişdi. Bu "geopolitik liftlər” - neft-qaz və nəqliyyat-logistika layihələri Azərbaycanı Avrasiyanın mərkəzində "Şimal-Cənub” və "Şərq-Qərb” dəhlizlərində yüksək mərtəbələrə qaldıra bilib.
XIX əsrdə Napoleonun Böyük Britaniyanı "Kontinental mühasirə” (Blocus continental) cəhdi uğursuzluqla nəticələndiyi halda, Azərbaycanın aqressor Ermənistanı sülhə məcbur etmək üçün onu regional layihələrdən kənarda saxlaması öz sözünü dedi. Müstəqilliyinin məhdudlaşdırılması, tədiyyə balansı və icmal dövlət büdcəsinin xroniki kəsiri, əsas iqtisadi rıçaqlarının itirilməsi və əhalinin dörddəbirinin yoxsulluq həddindən aşağıda olması Ermənistana Qarabağda işğalı davam etdirməyə imkan vermir. Azərbaycanın bu il sentyabr-oktyabr aylarındakı hərbi uğuru - Ermənistan üçün bir həqiqəti çılpaqlığı ilə ortaya qoydu: itirilmiş 30 il. Daha bir tarixi şansın itirilməməsi üçün Ermənistanın işğal siyasətindən əl çəkməsi lazımdır.

Torpaqlara qayıtdıqca həyat da canlanır

İşğaldan azad olunan torpaqlarda iqtisadiyyatın bərpasının necə həyata keçiriləcəyinə gəldikdə, Vüsal Qasımlı qeyd edib ki, bununla bağlı Azərbaycanın kifayət qədər təcrübəsi var: "Hətta ölkəmizdə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir. 2020-ci ildən başlayaraq Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin də uyğun qaydada bərpası həyata keçiriləcək.
1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - "Böyük qayıdışın başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq bir neçə dəfə Sərəncam imzalanıb. Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Bu da Azərbaycan və Ermənistanın inkişafa münasibətlərində fərqi göstərir. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə "Böyük qayıdış” da davam edir”.

Təcavüz nəticəsində itkilərimiz 820 milyard dollar səviyyəsindədir

Ərazilər işğaldan azad olunduqca ermənilərin bizim torpaqlarda talançılıq və dağıdıcılıqla məşğul olması bir daha sübut olunur. Bu baxımdan Azərbaycana dəyən ziyanın nə qədər olması diqqət mərkəzinə gəlir. Vüsal Qasımlının bildirdiyinə görə, - 1988-1993-cü illərdə işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb, soyğunçuluğa məruz qalıb.
Bundan əlavə, 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması, onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb. 2017-ci ilə olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində itki və tələfatların ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub. İşğaldan azad olunduqca Azərbaycan bu ərazilərə həyat gətirəcək. Ermənistana qarşı vurduğu ziyana görə təzminat iddiası da mümkündür.

İşğaldan azad olunan ərazilərdə "tikinti bumu” gözlənilir

Bütün bunlara rəğmən işğaldan azad edilən ərazilərdə böyük inkişaf potensialı var. İİTKM-in icraçı direktorunun sözlərinə görə, ərazilərin işğal altında saxlanılması Ermənistana ciddi iqtisadi fayda gətirməyib: "Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara malik olmasına, habelə geniş kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Bəli, Kəlbəcərdə və başqa ərazilərimizdə kustar üsullarla və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb. Buna görə cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaqlar.
"AzerGold” QSC və Azərbaycan Sənaye Korporasiyası bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr, ixrac və investisiya imkanlarına sahibdirlər. Beləliklə, yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin inkişafını sürətləndirəcək. 5G texnologiyalara sahib Azərbaycan Ordusunun təchizatında hərbi sənayemiz öz sözünü deməlidir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq ki, bu da iqtisadiyyatı daha məhsuldar edəcək. İkinci Dünya Müharibəsindən sonra ən çox dağılmış iki ölkə - Almaniya və Yaponiya daha sürətlə inkişaf etdi, çünki yeni texnologiyalar tətbiq olundu, iqtisadiyyatın məhsuldarlığı yüksəldi. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın yenidən tikilməsi üçün əksər tikinti materiallarının ehtiyatları elə bu rayonun özündə də var: mişar daşı istehsalına yararlı tulus tuf, çaxmaqçay, tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl, yəşəm, xalsedon və meşə ehtiyatları.
İşğaldan azad olunan ərazilərdə "tikinti bumu” gözlənilir. Ərazilərimizin azad edilməsi nəticəsində biz qarşıdakı illər üzrə qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyimiz proqnozları yenidən işləməli olacağıq. Çünki Ordumuzun bu qələbəsi həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq. İlkin hesablamamız göstərir ki, qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər”.

Kənd təsərrüfatının inkişafı sürətlənəcək

İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sahəsində də böyük perspektivlər var. Vüsal Qasımlının sözlərinə görə, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizindən istifadə edilir. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü tam təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq.

Ermənistanın Azərbaycana qarşı hidro müharibəsinə də son qoyulur

Su ehtiyatlarının 72,7 faizi ölkə xaricində formalaşan Azərbaycanın işğal altında olan su resurslarına çıxışı olduqca mühüm əhəmiyyət kəsb edir. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Azərbaycan su ehtiyatlarını səmərəli idarə etməklə həm Ermənistanın Azərbaycana qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Xüsusən də Kəlbəcər və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir, hətta Ermənistanın şirin su mənbəyi olan Göyçə gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının da mənbəyi bu rayonlardadır.
Bundan əlavə, Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı - Sərsəng su anbarı da işğal altındadır. Keçmişdə Sərsəng su anbarı Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Sərsəng su anbarı Ermənistanın əlində regional ekoloji və milli təhlükəsizlik üçün təhdiddir.
Azərbaycanın mineral su ehtiyatlarının 40 faizinə qədəri işğal altındakı torpaqlardadı. Bu suların həm qablaşdırılaraq satılması, həm də bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması mümkündür. İşğal altındakı 2 qoruq, 4 yasaqlıq və tarixi abidələrin əsasında turizmin inkişafı üçün böyük potensial var. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasının turizm imkanları çox genişdir.
Ermənistan işğal altındakı ərazilərdə 2020-ci ilədək 30 kiçik su elektrik stansiyasının (SES) tikintisini nəzərdə tutsa da, onlardan yalnız 16-sı istifadəyə verilib. Həmin istifadəyə verilmiş SES-lərin ümumi gücü 1976-ci ildə istifadəyə verilmiş gücü 50 meqavat olan "Sərsəng” SES səviyyəsindədir. Nəzərə alsaq ki, Suqovuşan Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub və həmin ərazidə olan "Madagiz 1” və "Madagiz 2” SES-lər dövriyyədən çıxıb və mövcud güc daha da azalıb. Ümumilikdə isə işğaldan sonra Qarabağın enerji sistemi Ermənistandan asılı vəziyyətdədir və istehsal olunan güc ümumi tələbatın 30-40 faizini təmin etmək qabiliyyətindədir.
Prezident İlham Əliyevin uzaqgörənliklə Araz çayı üzərində Xudafərin və Qız qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında İranla gəldiyi razılaşma bu gün öz sözünü deyir. "Xudafərin” hidroqovşağı Azərbaycana ildə 368 milyon kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Burada həm də suvarma imkanları mövcuddur.

Ermənistanda pullar iqtisadiyyata yox, işğala yönəldilir

Vüsal Qasımlı onu da qeyd edib ki, Ermənistan Azərbaycanla resurs müharibəsinə və silahlanma yarışına hazır deyil: "Bu, Ermənistanı taqətdən salır və tükəndirir. Ermənistanın dövlət büdcəsinə nəzər yetirsək görərik ki, 1995-2020-ci illərdə hərbi xərclər cəmi 7,9 milyard dollar səviyyəsində olub. Eyni zamanda, həmin dövr üzrə qondarma rejimin büdcəsinə də Ermənistan büdcəsindən transfertlər olub. Ümumilikdə ötən dövr ərzində Ermənistanın büdcəsində işğalla bağlı təxminən 8,6 milyard dollar həcmində xərc yaranıb ki, bu xərc də ölkə üçün böyük yükdür. Müqayisə üçün deyək ki, qeyd olunan müddət ərzində Ermənistan iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi təxminən 8 milyard dollar səviyyəsində olub. Eyni zamanda, həmin xərclər 2020-ci il səviyyəsi nəzərə alınmaqla Ermənistanın 2,5 illik büdcə xərclərinə bərabərdir. Hərbi xərclərin büdcədə dominant olması ölkədə digər sahələrin, xüsusilə elm, təhsil, səhiyyə, texnologiya, habelə sosial sektorun maliyyələşdirilməsində ciddi problemlər yaradıb. Nəticədə hər 4 nəfərindən biri yoxsul olan Ermənistan dünyada ən militarist iqtisadiyyata malik ölkələr arasındadır. Göründüyü kimi, işğal altında saxlanılan Qarabağın Ermənistan üçün heç bir iqtisadi potensialı yoxdur, nəzərdə tutulan bütün "perspektiv planlar” iflasa uğrayıb. Başqa sözlə, Qarabağ Ermənistan üçün iqtisadi yük, Azərbaycan üçün isə iqtisadi potensialdır”.

İşğalçının Qarabağdakı məskunlaşma siyasəti iflasa uğrayıb

Ermənistan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Belə ki, Ermənistan hökuməti Ermənistandan və digər ölkələrdən, xüsusilə Suriya, Livan və İraqdan olan ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşmasını təşviq etmək məqsədilə maliyyə, maddi-texniki və sair yardımlar göstərəcəyi ilə bağlı müxtəlif vədlər verib.
Bu barədə qənaətlərini bölüşən İİTKM-in icraçı direktoru deyib: "Məskunlaşma siyasəti tam iflasa uğrayıb. Ermənistan statistikasına əsasən bu ərazilərdə təxminən 150 min, erməni mətbuatına görə 40-45 min, işğal olunmuş ərazilərdə aparılmış faktaraşdırıcı missiyanın hesabatlarına əsasən isə cəmi 25 min əhali yaşayır. Xatırladaq ki, işğaldan əvvəl isə həmin ərazilərdə 1 milyona yaxın azərbaycanlı yaşayırdı. Görünən odur ki, bu ərazi erməni xalqı üçün heç vaxt cəlbedici olmayıb. Eyni zamanda, Ermənistanın mövcud iqtisadi potensialı verilmiş vədlərin icrasını mümkünsüz edib. Depopulyasiya, aşağı doğum faizi və əhalinin qocalması ilə demoqrafik böhran yaşayan Ermənistanın Qarabağda məskunlaşma siyasəti iflasa uğrayıb. Avropada ən sürətli əhali artımına malik olan ölkələrdən biri kimi Azərbaycanın demoqrafik fundamentalları imkan verəcək ki, işğaldan azad olunan ərazilərdə sürətlə məskunlaşma aparılsın, insanlarımız ata-baba yurdlarına geri qayıtsınlar”.
Göründüyü kimi Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Prezident İlham Əliyev dediyi kimi "Qarabağ Azərbaycandır!”. İlham Əliyev Qarabağı Azərbaycanın ən inkişaf etmiş mərkəzinə çevirəcək. Azad edilmiş bölgələrin güclü iqtisadi potensialı isə ölkəmizin yükşəlişinə böyük təkan verəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ