Sizin reklam burada
Sizin reklam burada

Deputat Razı Nurullayev: - Məhz, boşluqlar xidmət göstərən dövlət qurumları ilə abonentlər arasında narahatlıq yaratmaqdadır

Deputat Razı Nurullayev: - Məhz, boşluqlar xidmət göstərən dövlət qurumları ilə abonentlər arasında narahatlıq yaratmaqdadır Milli Məclisin yaz sessiyasının fevralın 23-də keçirilən iclasında müzakirə edilən bir çox məsələlərlə yanaşı, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında, "Su təchizatı və tullantıları haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə təqdim olundu.
Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verərək diqqətə çatdırdı ki, dəyişikliyə görə su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək. Sayğaclara qanunsuz müdaxilə edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.
Qanun layihəsi barədə danışan deputatlardan Razı Nurullayevin çıxışı daha çox diqqət çəkdiyindən çıxışı olduğu kimi təqdim edirik:
-Elektrik su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində aşkara çıxan problemlərin aradan qaldırılması təbii ki, çox vacibdi. Bu gün abonentlərlə işləyən dövlət qurumları çox çətinliklə üzləşməli olur və ümid edirəm ki, bu dəyişiklik onların işini asanlaşdıracaq. Biz gərək elə dəyişiklik nəzərdə tutaq ki, boşluq qalmasın. Məhz, boşluqlar xidmət göstərən dövlət qurumları ilə abonentlər arasında narahatlıq yaratmaqdadır.
Son günlər "Azəriqaz"la bağlı xeyli müzakirələr gedib və problemlərin aşkar edilməsi, eləcə də aradan qaldırılması yönümündə birbaşa iştirakçıya çevrilmişəm. Yüzdən çox abonentlə söhbətlərim oldu, şikayətlərini dinlədim. Amma deyilən problemlərlə bağlı əsaslı və müqayisəli çeklərin mənə təqdim olunması da baş vermədi. Zatən, bunu da "Azəriqaz"ın rəhbərliyi ilə bölüşdüm. Bu müddət ərzində qurum rəhbəri Ruslan Əliyevlə sıx təmaslarım oldu və konkret şikayətləri ona ünvanladım. Bir rəhbərə bir gündə 10-larla şikayəti yollamaq və bu bu qədər problemlərlə onu yükləmək nə qədər çətin olsa da, Ruslan müəllimə təşəkkür edirəm ki, bir dəfə də olsun narazılığını bildirmədən edilən müraciətlərin əksər hissəsini araşdırdı, onları şəxsən qəbul etdi və vətəndaşlara izahatlar verildi. Amma gərək şikayətlər də faktlara söykənsin. Keçən dəfə hörmətli həmkarım Azay Quliyev də bu barədə danışdı və ictimai şuranın yaradılmasının vacibliyini dilə gətirdi.
Şadam ki, bu məsələ operativ həll edildi və artıq ictimai şuranın "Azəriqaz"da yaradılması prosesinə başlanılıb. "Azəriqaz" rəhbərinin facebook sosial şəbəkəsində canlı yayımla abonentlərlə təmas qurub, problemləri birbaşa həll etməsini də təqdir edirəm və gözəl nümunə sayıram. Biz nə istəyirik? İstəyirik ki, vətəndaşlar razı qalsın və vəzifəli şəxs də onların problemlərini həll etməklə yanaşı, öz işini günümüzün tələbləri səviyyəsində qursun. Biz də bu məsələlərdən razı qalaq, vətəndaşlar da, dövlət də, hökumət də.
Deputat Razı Nurullayev: - Məhz, boşluqlar xidmət göstərən dövlət qurumları ilə abonentlər arasında narahatlıq yaratmaqdadır
Bəradər SƏMƏNDƏRLİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ