Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Razi Nurullayev: "Azərbaycan haqlıdır, onu müdafiə edən hər bir ölkə haqqın, qarşı çıxanlar isə şərin tərəfindədir"

    Deputat Razi Nurullayev: "Azərbaycan haqlıdır, onu müdafiə edən hər bir ölkə haqqın, qarşı çıxanlar isə şərin tərəfindədir" Müharibənin dayandırılması üçün beynəlxalq təşkilatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyinin yanında dayanmağı seçən dövlətlər yekə-yekə bəyanatlar verir. Azərbaycandan atəşi dayandırmağı tələb edir.
    Vətən müharibəsi isə dayanmamalıdır. Qarabağı işğalçı ermənilərin şeytan ruhundan xilas etmək üçün şəhidlər veririk. Dayanmaq ölümə bərabərdir. Bişərəf yaşamaqdansa, şərəflə ölməyi seçirik. Qarabağ namus və qeyrət. Qarabağ ana və bacımız.
    Mənasız, məntiqsiz, söz yığınından ibarət bəyanat verən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar niyə indiyə kimi susurdu? Qondarma rejim qondarma andiçmə mərasimini qədim şəhərimiz Şuşada keçirəndə, ikiüzlü Paşinyan yallı gedəndə niyə səsiniz çıxmırdı? Niyə demirsiniz ki, Azərbaycan sizin də tanıdığınız öz ərazisində vuruşur? Bəlkə, bir milyona yaxın qaçqın və köçkünə sahib çıxmısınız? Heçmi vicdanınız yoxdur?
    Qoy böyük danışıb, haqsız tələblər irəli sürən ölkələr öz ərazilərində bizə -azərbaycanlılara torpaq ayırsınlar və biz onların torpaqlarında ikinci Azərbaycan dövləti yaradıb qaçqın və köçkünlərimizi ora köçürək. Siz bunu etməyincə, biz də mənfur erməni işğalçılarına ərazimizdə ikinci erməni dövləti yaratmağa imkan verməyəcəyik.
    Elə buradan Ali Baş Komandana müraciət edirəm ki, biz vaxt itirmədən Dağlıq Qarabağda yaşayan mülki vətəndaşlara müraciət edək və ərazini tərk etmələri üçün bir gün zaman verək. Ərazimizə keçmək üçün də təhlükəsizlik koridoru yaradaq. Vaxt bitdiyində bütün hərbi gücümüz ilə işğalçı ordunun başına bomba yağdıraq, onları yerlə-yeksan edək. Tərk etməyən vətəndaşın məsuliyyəti erməni işğalçılarının üzərində qalacaq. Qarabağı yenidən daha gözəl bərpa edərik. Uca Allah, bizə yardımçı olsun.
    Islam ölkələrinə müraciət edirəm. Ya bu gün Azərbaycanın haqq işinə əməldə islam həmrəyliyi göstərəcəksiniz, ya da islam həmrəyliyi birdəfəlik məhv olacaq. Mən və təmsil etdiyim partiyam islam həmrəyliyindən birdəfəlik imtina edəcək və həmrəyliyi başqa xalqlarda və ölkələrdə axtaracaq. Bu gün nələrsə etməsəniz, islam həmrəyliyi silinib gedəcək. Qoy həmişə olduğu kimi islam ölkələri digər güclü ökələrin əlində oyuncağa və qardaşının ürəyinə xəncər saplayan Adəm oğluna çevrilsin.
    Mən qardaş Türkiyə və Pakistana təşəkkür edirəm. Ukrayna, Bosniya və Hersoqovina dövlətlərinə təşəkkür edirəm. Azərbaycanın haqq işinə dəstək verən bütün xalqlara və dövlətlərə təşəkkür edirəm.
    50 siyasi partiya milli birlik, Dağlıq Qarabağın azadlığı üçün gedən döyüşlərdə Ali Baş Komandana dəstək bəyənatı imzaladı. Bu bəyənata siyasi həyatda rolu olan iki partiya “Müsavat” və AXCP qoşulmadı. Bilirsiniz niyə? Niyəsini bilmək üçün bu bəyanatın mənim üçün nə ehtiva etdiyini sizə deməliyəm. Bu mənim üçün Qarabağda zəfər çalanda, bu zəfərdə bizim də payımızın olduğu anlamıdır, dünya gücləri Azərbaycanı hərbi əməliyyatları zor gücü ilə dayandırmağa vadar etsələr isə, o zaman bunun məsuliyyətini bölüşməkdir. Tam məsuliyyət Ali Baş Komandanın üzərində qalarsa, sağlam qərar verməkdə, qətiyyətli olmaqda tərəddüd təhlükəsi yarana bilər. Onun üçün də Ali Baş Komandan bilməlidir ki, bizlər bərabər məsuliyyət daşıyırıq, mən siyasi partiya kimi baş verən bütün hadisələrdə məsuliyyəti bölüşdüyümü bəyan edirəm.
    Bəs siz niyə imza atmadınız? Hər şeydə fərqlənmək, özünü sığortalamaq istəyi güc gəlir? Bəs xalq, bəs Qarabağ, bəs şəhidlərimiz? Sabah da deyəsəksiniz ki, biz inanmırdıq deyə imzalamadıq, məsuliyyəti bölüşmürük. Özünüzü sudan duru çıxarmağa çalışacaqsınız. Bu xəyanətə bərabərdir. Zəfərimizdə isə deyəsəksiniz ki, biz imzalamasaq da dəstək verdik, siyasi fəaliyyətimizi məhdudlaşdırdıq. Bu ikili oyundur və bunu xalqımız qəbul etmir. Biləsiniz. Azərbaycan haqlıdır, onu müdafiə edən hər bir ölkə haqqın, qarşı çıxanlar isə şərin tərəfindədir. Xalqımız bunu belə yadda saxlayacaq!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ