Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan çempionatlarında 12 000-ci qol

    Azərbaycan çempionatlarında 12 000-ci qol “Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan çempionatları tarixinə düşüb.
    Braziliyalı legioner yarışın 26 illik tarixində 12 000-ci qolun müəllifi olub. O, yubiley qolunu Premyer Liqanın VI turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.
    “Bakcell Arena”dakı görüşdə dubl müəllifi olan Dario hesabı açdığı topla 12 000-ci qola imza atıb. Bu görüşədək Azərbaycan çempionatları tarixində 11 999 qol vurulmuşdu. Nəticəsi ləğv olunan matçlar, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən, 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 12 003-ə çatıb.
    Darionun matçdakı ilk qolu həm də 2018/19 mövsümünün 50-ci topu olub. Əvvəlki 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11 950 qol vurulduğu üçün 50-ci top həm də 12000-ci olub.
    Premyer Liqasında 2018/19 mövsümünün ən böyük hesabı da qeydə alınıb. Bu, VI turun “Neftçi” – “Səbail” qarşılaşmasına təsadüf edib. 4:0 hesabı ilə qalib gələn meydan sahibləri cari mövsümdə dörd və ya daha çox top fərqilə qələbə qazanan ilk komanda olub.
    Mövsümün arxada qalan hissəsində qeydə alınan böyükhesablı nəticələrin hamısında 3 top fərqi gerçəkləşmişdi. “Qəbələ” “Səbail”i 3:0, “Sumqayıt” “Sabah”ı, “Qarabağ” isə “Qəbələ”ni eyni – 4:1 hesabı ilə üstələmişdi. Qeyd edək ki, “Neftçi” “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”dan sonra böyükhesablı qələbə qazanan 4-cü komanda olub. “Səbail” isə 2-ci dəfə ağır məğlubiyyət almaqla “Sabah” və “Qəbələ”ni keçib.
    Bundan başqa, Premyer Liqanın 2018/19 mövsümündə ilk avtoqol qeydə alınıb. Bu, VI turun “Sumqayıt” – “Zirə” (1:0) matçına təsadüf edib. Meydan sahibləri 3 xalı paytaxt təmsilçisinin müdafiəçisi Adil Nağıyevin topu öz qapısından keçirməsi hesabına qazanıb. Mövsümün əvvəlki 23 görüşündə avtoqol qeydə alınmadığı üçün Nağıyev ilk uğursuz olub.
    Ümumilikdə isə “Zirə”nin futbolçuları Premyer Liqa tarixində 3-cü dəfə avtoqola üzülüblər. “Sumqayıt” isə 7-ci dəfə rəqib qoluna şahidlik edib. Bu, “Zirə” və “Sumqayıt” arasında duellərdə 3-cü avtoqoldur. 2015/16 mövsümündə Cəmil Hacıyev (“Sumqayıt”), ötən çempionatda isə Jozef Bum (“Zirə”) belə uğursuzluq yaşayıb.
    Qeyd edək ki, “Sumqayıt” – “Zirə” görüşündə qol ilk olaraq “Sumqayıt”ın üzvü Atilla Yıldırımın aktivinə yazılsa da, oyunun baş hakimi Vüqar Həsənlinin Peşəkar Futbol Liqasına ünvanladığı raporta əsasən matçın yekun protokolunda dəyişiklik edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ