04 dek 12:30siyaset

Azərbaycan-Rusiya dostluğu əbədidir

Azərbaycan-Rusiya dostluğu əbədidir
Rusiya təəssüratlarımdan qeydlər

SSRİ dağılandan sonra Rusiyaya ilk səfərimdir. Gedişimin də məqsədi əzizlərimdən birinin toy mərasimində iştirak etmək idi. Qardaşım oğlu Buludxan, onun həyat yoldaşı Səfayə xanım və bu sətirlərin müəllifi qərarlaşdırdıq ki, səfərə qatarla çıxaq. Bu həm maddi baxımdan sərfəli olar, həm də yolboyu Rusiyanın göz oxşayan meşələrini, çaylarını, gözəl mənzərələrini seyr edərik.
Hər ehtimala qarşı biletimizi də 10-15 gün əvvəldən aldıq. Gedəcəyimiz şəhərə (Saratova) Azərbaycandan birbaşa qatar getmir. Ona görə də Bakıdan Mahaçqalaya, oradan da Mahacqala-Moskva qatarı ilə Saratova getməli idik. Bakıdan Mahaçqalaya getmək üçün hər birimiz 43 manat verib, ayrıca bilet almalı olduq. Qeyd edim ki, birimizin bilet pulu ilə yüngül maşınla cəmi bir neçə saata Mahaçqalaya gedə bilərdik. Amma qatarla bu yolu bir sutkaya getdik…
Məni düşündürən, həm də narahat edən bir suala hələ də cavab tapa bilmirəm: nə üçün Azərbaycandan Rusiyanın, Ukraynanın iri şəhərlərinə birbaşa qatar getmir. Bu şəhərlərə gedən yoxdur, yoxsa bizim dəmir yolu nəqliyyatının başbilənlərinə belə sərf edir?! Nə isə...…
Nəhayət, yola düşəcəyimiz gün gəlib çatdı. Bakı Dəmiryolu Vağzalına gəldik. Sanki SSRİ dövründəki vağzal deyildi. Burada çox az adam gözə dəyirdi. O vaxtlar Rusiyanın, Ukraynanın, Belorusiyanın paytaxtı ilə yanaşı, iri şəhərlərinə də Azərbaycandan qatarlar gedərdi. Dəmiryolu vağzalında adam əlindən tərpənmək olmazdı. Düzdür, Bakı-Moskva qatarının yola düşməsinə bir saat qalmış burada bir qədər canlanma yarandı…
Sumkalarımızı götürüb, biletdə göstərilən vaqona getdik. Səfərimizin elə ilk anından qanqaraçılıqla qarşılaşdıq. Vaqon bələdçisi əlimizdəki sumkanı görən kimi üz-gözünü turşutdu. “Əlavə pul ödəməlisiniz” - dedi. Yuxarıda artıq qeyd etdiyim kimi, biz toya gedirdik və təzə gəlinə, necə deyərlər, qiymətdə ağır, vəzndə yüngül hədiyyələr aparırdıq. Yükümüz yüngül olsa da, böyük görsənirdi. Xeyli çənə-boğaz etdikdən sonra bələdçini başa sala bildik ki, toya gedirik, üç nəfərik və bizim hər birimizin bu böyüklükdə, bu ağırlıqda daha üç yük aparmağa ixtiyarımız var. Bələdçinin bizimlə razılaşmaqdan başqa çarəsi qalmadı.
Qatara minib, yerimizi sahmana salan kimi, uzanıb şirin yuxuya getdik. Nə qədər yatdığımızı bilmirəm, bələdçinin gur səsinə diksinib, yuxudan ayıldıq:
- Qalxın! Qalxın! Sərhədçilər pasportları yoxlayır. Deməli, Rusiya sərhəddinə çatırıq. Qalxdıq. Bir azdan sərhədçilər itlə vaqona daxil oldular. İt hamımızı qoxladı, yoxladı getdi. Sonra başqa sərhədçilər gəldi. Xarici pasportumuza, gözümüzə, üzümüzə baxıb, yoxlayıb getdilər. Sonra başqaları gəldilər; baxdılar, yoxladılar getdilər. Bir neçə saatdan sonra yoxlama başa çatdı. Dərindən nəfəs alıb, dincəlmək istədik. Lakin heç yarım saat keçməmiş, rusların sərhədçiləri yoxlamaya başladılar. Bunlar da həmin minvalla, həmin yoxlamaları həyata keçirdilər…
Bütün bunları müfəssəl yazmaqda məqsədim odur ki, biləsiniz, biz qatarla getməkdən hansı ləzzəti almaq istədiyimizi və necə ləzzət aldığımızı bilib, hiss edəsiniz.
Qatar Mahaçqala vağzalına daxil oldu. Saat yarımdan sonra Mhaçqala-Moskva qatarına minməliyik. Nəhayət, qatar gəldi. Vaqonumuz sonuncu, 16-\cı olsa da, Lokomotivə qoşulan birinci idi. Biz vaqonumuzun arxada olacağını düşünüb lap sonda dayanmışdıq. Yükümüzü götürüb, irəliyə qaçmağa başladıq. Daşlı-kəsəkli yolla yıxıla-dura, qaça-qaça öz vaqonumuza çatdıq. Bakıdakından fərqli olaraq, bu xanım bələdçi bizi çox gülərüzlə və mehriban qarşıladı. Biletlərimizi yoxladı. Vaqona dəvət etdi. Yolboyu bizə isti, pürrəngi çay verdi (əlbəttə ki, 500 pubulun müqabilində).
Biz Saratova gedirdik. Burada yaşayan qardaşım qızıgildə bir neçə gün qaldıqdan sonra qız toyunda iştirak edib, gəlini də götürüb Novosibirskiyə getməliydik. Qatar Xəzər dənizini dövrə vuraraq Astarxana, oradan da Qazaxıstanın ucsuz-bucaqsız səhrası ilə Saratova tərəf aram-aram gedir. Gözlədiyimizin əksinə olaraq, yolboyu bir dənə də olsun ağaca, yaşıllığa rast gəlmədik. Hərdən bu çöllükdə mal tövlələri, fermalar gözə dəyir. Qazaxların sərhədçiləri isə bütün yolboyu aramsız yoxlamalar aparırlar…
Saratovda qatardan düşdük. Buradan Puqaçova rayonuna getməliyik. Xeyli əzab-əziyyətdən sonra Puqaçovaya gedən “Qazel” avtobusu ilə 4 saatlıq çox narahat yollarla qardaşım qızıgil yaşayan Puqaçova rayonunun mərkəzinə çatırıq. Burada bizi əzizlərimiz - qardaşım qızı Vəcihə, onun həyat yoldaşı Fuad və bizdən bir neçə gün əvvəl yola çıxan qardaşım oğlu Elxan müəllim qarşıladılar. Artıq süfrə hazır idi: süfrədə Azərbaycan plovu və hər cür naz-nemət bizi gözləyirdi. Lakin bizim yemək yeməyə halımız qalmamışdı. Dincəlmək, iki sutkalıq yolun yorğunluğunu canımızdan çıxarmaq istəyirdik…
Bir neçə kəlmə Saratov Vilayəti və onun Puqaçov rayonu barədə. İstər Saratov şəhərinin özünün, istərsə də rayon, kənd və qəsəbələrinin yolları bərbad haldadır. Kəndlərdə iş yeri olmadığından gənclər və əksər ailələr köçüb Rusiyanın müxtəlif şəhərlərinə gediblər. Boş qalmış evlərin bəzilərində əldən-ayaqdan düşmüş ixtiyar yaşlı qocalar kətilin üstündə oturub, sanki əbədi dünyaya köçəcəyi günü gözləyirlər. Sahibsiz evlərin çoxusunu qeyri-rus millətlərdən olan insanlar ucuz qiymətə alıb, burada maldarlıqla və başqa bizneslə məşğul olurlar.
Pqaçov şəhəri Saratov vilayətinin mərkəzindən 246 kilometr aralıda, İrqız çayının sahilində yerləşir. 3,8 min kvadrat kilometr ərazisi olan şəhərin əhalisi 41 min nəfərdir. 1889-cu ildə inşa edilən beş günbəzli pravoslav kilsəsi bu gün də öz əzəməti və yaraşığı ilə şəhərə gözəllik verir. 19-cu əsrdə tacir A.A.Şmidt tərəfindən inşa edilən Şmidt Ticarət Mərkəzi memarlıq baxımından adamı heyran edir. Əfsanəvi sərkərdə V.İ.Çapayevin ev-muzeyi də burada yerləşir. Muzeydə əfsanəvi sərkərdənin qəhrəmanlığından, həyat və yaradıcılığından bəhs edən 5 mindən çox tarixi sənəd toplanılıb. Proletariatın dahi rəhbəri V.İ.Leninin heykəli burada, mərkəzi meydanda hələ də qalmaqdadır. Bu gün də heykəlin önündə ən vacib və möhtəşəm tədbirlər keçirilir. Elə biz orada olanda Vilayət üzrə velosiped yarışları məhz o meydandan start götürdü…

Samarada, toyda

Biz, yəni Bakıdan gedən onaqlar və Saratovda yaşayan qohumlar bir neçə maşınla qız toyunda iştirak etmək üçün Samara şəhərinə yollandıq. Əvvəlcədən qeyd edim ki, bu vilayətin yolları Saratovla müqayisədə çox rahat və abaddır. Çətinliklə də olsa toy mərasiminin keçirildiyi şadlıq evini tapıb, yerimizi rahatladıq. Azərbaycandan gələn gənc müğənnilərin iştirakı ilə möhtəşəm bir məclis keçirildi.
Xırdalıqlara varmaq, oxucuları yormaq istəmirəm. Bir neçə kəlmə ilə qız-toyuna yekun vuracağam. Toy günün səhərisi gəlinlə bir dəstə qohum-əqrəba qatarla Novosibirskiyə yola düşdülər. Biz bakılılar bir neçə gün Samarada, daha doğrusu, Bolşoye Çerniqov şəhərində, həmkəndlilərimizin, əzizlərimizin yanında qalıb, istiqamət etməyi qərarlaşdırdıq...

İkinci toy
Və yaxud əzizlərimizlə birlikdə...


Necə deyərlər, əsl toy-bayram sonrakı, burada keçirdiyimiz günlər oldu. aşağıda haqqında ayrıca söz açacağım həmkəndlimiz, iş adamı, dəyərli və çox sadədən-sadə insan Möhlət Ramazanov bütün qohum-əqrəbanı (50 nəfərə yaxın adamı) cəm edərək, şəhərdən kənarda, gölün sahilində bizim şərəfimizə çox möhtəşəm bir ziyafət təşkil etdi. Sanki ikinci toy məclisi burada keçirilirdi. Oynadıq, güldük, danışdıq, çimdik, hədəfə güllə atdıq... əsl istirahətin ləzzətini yaşadıq...
***
Başımızı uca edənlər

Sirr deyil ki, müxtəlif səbəblərdən, əsasən də qazanc dalısınca xarici ölkələrə xeyli sayda soydaşımız üz tutmuşlar. Ölkəmizdə işsizlik, qıtlıq hökm sürdüyü vaxtlarda Rusiyaya gedənlərin sayı daha çox olmuşdur.
Onu da etiraf etmək lazımdır ki, məhz Rusiyadan gələn valyuta hesabına regionlarımızda yaşayan insanlar öz dolanışıqlarını, gün-güzəranlarını xeyli yaxşılaşdırmışlar. Hazırda Rusiyanın özündə iqtisadi durum o qədər də könülaçan deyil. Buna baxmayaraq, orada yaşayan və işləyən soydaşlarımız, iş adamları bu gün də qazanclarının böyük hissəsini Azərbaycana, ata-analarına, ailələrinə, qohum-əqrəbalarına göndərirlər.
Rusiyaya gedən həmyerlilərimizdən adımıza xələl gətirənlər də var, öz xeyirxah əməlləri, alicənablığı, işgüzarlığı ilə başımızı uca tutanlar da. Nə yaxşı ki, ölkəmizin, dövlətimizin, millətimizin başını uca edənlərin sayı daha çoxdur. Onlardan bir neçəsi haqqında söhbət açmaq istəyirəm.

Ümid yeri

Ailə kiçik bir dövlətdir. Hansı ailənin təməli düzgün qurulubsa, hansı ailədə nizam-intizam, mehribançılıq, ağsaqqala hörmət varsa, orada uğur var, bin-bərəkət var, tərəqqi var. Möhlət Ramazanovun ailəsi məhz belələrindəndir. Onun atası Heybət Ramazanov 1947-ci ildə Ucar rayonunun Təzə Şilyan kəndində anadan olub. Orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Tərxis olunandan sonra doğma kəndinə qayıdıb, ailə qurub. İki qız övladı dünyaya gəlib. Kənddə dolanışıqları çətin olduğu üçün, Rusiyaya getməyi qərara alıb.
...O vaxtlar, yəni SSRİ dövründə kəndlərdən bənna, suvaqçı, dülgər və sair peşələrdən ibarət briqadalar yaradılar, Rusiyaya “sezona” gedərdilər. Altı-yeddi ay orada tikinti obyektlərində işləyib, yaxşı məvaciblə geri dönərdilər.
Heybət Ramazanov ailəsi ilə birlikdə belə bir briqadanın tərkibində Samara Vilayətinin Bolşoye Çerniqovka şəhərinə gəlir, fəhlə kimi işə başlayır. İlk vaxtlar gənc ailə üçün çox ağır keçir. Yoldaşı, iki kiçik uşaqları Azərbaycandan gələn briqada üzvləri ilə bir otaqda qalmalı olurlar. Briqada üzvləri ailəyə kömək əli uzadır. Yığışıb, qaldıqları otağı yarıya bölərək gənc ailəni orada yerləşdirirlər.
Belə bir ağır şəraitdə işə başlayan Heybət Ramazanov əzmkarlığı, işgüzarlığı, qabiliyyəti, bacarığı sayəsində, nəinki iş yoldaşlarının, həmçinin rayon rəhbərliyinin hörmətini, rəğbətini qazanır. Briqada üzvləri işlərini başa vurub vətənə dönəndə rayonun rəhbərləri onun qalıb burada işləməsini məsləhət görür. O, bu məsləhətə razılığını bildirir və burada qalır. İşləyə-işləyə sürücülük kursunu bitirir, sürücü kimi fəaliyyətə başlayır. Ona hansı iş tapşırılırdısa, can-başla yerinə yetirirdi. Burada onun bir oğlu da dünyaya gəlir. Adını Möhlət qoyurlar. İki bacının bir qardaşı...
Möhlət Ramazanovun dediklərindən:
- Atam yaxşı işçi olmaqla bərabər, qeyrətli ailə başçısı, qayğıkeş ata idi. Bizə ilk növbədə, milli adət-ənənələrimizə sadiq qalmağı öyrədirdi. O, deyirdi ki, hansı ölkədə yaşayırsınız yaşayın, amma öz ana dilinizi unutmayın. Atam heç vaxt bizi döyməyib, səsini də qaldırmayıb. Hər şeyi baxışları ilə anladıb. Ailədə mehribançılıq şəraiti yaradıb. Böyüyə-kiçiyə hörmət qoymağı öyrədib bizə. Bəlkə də elə bunun nəticəsidir ki, bu gün Bolşoye Çerniqov rayonunda sayılıb-seçilən ailələrdən biri sayılırıq.
SSRİ dağılandan sonra Heybət Ramazanovun işlədiyi idarə ləğv olunur. Ailəni dolandırmaq üçün o kiçik bir vaqon qoyub, ticarətlə məşğul olmağa başlayır. Yavaş-yavaş biznesini genişləndirməyi qərara alır. Kafe açmaq istəyir. 2003-cü ildə kafenin açılışına hazırlaşdıqları vaxt Heybət kişi dünyasını dəyişir. Bu itkidən ailə üzvləri xeyli vaxt özlərinə gələ bilmirlər. Amma ölənlə ölmək olmazdı...
Ailəni dolandırmaq lazım idi. Odur ki, Möhlət özündə güc tapdı, necə deyərlər, qolunu çırmayıb, atasının yarımçıq işlərini, arzularını həyata keçirməyə başladı. O, daha böyük biznes şəbəkəsi yaratmağa nail oldu. Həmin kafenin yanında üç mərtəbəli bina inşa etdirdi. Birinci mərtəbədə kafe-restoran, ikinci mərtəbədə şadlıq evi, üçüncü mərtəbədə isə otel fəaliyyətə başladı.
“Leqenda” (“Əfsanə”) adlı bir kompleksdə 30 nəfərdən çox işçi çalışır. Buranı “xeyriyyəçilik mərkəzi” də adlandırmaq olar. Bu barədə kompleksin sahibi Möhlət Ramazanov belə deyir:
- Bu ənənəni atam qoyub. Buraya işləməyə gələn ilk azərbaycanlı kimi, sonradan gələnlərin əksəriyyəti bu və digər problemlərin həlli üçün atama müraciət ediblər. Atam da heç vaxt onları naümid yola salmayıb. Əlindən gələn köməkliyi göstərib. Həmin ənənə bu gün də davam edir. Azərbaycandan Samaraya, bizim Bolşoye Çerniqov şəhərinə kim gəlirsə, ilk növbədə, kömək üçün bizə müraciət edir. Kimisi onlara hüquqi yardım, kimisi pasport qeydiyyatına düşmək, kimisi iş problemlərinin, kimisi viza məsələsinin həlli üçün onlara köməklik göstərməyimizi xahiş edirlər. Biz də öz növbəmizdə, imkan daxilində onların arzu və istəklərini yerinə yetiririk. Bütün bu işləri təmənnasız yerinə yetiririk. Hələ qalmağa yeri olmayanları oteldə yerləşdiririk, yeməkxanada pulsuz nahara qonaq edirik, bəzilərinin cibinə xərclik də qoyuruq...
Möhlət Ramazanov həqiqətən də çox layiqli və ləyaqətli Azərbaycan oğludur. O, özü barədə danışmağı sevmir. Amma burada yaşayan soydaşlarımız, qeyri-millətlərin nümayəndələri və eləcə də Bolşoye Çerniqov şəhərinin rəhbərliyi onun barədə ağızdolusu xoş sözlər söylədilər. “Möhlət hər işdə bizə arxa-dayaqdır” - dedilər.
Möhlət qayğıkeş ata və ailə başçısıdır. Onun bir oğlu və bir qız övladı var. Qızı Leyla Samara Dövlət Tibb Universitetinin, oğlu Heybət isə Tikinti Kollecinin IV kurs tələbələridirlər. Yoldaşı Pakizə xanım otel-restoranın idarə olunmasında ona yaxından kömək edir.
Bu gözəl və mehriban ailənin hər bir üzvünün qəlbi doğma Azərbaycanımızla döyünür. Ölkəmizdə gedən quruculuq və abadlıq işlərini, islahatları ürəkdən bəyəndiklərini söyləyirlər...

Qürur duyuruq

Səbinə Şərifova Möhlət Ramazanovun böyük bacısıdır. Cavan yaşlarından həyatın hər \cür çətinliyini, ağrı-acılarını dadıb.
Həyat yoldaşı Tərlan Şərifov bu şəhərdə sayılıb-seçilən, hörmət-izzət sahibi, bacarıqlı iş adamı olub. Lakin vaxtsız əcəl ona arzu və istəklərini həyata keçirməyə imkan verməyib. Çox erkən, cavan vaxtlarında dünyasını dəyişib. İki qız və bir oğul övladı ilə Səbinə xanım tək qalıb. İlk əvvəl ruhdan düşsə də, sonda özündə güc tapmağı bacarıb. Uşaqlarının təlim-tərbiyəsi, təhsili, sağlamlığı üçün gecəsini-gündüzünə qatıb, min bir əzaba qatlaşıb, övladlarına həm ana olub, həm ata. Amma bu zəhmət, bu əzab hədər getməyib, öz bəhrəsini verib. Belə ki, böyük qızı Ayşən 2017-ci ildə Samara Dövlət Texniki Universitetinin bakalavr, 2019-cu ildə isə həmin universitetin magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir. İkinci qızı Abuhəyat İqtisadiyyat və Mədəniyyət İnstitutunun V kurs tələbəsidir. Oğlu Aqşin IV sinifdə oxuyur. Dərs əlaçısıdır.
Böyük qızı Ayşən Səmədzadə ailəlidir, bir övladı var. Abuhəyatın isə bu yaxınlarda toy mərasimi keçiriləcək. Xoşbəxt olsun!
Göründüyü kimi, Səbinə xanım öz analıq borcunu ləyaqətlə yerinə yetirib. O, Bolşoye Çerniqov şəhərinin mərkəzində dəbdəbəli gül mağazasının sahibidir. Aldığım son məlumata görə, burada daha bir mağaza, qadın geyimləri mağazası açıb. Qayğılarının, işinin çox olmasına baxmayaraq, ictimai işlə də fəal məşğul olur. O, Bolşoye Çerniqov rayonu üzrə Rusiya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəridir. Özü bu barədə məlumat verərək deyir:
- Bizim şəhərdə xeyli sayda azərbaycanlı yaşayır. Mərkəzimizin əsas məqsədi soydaşlarımızı bir araya gətirmək, onların birgə səyi ilə milli-ənənələrimizi, bayramlarımızı, yeməklərimizi, musiqimizi, əsasən də dilimizin zənginliyini qoruyub saxlamaq, təbliğ etməkdən ibarətdir. Həmçinin ermənilərin ölkəmizə qarşı əsassız torpaq iddiaları, Xocalı soyqırımı, girovlarımıza qarşı qeyri-insani rəftarı barəsində burada yaşayan rusları və başqa millətləri tarixi faktlar əsasında məlumatlandırmağa çalışırıq. Bizə soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər olur. Bu və digər məsələlərdə onlara köməklik göstərməyimizi xahiş edirlər. Belələrindən öz köməyimizi heç vaxt əsirgəməmişik.
Səbinə xanım ölkəmizdə abadlıq-quruculuq işlərindən, iqtisadi və sosial sahələrdə aparılan islahatlardan, yeniliklərdən də söz açdı. Dedi ki, ölkəmizdə aparılan islahatları izləyirik və ürəkdən bəyənirik. Xüsusilə də Azərbaycan-Rusiya münasibətlərinin sürətli inkişafını alqışlayırıq. Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın Moskvaya rəsmi səfəri, Rusiya Federasiyasının Prezidenti V.Putinlə görüşü, “Dostluq” ordeni ilə təltif edilməsi iki ölkə arasında dostluğun və əlaqələrin nə dərəcədə inkişafının bariz nümunəsidir. Biz bu münasibətlərdən məmnunuq və qürur duyuruq.
***

İndi də bir qohumum barədə
Onu hamı “ağsaqqal” çağırır


Məni tanıyanlar yaxşı bilir ki, qohumum olmur, lap gözümün işığı olsa belə, layiq deyilsə, onun haqqında bir kəlmə də yazmaram.
Haqqında söhbət açacağım şəxs çox kövrək, çox incə qəlbə malik, ağıllı məntiqə əsaslanan mühakimələri ilə “ağsaqqal” tituluna yiyələnən Tacəddin Həmidovdur. Bacım oğludur. Uşaqlığında acı tale yaşayan bacım oğlu...
Ağsaqqalların məsləhəti ilə onu neçə illər idi ki, ailə qursalar da, uşaqları olmayan əmisigilə övladlığa verirlər. Onun acı həyat hekayəsi də elə buradan başlayır. İnsaf naminə demək lazımdır ki, əmisi və əmisinin yoldaşı ona doğma övladddan da yaxşı baxmış, nəvaziş göstərib, qayğısına qalmışlar. Amma altı aylıq körpəsinə doyunca laylay çalıb, ona nəvaziş göstərə bilməyən əsl ananın halına, vəziyyətinə baxın! Uşaqlarla oynamağa gələndə belə, ciyərparəsinə aralıdan baxıb, ürəyi param-parça olan ana öz doğma balasına yaxınlaşa, ona analıq nəvazişi göstərə, bişirdiyi yeməkdən balasına verə bilmir. Guya uşaq doğmalıq hiss edər, əmisindən, əmisi arvadından soyuyar...
Bax, beləcə Tacəddin yaşa doldu. Və əsl ata-anasının kim olduğunu biləndə, sanki ürəyi qırılıb ayaqları altına düşdü. Bu gün də onunla söhbət edəndə kövrəlir, gözləri dolur, sınıq qəlbinə məlhəm axtarır.
- Təsəvvür edirsiniz, mən bu gün də yaşa dolduğum bir vaxta, bilmirəm, əsl dayımı, xalamı, atamı, anamı necə çağırım, onlara necə müraciət edim?! - Tacəddin kövrəlmiş halda sözünə davam edir. - Nə atamı, nə anamı, elə özümü də bağışlaya bilmirəm. Doğrudanmı mən artıq birisi olmuşam? Niyə mənimlə belə rəftar ediblər? Həmin suallara hələ də cavab axtarıram...
Bəlkə də elə bu səbəbdən Tacəddin hərbi xidmətdən tərxis olunduqdan sonra Rusiyaya üz tutub. Əvvəlcə Astarxanda, sonra Kiyevdə fəhləlik edib. 1986-cı ildə isə Sibirə, Barnaul şəhərinə gedib. 12 min nəfərdən çox işçisi olan pambıq-parça kombinatının tikinti idarəsində əvvəlcə usta, sonra iş icraçısı, sex rəisi vəzifələrində çalışıb. Səriştəsini, təşkilatçılıq qabiliyyətini, bacarığını görən kombinatın rəhbərliyi onu tikinti idarəsinin mühəndisi vəzifəsinə irəli çəkib. O da bu etimadı əməli işi ilə doğruldub, daima yaxşı işinə görə Tərifnamələr, Fəxri Fərmanlara layiq görülüb.
SSRİ dağılanda, müttəfiq respublikalarla əlaqələr kəsiləndə, əsas xammal təchizatçısı olan Özbəkistanla da müqavilələr pozulur. Elə bu səbəbdən də kombinat və eləcə də Tacəddinin işlədiyi idarə fəaliyyətini dayandırmalı olur.
1995-ci ildə Tacəddin Novosibirskiyə gəlir. Buradakı İstilik Elektrik Stansiyasında iş icraçısı kimi fəaliyyətə başlayır. 10 il burada çalışır. Müdiriyyətin və kollektivin hörmətini qazansa da, öz biznesini qurmaq qərarına gəlir. qardaşları Şirzad və Farizlə əl-ələ verib, əvvəlcə kiçik bir kafe tikirlər. Sonra onu böyüdərək restoran-şadlıq evinə çevirirlər.
“Zolotoy Qorko” adlanan bu restoranı soydaşlarımızın “Mədəniyyət mərkəzi” də adlandırmaq olar. Ölkəmizin müxtəlif bölgələrindən olan iş adamları, fəhlələr, ticarətlə məşğul olanlar, işdən sonra mütləq bura baş çəkib, sonra evlərinə gedirlər. Bura həm görüş, həm məsləhət-məşvərət yeri, həm də ləziz Azərbaycan yeməklərinin hazırlandığı bir məkandır. Həmyerlilərimiz ad günlərini, şad günlərini, toylarını, bayramlarını burada keçirməyə üstünlük verirlər. Taciklər, qırğızlar, özbəklər və sair millətlərdən olanlar da məclislərini burada keçirirlər.
Həmyerlilərimiz Tacəddin Həmidovu “ağsaqqal” deyə çağırırlar. O da bu missiyanı layiqincə yerinə yetirir. Ağıllı məsləhət, təmkini, uzaqgörənliyi və xeyirxahlığı ilə burada hamının hörmət və rəğbətini qazanıb. Onun bir oğlu, iki qız övladı, üç nəvəsi var.
***
Risk etməyi sevir

Şirzad Həmidov Ucar rayonunun Təzə Şilyan kəndindəndir.
Risk etməyi çox sevir. Hər işdə birinci olmağa can atır. İşin ən çətinindən, ən sanballısından yapışır. Alınanı da olur, alınmayanı da. Novosibirski şəhərinin merindən tutmuş, hüquq-mühafizə orqanlarının rəhbərləri onu tanıyır, ona hörmət edirlər. iki yerdə çörəkbişirmə sexi var. Burada müxtəlif çeşiddə un məmulatları - çörək, bulka, müxtəlif şirniyyatlar, tortlar hazırlanır, restoranlara, mağazalara paylanır...

2022-ci ildə Novosibirskidə gənclər arasında xokkey üzrə Dünya çempionatı keçiriləcək. Ona görə də Ob çayının sahilində böyük stadiona tikilir. Təkcə stadion yox, həmçinin iştirakçılar üçün şəhərcik salınır və bu işə artıq start verilmişdir. Bax, bu vacib işdə, bu məsul obyektin tikintisində Şirzad Həmidovun başçılıq etdiyi şirkət də podratçı təşkilat kimi yer alıb.
Şirzad Həmidov bu barədə belə deyir:
- Üzərimizə çox məsuliyyətli və nəhəng iş götürmüşük. Burada minlərlə müxtəlif peşələr üzrə işçilər çalışacaq. Hər gün görülən işlər barədə Moskvaya məlumat verilir, bütün işlərə ordan nəzarət olunur. Odur ki, hər işi zərgər dəqiqliyi ilə yerinə yetirməyə çalışırıq. Hələ ki, şirkətimizin fəaliyyətindən razılıq edirlər.

“Qəriblərin və kimsəsizlərin anası”

Burada hamı onu belə adlandırır. Ucar rayonunun Təzə Şilyan kəndində anadan olan Eldanə Həmidova Bakıda Ticarət Texnikumunu bitirib, təyinatla Daşkəsən rayonuna gedib. Böyük bir ərzaq mağazasında əmək fəaliyyətinə başlayıb. Elə burada da Manuçer adlı oğlanla ailə həyatı qurub. 1996-cı ildə həyat yoldaşı, iki azyaşlı oğlu, bir qızı ilə birlikdə Novosibirsk şəhərinə gəliblər. İlk günlər çox çətin şəraitdə yaşayıblar. Kirayədə qaldıqları evdə hər gün ən azı on nəfərə yaxın adam gecələyərmiş. Rayondan iş dalısınca buraya üz tutanların əksəriyyəti onlara pənah aparıblar.
- Yoldaşım Manuçer çox fərasətli, bacarıqlı, necə deyərlər daşdan pul çıxaran bir adamdır, - deyə Eldanə xanım Novosibirskiyə gəldikləri ilk günlərini belə xatırlayır: - SSRİ dağılandan sonra Azərbaycanda işsizlik, qıtlıq hökm sürürdü. Ona görə də ailəmizlə birlikdə buraya köçdük. Kəndimizdən onlarla qohum-əqrəbamız da bizim kimi, görməz-bilməzə buraya üz tutmuşdu. Buranın özündə də vəziyyət yaxşı deyildi. Quruluş dəyişilirdi deyə, xaos yaranmışdı. Kriminal ünsürlər insanlara, xüsusilə də “qara millət”dən olanlara göz verib, işıq vermirdilər. Belə bir şəraitdə çıxıb iş tapmaq, nəyisə əldə etmək çox çətin idi. Yoldaşımın köhnə “01-Jiquli”si vardı. Səhər çıxırdı, gah taksavatlıq edərdi, kiminsə yükünü aparardı... evə əliboş gəlməzdi. Axşam evə gələndə maşının yük yerindən çörək, kolbasa, ət, yumurta və s. boşaldanda, bizimlə birlikdə on nəfərə yaxın işsiz-gücsüz adamların da üzü gülərdi. Elə vaxt olub ki, yemək bişirmişəm, qonaq çox olduğundan nə özüm, nə də uşaqlar dadmamışıq. Uşaqları ac yatızdırmışam...
Atalar yaxşı deyib ki, hər qaranlıq gecənin işıqlı bir səhəri də olur. Bu işgüzar ailə gecəni gündüzünə qatıb, min bir əaba qatlaşaraq, özlərinə gün ağlaya biliblər. Şəhərin qaynar yerində bir kafe tikiblər. Yavaş-yavaş dolanışıqları yaxşılaşmağa başlayıb. Elə bu ərəfədə yaxındakı “Karat” restoranının sahibi xaricə getməsi ilə əlaqədar, restoranı onlara kirayə vermək istədiyini bildirir. Onlar bu fürsəti əldən vermirlər. Razılaşırlar, müqavilə bağlayırlar. Qollarını çırmayıb, işə başlayırlar. Qazanc gəldikcə restoranı daha da genişləndirirlər. 24 saat işləyən restoranda axşamlar adam əlindən tərpənmək olmur...
Eldanə xanım restoranın həm müdiri, həm də baş aşbazıdır. Milli yeməklərimizlə yanaşı, rus və Avropa mətbəxinin təamlarını da ustalıqla hazırlayır. Yoldaşı Manuçer isə əsasən burada təhlükəsizliyə nəzarət edir.
İlk vaxtlarda olduğu kimi, Eldanə xanım indi də Azərbaycandan gələn işsizlərə, kasıblara əsl analıq qayğısı göstərir. Heç kimi naümid yola salmır. Bəlkə elə buna görə də Allah onları naümid etmədi. İlk günlər doyunca çörək tapıb yeyə bilməyən bu ailənin Novosibirskidə neçə yerdə evləri, oğlu Toğrulun ikimərtəbəli obyekti, qızı İlahənin gözəllik salonu, maşınları, hələ üstəlik Bakıda da evlər var.
***

Novosibirsk şəhəri
Azərbaycan-Rusiya dostluğu əbədidir
Budur, Samaradan qatarla iki gün yol getdikdən sonra Novosibirsk şəhərinə çatırıq. Hava çox gözəldir. Bizi qohumlarımız qarşılayır. Burada xeyli sayda həmkəndlilərimiz və qohumlarımız yaşayır. Əksəriyyəti də ev-eşik sahibləridir. Ona görə heç bir narahatçılığımız yoxdur. Baxmayaraq ki, ora gəldiyimiz günün səhərisi burada toy olacaq və bu səbəbdən də Samaradan, Moskvadan, eləcə də Sibirin müxtəlif şəhərlərindən çoxlu qonaqlar gəlmişdi və onları yerləşdirmək üçün heç bir problem yaşanmadı. Çünki əvvəlcədən hər şey nəzərə alınmışdı...

Novosibirski şəhəri haqqında qısa məlumat

Doğrusunu deyim ki, şaxtalı, tufanlı-boranlı Sibir məndə həmişə nastaljı hisslər oyadıb. Oralara səyahət etmək, Tayqa meşələrini, çaylarını, qarını-zirvəsini görmək istəmişəm (baxmayaraq ki, soyuqdan bərk qorxanam).
Budur, Sibirin şəhərlərindən birində Novosibirskidəyəm. Şəhər Ob çayının sahilində yerləşir. (1926-cı ilə qədər Novonikolayevsk adlanan) Novosibirskinin əsası 1893-cü ildə qoyulub. Ərazisi 502,7 kvadrat kilometrdir. Əhalisi 1 milyon 618 min nəfərdir. Əhalisinin sayına görə Rusiyanın üçüncü ən böyük şəhəridir.
Azərbaycan-Rusiya dostluğu əbədidir
Şəhərin görməli, seyr etməli füsunkar, mənzərəli yerləri, tarixi abidələri, muzeyləri çoxdur. Amma buraya gəldiyim gündən qohumlarım, tanışlarım zooparka getməyimi məsləhət görürdülər. Getdim və həqiqətən də onların tərifləməyinə dəyərmiş. Rostislav Aleksandroviç Şilo adına Novosibirski Zooparkı Rusiyanın ən iri zooparklarından biridir. 63 hektar ərazini əhatə edən parkda 770 müxtəlif heyvanat aləmi mövcuddur ki, onlardan 350-sinin adı Beynəlxalq, 180-nin adları isə Rusiya və Reqonun Qırmızı Kitablarına salınan heyvan və quşlardı. Hər il bu zooparkı 1.500.000 nəfər adam ziyarət edir.
Aleksandr Nevski adına pravoslav kilsəsi, Mərkəzi Sibir Botanika bağı, Mərkəzi park, Novosibir muzeyi, Buqrinski körpüsü və bir çox başqa görməli, gəzməli yerləri insanda xoş təəssürat, xoş əhval-ruhiyyə yaradır.
Şəhəri gəzərkən, sanki özünü hansısa Orta Asiya və yaxud da Qafqaz respublikalarından birində hiss edirsən. Burada Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, həmçinin Çindən gələnlər çoxluq təşkil edir. Bazarlarda, baraxolkalarda (bizim “Sədərək”, “Binə” Ticarət Mərkəzinə oxşar) və başqa iri ticarət obyektlərində də alver edənlər əsasən həmin millətlərin (xüsusilə də qırğızlar və taciklərin) nümayəndələridir. Maraqlı burasıdır ki, bu respublikalardan daha çox qızlar və qadınlar qazanc dalısınca buraya gəliblər. Ərlərini, uşaqlarını öz ölkələrində qoyub gələnlər də az deyil. Gündüzlər müxtəlif işlərdə çalışan bu qadınlar axşamlar kafelərdə, barlarda kef məclisi qurur, çalıb-oynayırlar. Xüsusilə də qırğız qadınları spirtli içkiləri kişilərdən çox içirlər.
Qırğızlardan söz düşmüşkən, onların çox qəribə toy adətləri var. Bir qırğız toyunda iştirak etmək mənə nəsib oldu. Daha doğrusu, toy mərasimi bacım oğlunun restoranında keçirilirdi və marağımı nəzərə alıb, məni o dəvət etmişdi. 150 nəfərlik stol açılmışdı. Masanın üstünə əsasən meyvələr, şirniyyatlar, salatlar və adambaşına diri özbək çörəyi qoyulub. Toy adamlarının hamısı gəlib yerlərini tutsalar da, heç kim yeməyə əl vurmur (bizimkilərdən fərqli olaraq). Bəylə gəlin musiqi sədaları altında salona daxil olurlar. Onlar qohumlarının əhatəsində qonaqların oturduğu masalara yaxınlaşır, orada əyləşənlərə təzim edirlər. Bundan sonra, bəylə gəlin və onların qohumları aparıcının müşayiəti ilə yuxarı başa keçirlər, ayaq üstə qonaqların gətirdikləri hədiyyələri qəbul edirlər. Və maraqlısı budur ki, bəyin adamları həm hədiyyə alır, həm də qonaqlara hədiyyələr verirlər. Hədiyyələr də əsasən yaylıqlardan, parçalardan, şərflərdən, kişilərə isə qırğız papağından ibarət olur.
Toy teatrlaşdırılmış bir şəkildə davam edir. Oxuyan kim, şeir deyən kim, yarışan kim... çox təmtəraqlı, şən bir toy keçdi.
Toyun sonuna kimi, demək olar, masanın üstündəki yeməklərə əl vurulmadı. Ən sonda masaya at ətindən, qoyun ətindən (bu yeməkləri qırğızlar özləri bişirirlər) soyutma şəkilində yemək gəlir. bütün bu yeməklər bərabər şəkildə bölünüb, sollefon kuloklara yığılıb (meyvələr, salatlar, yeməklər hamısı bir yerdə) qonaqlara paylandı... Bax, toy beləcə başa çatdı. Allah xoşbəxt eləsin!
Mənə də həmin toydan bir qırğız papağı hədiyyə oldu.

İndi də öz toyumuz barədə

200 nəfərə yaxın qonağın qatıldığı toy mərasimi qardaşım oğlunun öz restoranında, “Maya semya” (Mənim ailəm) şadlıq evində baş tutdu. Azərbaycandan gələn gənc müğənnilərin iştirakı ilə çox möhtəşəm bir məclis keçdi. Bəyin, gəlinin, ağsaqqalların, ağbirçəklərin, eləcə də Azərbaycanımızın, azərbaycanlılarımızın şəninə sağlıqlar deyildi, alqışlar səsləndi.
Biz də öz növbəmizdə qardaşım oğlu Mehman bəyə, onun xanımı Əminəyə gözaydınlığı verdik, təzə ailə quran Renat bəyə və onun xanımına xoşbəxtlik arzuladıq. - Oğullu-qızlı olsunlar!

İndi isə Novosibirski şəhərində yaşayan azərbaycanlılar haqqında

Yazının əvvəlində qeyd etdiyim kimi, Rusiyaya səfərimin məqsədi əzizlərimin toy məclisində iştirak, Rusiyanı görmək, bir qədər də istirahət etmək idi. Ona görə də heç bir rəsmi qurumlarda olmadım, heç bir rəsmi şəxslərlə görüşmədim. Amma jurnalist marağı güc gəldi, yol qeydlərimi, bəzi soydaşlarımızın ölkəmizə, dövlətimizə və dövlətçiliyimizə sədaqətini görüb, onlar barədə azacıq da olsa söz açmağı lazım bildim.
Düzdür, Novosibirski şəhəri üzrə Azərbaycan Mədəni Muxtariyyatının rəhbəri Rasim Babayevlə zəngləşib görüş təyin etsəm də, onun burada yaşayan azərbaycanlılar arasında nüfuzunun o qədər də yaxşı olmadığını bilib, bu fikrimdən vaz keçdim.
Novosibirsk şəhərində 70 minə yaxın azərbaycanlı yaşayır. Onlar ən çox Lenin, Oktyabr, Dzerjinski, Birmay rayonlarında məskunlaşmışlar. Həmyerlilərimizin çoxusu burada tikinti, ticarət və yol tikintisi sektorunda çalışır. Şəhər iqtisadiyyatına sanballı investisiya qoyanlar da az deyil. Artıq həmyerlilərimiz bazar təfəkküründən uzaqlaşaraq, iri biznes sahələrinə yatırım edirlər. Xüsusilə də yol tikintisində, yollara asfalt-beton çəkilişində onların rolu böyükdür. Burada neçə-neçə iri asfalt-beton zavodları azərbaycanlı iş adamlarına məxsusdur. Şəhərsalma, yolların çəkilməsi, iri obyektlərin tikintisi və sair tenderlərdə iştirak edirlər. Qalib gəlir, şəhərin tikintisinə, abadlaşdırılmasına, iqtisadiyyatına böyük töhfələr verirlər.
Yolların çəkilişi ilə əsasən Zərdab rayonundan olan iş adamları məşğuldurlar...

“Ürəyim Azərbaycanla döyünür”

Rəfail Quliyev. Onunla qardaşım oğlunun restoranında tanış oldum. Səliqəli geyimi, oturuşu-duruşu, əxlaqı, danışığı məndə xoş təəssürat yaratdı. Öyrəndim ki, Zərdab rayonunun Əlvənd kəndindəndir. 2003-cü ildə münasib iş tapa bilmədiyi üçün Azərbaycandan Rusiyaya gəlməli olub. Bu barədə onun özü belə deyir:
- Bakıda evim var idi. Onu satıb, pulun bir hissəsini ailəm üçün qoydum, bir hissəsini də götürüb 2003-cü ildə Saratovda yaşayan qohumlarımın yanına getdim. Saratov şəhərinin vağzalında qohumlarım məni gözləməli idi. Hər yerə göz gəzdirdim, amma onlardan heç kim gözə dəymədi. Sözün doğrusu, bərk narahat oldum: hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Ağır düşüncələr altında vağzalda var-gəl etməyə başladım. Xeyli vaxtdan sonra qohumlarımdan biri gəlib çıxdı. Sanki gözlərimə işıq gəldi. Onunla birlikdə qohumlarımgilə getdim. Onların münasibətindən, rəftarından anladım ki, mənə iş tapan deyillər. Odur ki, Novosibirski şəhərinə getməyi qərara aldım. Burada həmyerlimiz, iş adamı Ağabala Səfərov mənə çox həyan oldu, köməklik göstərdi...
Əziz oxucular, yuxarıda deyilənlər sizdə Rəfail Quliyev haqqında sadəlövh, bacarıqsız, yazıq adam təəssüratı yaratmasın. O, işləyə-işləyə, xüsusilə də təşkilatçılığı, bacarığı sayəsində çox az bir müddətdə özünə karyera qurmağı bacardı. İlk növbədə, o, Novosibirski şəhər merinin oğlu Dmitri İvanoviç İndinukla, sonra isə onun vasitəsilə atası İvan İndinukla tanış olur. Məhz onun işgüzarlığını, bacarığını görən şəhər meri Rəfaili Koçniyov rayonundakı Neft Emalı Zavodunun direktoru Aleksandr Paymanovla tanış edir. Bax, bundan sonra, necə deyərlər, Rəfailin əsas işi başlayır: nəhəng bir zavodun bütün abadlıq işləri, təmiri, yolu onun şirkətinə həvalə olunur. 2005-ci ildən bu günədək rəhbərlik etdiyi şirkət neft emalı zavodunda fəaliyyət göstərir.
Rəfail Quliyevin şəhər meri, eləcə də zavodun direktoru ilə tanışlığı, dostluğu ona imkan verdi ki, şirkətin fəaliyyətini daha da genişləndirsin. Və bu etibarı və etimadı o, elə-belə qazanmamışdır. İlk növbədə işinə məsuliyyətlə yanaşması, halallığı və bacarığı sayəsində nail olmuşdur. Məhz bu keyfiyyətlərinə görə şəhərin müxtəlif yerlərində və müxtəlif obyektlərin, yolların tikintisi də onun şirkətinə həvalə olunurdu...
Rəfail müəllimlə birlikdə Novosibirski şəhərindən 70-80 kilometr aralıda yerləşən Maşkov rayonuna gedirik. O, burada görülən işlərlə məni tanış edir. Məhlələrarası meydançalarda sakinlərin və uşaqların dincəlməsi, oynaması, istirahət etməsi, idmanla məşğul olması üçün hər cürə şərait yaradılıb. Burada müxtəlif qurğular quraşdırılıb, meydança və yollara təzə asfalt döşənib.
- Bu işlərin hamısını bizim uşaqlar görüb, - deyə Rəfail Quliyev məlumat verir. - Bir az aralıda qaynaq edən, armatur hörən işçiləri göstərir. Onların arasında sizin də qohumlarınız var - deyir. İşləyənlərə yaxınlaşırıq. Qaynaq edən işçi başındakı kaskasını çıxarır. Tanıyıram. Qardaşım nəvəsi Dadaşdır (əsl adı Elmindir). Bir az aralıda isə təzəcə toyunu etdiyimiz onun qardaşı Renatdır. - Üzlərinə görə demirəm, həqiqətən də çox işgüzar, bacarıqlı uşaqlardı, - deyə Rəfail müəllim sözünə davam edir. - Onlar kollektivin gözüdür, dirəyidir. Hansı işi tapşırırsan, can-başla yerinə yetirirlər. Nə briqadir lazımdır, nə də nəzarətçi. İşi tapşır, gəl, yüksək səviyyədə təhvil al.
Rəfail müəllim sonra məni digər fəhlələrin işlədiyi yerə aparır. Ekskovator dərin bərə qazır, bir neçə fəhlə beton tökür.
- Rayonun kanalizasiya sistemini yenisi ilə əvəz edirik, - deyə o, məlumat verir. - Artıq işlər yekunlaşmaq üzrədir. Qar yağana kimi tamamlayacağıq.
Şirkətdə işləyənlərin əksəriyyəti azərbaycanlılardır. Yüksək maaş alırlar. Hamısı da Rəfail müəllimdən razılıq edir.
Evini satıb iş dalısınca gələn Rəfail müəllimin indi Bakıda, anadan olduğu Zərdab rayonunun Əlvənd kəndində, eləcə də Novosibirskinin bir neçə yerində evi, villası var. Bütün bunları o, işgüzarlığı, zəhmətsevərliyi ilə əldə edib. Onu rayonda hamı xeyriyyəçi kimi tanıyır. Elinə, obasına gedəndə həmişə kasıblara, kimsəsizlərə əl tutub, kömək edib. Kənd qəbiristanlığının yolunu abadlaşdırıb, burada namaz qılmaq üçün daldalanacaq tikdirib.
Rəfail müəllim həm də qayğıkeş atadır. Onun üç övladı var - 2 qızı, 1 oğlu. Qızlarının hər ikisi ali təhsillidir. Oğlu Nəcəf isə orta məktəbdə oxuyur.
- Gördüyünüz kimi, burada hər cür şəraitim var. Amma ürəyim həmişə Azərbaycanla döyünür. - Rəfail müəllim qəribsəmiş halda bildirir. - Mən ölkəmizi, dövlətimizi, elə dünyaya göz açdığım kəndimizi çox sevirəm. Odur ki, hər il qış düşəndə, işlər səngiyəndə Azərbaycana gedirəm. Bakıda, kəndimizdə ailəmlə istirahət edirəm.
Rəfail müəllimə və onun timsalında ölkəmizin başını uca edən bütün soydaşlarımıza uğurlar arzulayıram!
***
Onlarla fəxr etməyə dəyər

Şəkildə gördüyümüz bu iş adamlarının hərəsi bir şirkətə başçılıq edir. Hamısı haqqında, rəhbərlik etdikləri kollektiv barədə ancaq xoş sözlər eşitdim. Ölkəmizdə aparılan abadlıq-quruculuq işlərini, iqtisadi inkişafı izlədiklərini, vətənimizlə qürur duyduqlarını bildirdilər. Torpaqlarımızın işğal altında olması onları da bərk narahat edir. Deyirlər ki, əgər müharibə olarsa, həmin anda xalqımızın, millətimizin yanındayıq. Bəli, belə oğullarla fəxr etməyə, qürur duymağa dəyər.
Malik Vahabov - Lerik rayonu
Şahlar Aslanov - Lerik rayonu
Seymur Rəhimov - Ucar rayonu
Fikrət Mirzəyev - Lerik rayonu
Nadir Soltanov - İsmayıllı rayonu
Elşad Həsənov - Ucar rayonu
Omarbek Omaraliyev - Özbəkistan

Son söz əvəzi

Biz Rusiyanın bir çox şəhər və kəndlərində yaşayan soydaşlarımızın qonağı olduq. Hamısından gözəl münasibət, hörmət, qonaqpərvərlik gördük. Ölkəmizin, elimizin, obamızın adət-ənənələrini, istiliyini qoruyub saxlayıblar.
Əksəriyyəti özlərinə lazımi şərait yaratsalar da, ev-eşik, hörmət-izzət sahibi olsalar da, onların gözlərində, üzlərində bir nisgillik, qəriblik hiss edilir. Vətən, torpaq həsrətini, doğmalarından, əzizlərindən ayrı qərib ölkədə yaşamalarının təşnəsini həmyerlilərinin kafe-restoranlarına yığışıb dərdləşməklə, danışıb-gülməklə, zarafatlaşmaqla unutmağa çalışırlar.
Qeyri-rəsmi məlumata görə, bu gün 3 milyona yaxın soydaşlımız xarici ölkələrdə yaşayıb işləyirlər. Onların böyük bir hissəsi məhz Rusiyanın payına düşür. Burada çalışan azərbaycanlılar bu ölkənin iqtisadiyyatına sanballı yardım etməklə bərabər, doğma vətənimizdə yaşayan ailələrinə, qohum-əqrəbalarına da hər cürə yardım edir, köməklik göstərirlər. Son vaxtlar Azərbaycanla Rusiya arasında yaranan xoş və isti münasibətlərdən onlar da məmnundurlar. Çünki belə münasibətlər onları burada yaşayıb, daha səmərəli və böyük işlər görməyə sövq edir.
Bugünkü Rusiya məndə hansı təəssüratı yaratdı? Doğrusunu deyim ki, 30 il bundan əvvəl gördüyüm Rusiya ilə bugünkünün arasında elə bir fərq hiss etmədim, elə bir yenilik, müasirlik görmədim. Avtomobil və tramvay yolları bərbad haldadır. Tramvay və troleybusları köhnə, sınıq-salxaq vəziyyətindədir. Mağazalarda, ictimai-iaşə obyektlərində xidmətin səviyyəsi çox aşağıdır. Satıcılar müştərilərlə kobud rəftar edirlər və s.
Bəzi xoşagələn, əxz olunası məqamları da qeyd etmək lazımdır. Məsələn, burada sürücü mədəniyyəti çox yüksəkdir. Piyada keçidinə yaxınlaşan kimi maşınlar dayanır, piyadaların keçməsinə imkan yaradırlar. Sürücü maşınla bir yoldan digərinə keçmək istəyəndə, dönmə işığını yandıran kimi, arxadan gələn maşınlar həmin anda ona yol verirlər. Şəhərdə bir dəfə də olsun siqnal səsi eşitmədim.
Bir məsələyə də toxunmaq istəyirəm. Məndə belə təəssürat yarandı ki, Rusiyada yaşayan həmyerlilərimiz imana, inama daha yaxındılar, nəinki ölkəmizdə. Novosibirski şəhərində üç iri məscid fəaliyyət göstərir. Aşura günündə o məscidlərdən birində olduq. Adam əlindən tərpənmək mümkün deyildi. Şərq memarlığı üslubunda tikilən bu ibadət evinin yanında mədrəsə inşa olunurdu. Məscidin axundu bildirdi ki, tikinti könüllülərin ianəsi hesabına həyata keçirilir. Başa çatdıqdan sonra burada dindarlara ilahiyyətdən dərs deyiləcək. Axund onu da qeyd elədi ki, Aşura gününədək hər gün burada ehsan verilib.
Biz məsciddə olan gün, həmin ərəfədə avtomobil qəzasında dünyasını dəyişən bir soydaşımızın nəşini vətənə yola salmaq üçün ianə toplandı. Dindarların dediyinə görə, burada xeyirxah işlər tez-tez həyata keçirilir.
Artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə çox az vaxt qalıb. Ürəyi, qəlbi elimizlə, obamızla döyünən, xalqının, millətiin başını uca edən Vətən Oğulları, Vətənin Vətəndaşları olun! Həmrəy olun! Qarşıdan gələn Həmrəylik gününüz, Yeni iliniz mübarək olsun! Yeni ildə yeni-yeni uğurlarla qarşılaşın! Tanrı sizi qorusun!

Xüsusi nömrəni hazırladılar:
Eynulla Umud,
Bəradər Səməndərli,
Elxan Teyiboğlu,
Buludxan Umudov.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi 15:21M.F. Axundov adına Mərkəzi Kitabxanada ulu öndər Heydər Əliyevin anım günü keçirildi 15:14Avtomobildə 45 kq at əti daşıyan şəxs saxlanılıb 12:00Mingəçevirdə aksizi olmayan naringi araqları aşkarlandı 11:58Bakıda mənzillərin qiyməti ucuzlaşıb - SƏBƏBİ açıqlandı 11:55Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib 11:51Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır 11:48Baş Dövlət Yol Polisi İdarəsi piyadaların təhlükəsizliyinin təmini üçün məlumatverici lövhələr hazırlayıb 11:44“Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin” 11:40UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub 11:37Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib 11:33Britaniyada seçkilərdə Boris Consonun partiyası qələbə qazanıb 11:29Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olundu 14:34Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək 14:26Piyada ölümlərinin artmasına səbəb nədir? - VİDEO 13:36Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir 10:53Məhərrəm Əliyev: Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır 10:38Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm 10:32Mixail Qusman: Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır 10:29Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Heydər Əliyevin anım günü münasibətilə paylaşım edilib 10:26Siçan ili kimin üzünə GÜLƏCƏK? - İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır? 10:22Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib 17:20Türkiyə Liviyaya hərbi kontingent göndərə bilər 17:12“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb 17:00“Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur 14:44“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 17:29Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir 16:49Azərbaycanlı turistlərin Gürcüstandakı xərcləri artıb 13:16"Moskviç"lərə yenidən maraq yaranıb - VİDEO 13:129 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür 13:09Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir (MÜSAHİBƏ) 12:51Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb 12:30Yevlaxda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib 12:18Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq 12:14İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..." 12:11Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi - Etiraz notası hazırlanır 12:08İş yerlərində bu qaydalara əməl edilməlidir - AQTA 12:04Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs tutulub - RƏSMİ 12:00Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb 11:37Parisdə “Normand dördlüyü” liderlərinin görüşü keçiriləcək - 3 ildən sonra 11:34Messi yeni rekord müəyyənləşdirib 11:30Günün qoroskopu: səbrinizi toplayın! 11:27Deputat: Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması neft sektorundan asılılığı sıfıra endirəcək 21:29Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib 21:27Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər 21:24Bakıda 5 yerdə bayram yarmarkası keçiriləcək 21:22Naməlum təyyarələr İranın hərbi düşərgəsinə hava zərbələri endirib 21:20Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb 21:19Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb 21:17Azərbaycanın ekologiya tarixində özəl gün - 650 min ağacın əkilməsi reallaşdı 18:03Yasamal rayonunda ağacəkmə böyük coşğu ilə keçirildi 17:54Deputat: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır 17:48Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər 17:46Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər 13:41Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: bu ayın sonundan... - Eskpert AÇIQLADI 13:37Əli Əsədovdan məktəblərlə bağlı QƏRAR 13:10DİN əməliyyat keçirdi: 12 nəfər saxlanıldı 13:07ABŞ rusiyalı haker üçün 5 milyon mükafat elan etdi 12:33Fatih Terimdən gözlənilməz qərar: 5 futbolçunu göndərir 12:292020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ? 12:25