Sizin reklam burada
Sizin reklam burada

Məqsədimiz Azərbaycan cəmiyyətinə nümunəvi tibbi xidmət göstərməkdir

Məqsədimiz Azərbaycan cəmiyyətinə nümunəvi tibbi xidmət göstərməkdir “Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycanın dövlət başçısı, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət və tibb müəssisələrinə inamını daha da artırır”.
Bu sözləri ötən gün Sabunçu rayonundakı 3 saylı Şəhər Kliniki Xəstəxanasının qəbul şöbəsinin terapevt həkimi Lətif Şıxəliyev bizimlə görüşüb söhbət edərkən dedi.
Tanıtma: Lətif Ataş oğlu Şıxəliyev 1959-cu ildə Sabirabad rayonunun Mürsəlli kəndində dünyaya təvəllüd tapıb. 1976-cı ildə orta məktəbi bitirib, Azərbaycan (o vaxtkı N.Nərimanov adına) Dövlət Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsinə qəbul olub. 1982-ci ildə ali təhsili başa vurub və elə həmin ildən ixtisası üzrə müxtəlif tibb ocaqlarında çalışmağa başlayıb. Hazırda isə 3 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında qəbul şöbəsinin terapevt həkimi işləyir. Özünün dediyi kimi, ilk əmək fəaliyyətinə Birləşmiş Neftçilər Xəstəxanasında başlayıb.
Söhbət zamanı Lətif həkimlə olanlardan-keçənlərdən danışdıq, Azərbaycan Səhiyyəsinin ötən illərlə bugünkü vəziyyətini müqayisə etdik. Müsahibim xüsusi olaraq vurğuladı ki, bir çox sahələrlə yanaşı, ölkəmizin səhiyyə sistemi son illər yüksək inkişaf yolu keçmiş, dünyanın qabaqcıl ölkələrinin səhiyyəsi ilə uyğunlaşdırılaraq bu istiqamətdə bir sıçrayış əldə edilmişdir: - “Xəstəxanalarımız müasir qaydada təmir olunub, maddi-texniki baza möhkəmləndirilib, yeni tibbi inventarlarla, aparaturalarla və hər cür dərman təchizatı ilə tam təmin olunub, ixtisaslı tibb personallarının sayı artırılıb ki, bütün bunlar Azərbaycan cəmiyyətinin sağlam həyatlarının təminatına xidmət edir”.
Lətif həkim dediklərinin həmçinin çalışdığı 3 saylı Şəhər Kliniki Xəstəxanaya bilavasitə şamil olunduğunu da dilə gətirərək qeyd etdi ki, ayrı-ayrı xəstəliklərlə bağlı palatalarda müalicə alan xəstələrə burada yetərincə yüksək tibbi xidmət olunur. Qidalanmaya gəlincə, müsahibimiz bunun tam sanitar-gigiyenik tələblər səviyyəsində həyata keçirildiyini vurğuladı. O, yeri gəlmişkən qeyd etdi ki, təcrübəli tibb mütəxəssisi, tibb elmləri namizədi Fikrət Zeynalov sözügedən xəstəxanaya baş həkim təyin olunandan burada ümumi atmosfer pozitiv xətt üzrə tam dəyişib, kollektiv yetərincə formalaşıb - sağlamlaşıb, həkim-pasiyent münasibətləri, müalicə-profilaktika məsələləri keyfiyyətcə yüksək mərhələyə qədəm qoyub. Hazırda icbari-tibbi sığortanın tələbləri istiqamətində hazırlıq işləri aparılmaqdadır.
- Doktor, sizdə qəbul əsasən hansı müalicəvi xidmətlər üzrə aparılır?
- Əsasən nevroloji, kardioloji, endokrinoloji xəstələrin terapevtin qəbulu həyata keçirilir. Bunun üçün terapevtik - reanimasiya şöbəmiz var. Qəbula müraciət edən pasiyentlər üçün lazım olan bütün müasir tibbi aparaturalarımız mövcuddur və tam fəaliyyətdədir.
Müsahibim söhbət zamanı xəstəxananın daha əvvəlki illərinə ekskurs edərək, hələ ötən əsrin ortalarında, 1942-43-cü illərdə Böyük Vətən Müharibəsi dövründə buranın hərbi hospital olduğunu dilə gətirərək qeyd etdi ki, sonralar sözügedən xəstəxana palata-yataq sayına görə respublikada ikinci tibb ocağı sayıldı. Yəni, vaxtilə burada 1300 yerlik xəstəxana olub. Sovet hakimiyyətinin süqutu başlayan dövrlərdə - 1980-ci illərin sonlarında ümumi vəziyyət kəskin dərəcədə pisləşdi; dərman təchizatı azaldı, qidalanma olmadı, xəstəxana bərbad vəziyyətə düşdü və nəticədə xəstələrin də sayı azalmağa başladı. Nəhayət, xəstəxana 1300 yerlikdən 550-ə endi. Hazırda xəstəxanada, bayaq qeyd etdiyim kimi, ümumi atmosfer yüksək səviyyədədir; xəstələrə hər cür nümunəvi tibbi xidmət göstərilir və çalışırıq ki, hər hansı bir narazılıq yaranmasın. Bütün korpuslar tam təmirdən çıxıb, aparaturalar müasir tələblər səviyyəsində və tam işlək vəziyyətdədir. Rəhbər-kollektiv münasibətləri son dərəcə səmimi və sağlamdır. Məqsədimiz inkişaf etməkdə olan və erməni terroristləri üzərində möhtəşəm qələbə çalaraq, işğal altında olan torpaqlarımızı Ali Baş Komandanımızın, müzəffər Ordumuzun gücü, qüdrəti ilə azad edən Azərbaycan cəmiyyətinə, sağlam həyatları naminə nümunəvi tibbi xidmət göstərməkdir.
Bərabər Səməndərli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ