
Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib.
Xatırladaq ki, 2019-cu ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Vergilər Nazirliyinin bir sıra Ərazi Vergilər İdarələrində pozuntu aşkar edib.
Bildirilib ki, 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntuları araşdırılır:
2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimov vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldıb. Həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.